geyim

Siyasətçilərin qalstuk sevgisi və nifrəti barədə bilmədiklərimiz

Baxış sayı: 1. 747

Qalstuk müasir kişilərinin vazkeçilməz geyim aksesuarı sayıla bilər. Amma qalstuku qarderobundan tamamən kənarlaşdıranlar da az deyil. Bu, xüsusən tanınmışlar arasında özünü göstərir. 

Qalstukun Avropa mədəniyyətinə gəlişi 17-ci əsrin ortalarına təsadüf edir. Belə ki, 1635-ci ildə 30 illik müharibə dövründə, Fransa Kralı XIII Luis üçün döyüşən 160 minə yaxın legioner arasında bir qrup əsgər var idi ki, onlar geyimlərindəki bir elementə görə digər döyüşçülərdən fərqlənirdilər. Xorvatiyadan olan bu əsgərlərin boğazlarına bağladıqları dəsmallar kralın diqqətini cəlb etmişdi. Müharibə bitdikdən sonra Parisə qayıdan həmin cəngavərlər kralın hüzuruna gətirilir. Onların boynundakı rəngli dəsmallar kralın o qədər xoşuna gəlir ki, boğazına dəsmal bağlayan əsgərlərdən ibarət alay yaradır. Bu alayın adı isə “croat” yəni “xorvat” olur.

Bundan sonra qalstuk fransız elitası arasında geniş yayılır. Daha sonra bu dəb İngiltərədə də populyarlaşır. Əvvəllər qalstuk elə möhkəm bağlanırdı kı, insanlar başlarını belə çevirə bilmirdilər. Ilk vaxtlarda Fransada qalstuku 5 formada bağlamaq mümkün idisə, hazırda bu rəqəm 200-ə yaxındır. Müasir dövrümüzdə isə bu geyim aksesuarlarının əhatə dairəsi 70-ci illərdən sonra daha çox  genişlənib.

Göründüyü kimi, xarizmatik geyim növlərindən biri olan kostyumların ayrılmaz hissəsinə çevrilən qalstuklar yarandığı vaxtdan daim diqqət çəkib. Rəsmi geyim forması sayılan kostyumların ayrılmaz bir hissəsi olan qalstuk dövlət rəsmiləri, siyasətçilər və iş adamları tərəfindən daha çox istifadə olunur. Lakin bir çox müsəlman ölkələrində qalstuka münasibət heç də birmənalı deyil. Belə ki, qalstuk Qərb mədəniyyətinin nümunəsi sayıldığından 1979-cu ildə İranda istifadə olunması qadağan edilmişdi. 2010-cu ildə isə qonşu ölkənin mütəxəssisləri İslam dəyərlərinə uyğun qalstuklar hazırlamağa başlayıb.

Qalstukun ilk dəfə olaraq harada yaranması mübahisəlidir. Bəziləri onun qədim Misirdə meydana gəldiyini iddia edirlər. Bu iddianı isə ölkədə aşkarlanan bir tapıntıda çiyinə atılmış, sosial statusu müəyyənləşdirən həndəsi fiqur formasında parça kəsiyiilə əsaslandırmağa çalışırlar. Bəziləri isə ilk qalstukları qədim çinlilərin bağladıqları qənaətindədirlər. 1924-cü ildə amerikalı iş adamı Cessi Lanqsdorf tək və ideal qalstuk forması yaratdı. Bu, indiki dövrümüzə gəlib çıxan qalstukdur. 1960-cı illərdə qalstuklar bir az gözdən düşsə də, 1970-ci illərdə yenidən məşhurlaşdı.

Indi isə keçək qalstuku həyatından çıxaranlara. Doğrudur, dövlət qulluğunda olan şəxsdən ən böyük tələb səliqəli geyim tərzidir. Qanunla yazılı normalar, yaxud mətndə əks olunmayan ənənə geyimi (əgər kişidirsə – kostyum və qalstukda; əgər qadındırsa – ətək və pencəkdə) də özündə ehtiva edir. Məmurun ona riayət etməsi təkcə özünün qanuna itaətkarlığını yox, həm dövlətin vətəndaş qarşısında üzüağlığını isbatlamaq məqsədi güdür. Yəni bu, sadəcə, zövq məsələsi deyil. Bir çox hallarda bu, tələb kimi qarşıya qoyulur. Amma bəzən qanunvericilik qalstuk taxmağı qadağan edir. Məsələn, 2017-ci ilin iyul ayında Fransa Milli Məclisi deputatlarının parlament dinləmələrində pencək geyinməsi və qalstuk taxmasının məcburi olmadığı qənaətinə gəlib.

Yunanıstanın baş naziri Aleksis Çipras ile ilgili görsel sonucu

Yunanıstanın baş naziri Aleksis Çiprasın rəsmi görüşlərdə qalstuk taxmaması da ölkəsində müzakirələrə səbəb olub. Bir neçə il öncə Avropa Parlamentinin sədri Martin Şultsun bu ölkəyə səfəri zamanı ikitərəfli görüşdən sonra Aleksis Çipras onunla keçirdiyi mətbuat konfrasında da qalstuksuz olub. Çiprasın Avropadan gələn ilk qonağı olan M.Şultzla dialoqu da gündəmə çevrilmişdi. “Borcumuzu silin və ortaqlarımızla razılığa gələk. Söz verirəm qalstuk taxacağam” – deyə baş nazir qonağına bildirib. Şultz isə şərtlə razılaşdığını qeyd edib.

İtaliyanın baş naziri Matteo Rensi ile ilgili görsel sonucu

İtaliyanın baş naziri Matteo Rensi yunanıstanlı həmkarı Çiprası öz iqamətgahında qəbul edib. Bir saat davam edən görüşdən sonra baş nazirlər mətbuat konfransı keçirib və bu zaman Rensi Çiprasa qalstuk hədiyyə edib. Baş nazirin hətta rəsmi görüşlərə də qalstuksuz getməyinin səbəbi isə orta məktəbdə oxuduğu illərdən bəri qalstuku şablon sayması və ondan imtina edərək sistemə etiraz etməsi ilə bağlıdır. Digər tərəfdən isə onun qalstuk geyinməməsi insanlara xalqın içindən çıxmış lider olduğu mesajını verməkdir.

Amerikanın eks prezidenti Barak Obama ile ilgili görsel sonucu

Keçək, digər siyasətçilərə. Amerikanın eks prezidenti Barak Obamanı Amerikada sərbəst siyasi üslubun nümayəndəsi hesab edirlər. Məhz onun sayəsində siyasi xadimlər geyimdə özlərinə bir qədər sərbəstliyə icazə verirlər. Belə ki, Barak Obama qeyri-rəsmi tədbirlərə köynəyinin qollarını qatlamış vəziyyətdə, həm də qalstuksuz gəlirdi. Amma rəsmi tədbirlərdə onu hər zaman qalstukla görmək olurdu. Obama qalstuklarını adətən mavi rəngdə seçirdi. Amma Amerika siyasətçiləri üçün parlaq qırmızı qalstuk taxmaq ənənəsi geniş yayılıb.

İngiltərənin baş naziri Devid Kameron ile ilgili görsel sonucu

İngiltərənin baş naziri Devid Kameron da qalstukdan heç vaxt imtina etməyənlərdəndir. O, qalstuklarını da ingilis brendlərindən seçirdi. Parlaq göy və ya yaşıl rənglərə üstünlük verirdi.

Azərbaycanda isə qalstuku geyimlərinin sırasına daxil etməyənlər arasında deputat Nizami Cəfərov, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və Ümid Partiyasının sədri İqbal Ağazadə var.

YAP icra katibinin müavini Səyavuş Novruzov da nadir hallarda qalstuk taxanlardandır. O, daha öncə mediaya açıqlamasında bildirib ki, dövlət adamlarının kostyumlu görünüşünə etiraz etməsə də, mütləq şəkildə qalstuk taxmasına ehtiyac görmür. “Bu, siyasətçi üçün normal deyil. Buna ehtiyac yoxdur. Yəni bu insan zövqü ilə bağlı olan məsələdir. Doğrudur, bəzi ölkələrdə müəyyən normalar müəyyənləşib. Məsələn, Gürcüstanda səfirlər üçün müəyyən tədbirlərdə, bayramlarda geyinmək üçün milli forma hazırlanıb. Amma ümumən Azərbaycanda ”rəsmi geyim” məsələsi yalnız tövsiyə xarakterində ola bilər”.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir