Yeni ilin gəlişi hər birimiz üçün əhval-ruhiyyə dəyişikliyidir. Bayram üçün geri sayım başlayıb axı… Əhvalımızdakı dəyişiklik mətbəximizə də yansımalıdır.
Yolkalı ev formasında şirniyyatın hazırlanma qaydasını təqdim edirik:
Tərkibi:
250 q bal
200 ml qaynar su
3 yumurta
1 st. şəkər tozu
1,5 st. şəkər pudrası
1 ç.q. soda
1 x.q. limon şirəsi
100 q kərə yağı
600-800 q un
ədviyyat:
1 ç.q. darçın
0,5 ç.q. zəncəfil
0,5 ç.q. muskat cevizi
1 paket vanil
50 q bitki yağı (yağlamaq üçün )
bəzək:
şokolad
sarı marmelad
Xəmir: iki yumurtanın ağını sarısından ayırın (ağları soyuducuya qoyun), yumurta sarıları və 1 bütöv yumurtanı şəkər tozu ilə eynicinsli kütlə alınanadək çalın, ədviyyatı, vanili, sodanı və limon şirəsini əlavə edib köpüklənincə çalın.
Balın üstünə qaynar su töküb qarışdırın, soyudun, əvvəlcədən hazırladığınız yumurtalı kütləyə tədricən, çala-çala əlavə edin. Sonra az-az un əlavə edib qarışdırın. Unun qədərini özünüz nizamlayın, xəmir nə çox bərk, nə çox yumşaq olmalıdır. Xəmir ələ yapışmayan hala gələndə üzərinə dəsmal çəkib bir kənara qoyun.
15 dəqiqə sonra yastı sinini bitki yağı ilə yağlayın, xəmiri içinə qoyub yayın. 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Göstərilən ərzaqdan iki iri korj alınır.
Çalışın, korjlar çox qurumasın. Sobaya qoyduqdan 10 dəqiqə sonra yoxlayın, əgər hazır deyilsə, üzəri azca qızaranadək gözləyin.
Kağızdan şablonlar kəsin, onlar 3 ədəd olacaq: dam – 10×18, kənarlar – 12×16, böyür 12×12, fronton: üçbucağın hündürlüyü 6 sm (fotoda üçbucaqlı damın detalı).
Birinci korj hazır olan kimi soyutmadan şablonu üzərinə qoyub 3 detal kəsin. İkinci korju da eyni qayda ilə bölün.
Bu minvalla 6 detal alınır.
Korjların qalanından müxtəlif fiqurlar kəsin.
Qlazur: yumurta ağlarını şəkər pudrası ilə eynicinsli kütlə alınanadək çalın.
Evciyi yığmadan öncə qapı-pəncərəni düzəltmək lazımdır, belə daha rahatdır. Pəncərələri sarı marmeladdan düzəldin (kvadratlara bölün, üzərinin şəkər tozunu yuyun, qlazurun köməyilə korja yapışdırın). Qapını tünd şokoladdan hazırlayın (kvadratlara bölün, qlazurun köməyilə korja yapışdırın).
Sonra konditer şprisinə qlazur doldurub ətrafını naxışlarla bəzəyin.
Detalların kənarlarına qlazur çəkərək səliqə ilə “evi” birləşdirin.
Sonra üst hissələrin kənarlarına qlazur çəkərək “damı” bərkidin, üzərinə tamamilə qlazur çəkin (guya qar yağıb), korjdan baca düzəldib yapışdırın, “sırsıralar” düzəldin və s.
İndi baxaq görək nə alındı: bu, giriş qapısıdır.
Bu, zalın pəncərəsidir.
Bu isə mətbəxin.
Bura da pis alınmayıb.
Şaxta işini görüb: sırsıralar sıralanıb.
Milli.az