Hər səhər işə başlamazdan əvvəl redaksiyakı iş otağımızı havalandırmaq, axşamdan bağlı qalan otağın havasını təmiz hava ilə dəyişmək istəyirik. Pəncərəni açmağımıza peşman oluruq, maşın siqnalları insanı kar edə biləcək dərəcədə çox olur. Kor-peşman pəncərəni bağlayıb kondisioneri qoşuruq. Məsələn, elə bu yazını yazarkən də pəncərəmiz bağlı, kondisionerimiz işlək vəziyyətdədir, hava kifayət qədər sərin olmasına baxmayaraq, biz bayırdan təmiz hava qəbul etmək yerinə kondisioner havası qəbul edirik. Redaksiyamızın yerləşdiyi küçədən keçən maşınlar sözləşmiş kimi hamısı eyni vaxtda siqnal basırlar. Əslində, bu tək bizim yox, bütün iş yerlərinin, evlərin – bütün insanların problemidir. Küçədə siqnalı dayanmadan basıb evə gələndə səs-küydən balkona çıxa bilmədiyindən şikayətlənən vətəndaş, elə sənin də problemindir.
Maraqlıdır, avtomobili olanlar, avtomobil idarə edənlərin hamısı siqnal vermək məcburiyyəti və qadağası olan vəziyyətləri bilirmi? Maşının siqnalını basmaq üçün saysız-hesabsız bəhanələr tapanlar bunu etməmələri lazım olduğunu bilmirlər? Onlar ətrafdakıları nə qədər narahat etdiyini dərk etmirmi? Yaratdıqları səs-küyün, narahatlığın insan sağlamlığına mənfi təsir edəcəyini düşünmürmü?
Həm səbirsizdir, həm də mədəniyyətsiz…
Problem həm də ikibaşlıdır. Yəni, həm siqnal mədəniyyətsizliyi var, həm də qanunsuzluq. 1-cisi odur ki, avtomobildə quraşdırılmış siqnaldan qadağan olan ərazilərdə lazım olmadığı hallarda basan çox sayda sürücü var. 2-ci hal isə odur ki, həm lazım olmadığı halda siqnal basan, həm də qanunla qadağan edilmiş standartdan kənar siqnal quraşdırıb basan var. Problemin hər ikisi narahatlıq yaradır.
Həm yollarda, həm də yaşayış məntəqələrində gərginliyə səbəb olan siqnal mədəniyyətsizliyi qanunla hər hansı bir formada cəzalandırılırmı? Azərbaycanda yol hərəkəti haqqında qəbul edilmiş qaydalara görə yaşayış məntəqələrində sürücülər siqnaldan yalnız yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün istifadə edə bilər. Bu halda səs siqnalı başqa hərəkət iştirakçılarının diqqətini cəlb etmək, onları daha diqqətli olmağa səsləmək funksiyasını oynayır. Yaşayış məntəqəsindən kənarda səs siqnalı əlavə olaraq ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda verilə bilər. Deməli, sürücü, yaşayış məntəqəsində yalnız qəza halının qarşısını almaq üçün, yaşayış məntəqəsindən kənarda həm qəza halının qarşısını almaq üçün, həm də ötmə barədə başqa sürücülərə məlumat vermək üçün siqnala basa bilər.
Maraqlıdır, bunu ölkəmizdə sürücülük vəsiqəsi olan nə qədər adam bilir? Yaxud, 3.26 nömrəli nişanı nə qədər sürücü tanıyır? Bu nişanın mənasının “səs siqnalı vermək qadağandır” olduğunu bilən neçə sürücü var?
Yəqin maraqlıdır, sürücülər siqnaldan niyə bu qədər istifadə edir?
Birincisi, bu, bir növ salamlaşma üsuludur. Yolda, küçədə, hansısa evin qarşısından keçəndə, hansısa obyektin, iş yerinin qabağında dostunu-tanışını görəndə siqnalın üstünə çıxan sürücülər bununla tanışına salam vermiş olur.
İkincisi, işıqforda dayanan qabaqdakı sürücünü tələsdirmək məqsədi ilə verilir. İşıqfor qabaqdadır, sağdadır, hamının görüdüyü hündürlükdə və böyüklükdədir. Əgər arxadakı sürücü onun hələ də qırmızı olduğunu görürsə, israrla yenə siqnal verirsə və bu cür insanlar paytaxtımızda minlərlədir, o zaman o, üzr istəyirəm, mədəniyyətsizin lap böyüyüdür.
Üçüncüsü, yol istəmək məqsədi ilə dayanmadan siqnal verənlər də var. Yol, məhdudiyyətli görmə zonasıdır, qarşında 50 metr məsafəni görürsən və qaydalara görə belə olan halda ötmə əməliyyatı icra etmək olmaz. Arxadakı avtomobilin sürücüsü bu yol şəraitini gördüyü halda israrla sizdən yol istəyir. Bu israrının səbəbi də mənzil başına 2 dəqiqə daha tez çatmaqdır. Mənzilə çatmaq yerinə qəzaya düşənlərin sayı qəza statistikasında özünü göstərir.
Dördüncüsü, çoxmərtəbəli binanın həyətində avtomobildə gözləyib yuxarı mərtəbədəki yaxınını, ailə üzvünü tələsdirmək məqsədi ilə siqnal verənlər də var. Belə hallarda telefon zəngi, mesaj kimi ünsiyyət yolları yerinə başqalarının rahatlığını pozaraq siqnal vermək necə, mədəniyyətli adam işidir?
İt, pişik, uzunqulaq səsi çıxaran siqnallar
Avtomobil siqnalları ilə bağlı başqa bir böyük problem də bəzi şəxslərin öz avtomobillərinə standartlardan kənar siqnallar quraşdırması və ondan istifadəsi ilə bağlıdır. Belə ki, avtomobilinə ip-pişik səsi, filmlərdən frazalar, fərqli səslər quraşdırıb siqnal kimi istifadə edənlər də çoxdur. Bu da başqalarının rahatlığını pozmaqla yanaşı, olduqca qeyri-mədəni davranışdır və kobud qayda pozuntusudur.
Qeyd edək ki, nəqliyyat vasitələrinin hər biri üçün xüsusi səs standartı var. Bu standartlar qanunla tənzimlənir, siqnalın səsi və gücü müəyyənləşdirilir. Siqnal bir tipli olmalı, avazı dəyişməməlidir. Buna monofonik səs sistemi deyilir. Qanunlarımız polifonik, yəni birdən çox avazdan, səsdən istifadə edilən siqnalların quraşdırılmasını qadağan edir. Polifonik səs siqanlı yalnız operativ nəqliyyat vasitələrində quraşdırılır.
Operativ nəqliyyat vasitələri – yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.
Qeyd edək ki, hətta operativ nəqliyyat vasitələrinə qoyulan xüsusi çoxavazlı səs siqnallarının da konkret standartı olur. Bu standartlarda həm səsinin icazə verilən maksimum gücü təyin edilir, həm də sirenanın tipi nəzərdə tutulur.
Qanunlar səs siqnalı vermə qaydalarını pozmaya görə cərimə tətbiq edir. İnzibati Xətalar Məcəlləsinin 151-2.2-ci maddəsi nəqliyyat vasitəsində mövcud olan standarta uyğun səs siqnalından qaydaları pozmaqla istifadəyə görə, yəni yaşayış məntəqəsində qəza halından başqa siqnal verərsə, yaşayış məntəqəsindən kənarda isə həm bu hala, həm də zəruriliyi məcbur olduqda ötmə halından başqa digər hallarda siqnal verərsə sürücü 30 manat cərimə edilir.
Əgər digər formada qanun pozularsa, yəni avtomobilə standartdan kənar siqnal quraşdırılarsa o zaman sürücünü İXM-in 155.7-ci maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimə gözləyir. Cərimənin tətbiqindən sonra siqnal sökülərək müsadirə edilməlidir. Əgər yerində sökmək mümkün deyilsə, o zaman avtomobil cərimə meydançasına göndərilir. Orada siqnal söküldükdən sonra avtomobil sahibinə geri qaytarılır.
Siqnal mədəniyyətdir, sürücünün ən əvvəl özünə, sonra yaxınlarına, daha sonra da çevrəyə, mühitə, insanlara göstərdiyi mədəniyyət. Hər birimiz yaxşı bilirik yollarda lazımsız siqnal basanlara qarşı münasibəti, edilən həqarətləri, söyülən söyüşləri. Dəyərmi?
Lalə Mehralı