8 mart

Siz güldən də incəsiniz…

Baxış sayı: 1. 879

Sabah 8 Mart – Beynəlxalq Qadınlar günüdür. Adətən onları xoşbəxt etmək, diqqət və hörmət əlaməti olaraq hədiyyə verirlər. Bu bayramda hədiyyələr arasında gül və ətir daha dəbdədir. 8 mart ərəfəsi gül, ətir, suvenir mağazalarında canlanma hiss olunur.

Bir çox yerlərdə 8 mart, eləcə də, Novruz bayramı ilə bağlı çadırlarda yarmarkalar da təşkil ediblər. Belə satış çadırlarından bir neçəsinə “28 May” metrostansiyası yaxınlığında rast gəlmək olar. Metronun “28 May” stansiyasının yanındakı yarmarkada gül satışı ilə məşğul olan Kənan Hüseynov “Ekspress”ə bildirib ki, güllərdən ən çox satılan qızılgüllərdir: “Qızılgülün dənəsi 4 manatdır. Qızılgüldən buket kompozisiyası 25 manat, səbətdə isə əlavələrlə birlikdə 30-35 manata başa gəlir. Bir xanımı normal təbrik etmək üçün ətri ilə birlikdə 50 manat pul lazımdır”.

Əvvəlki illərlə müqayisədə gül alverinin zəiflədiyindən şikayətlənən satıcı deyir ki, bayramqabağı olsa da, canlanma yoxdur: “Gələnlər elə hədiyyə istəyirlər ki, ucuz başa gəlsin. Onlara qarışıq, çəmən çiçəklərindən ibarət səbət təklif edirik. Belə səbətlər 15 manatadır. Həm qiyməti münasibdir, həm də gözəl görünür. Liliyanın dənəsi 7 manat, çobanyastığı 2 manat, Zanbaq 2 manatadır. Ən çox satılanlar arasında Nərgiz gülüdür  – dəstəsi 1 manat”.

K.Hüseynov qeyd edir ki, qadınlara 8 Mart hədiyyəsi kimi daha çox dibçək güllərini alırlar: “Dibçək güllərindən ən çox orxideya, antilium, spatifilyum (qadın xoşbəxtliyi) alırlar. Orxideya 30 manata, antilium 25 manata, spatifilyum 20 manatadır. Dibçəklərdən azalya 15 manata, qartenziya 25 manat, quzmania 20 manat. kalanxoy 6 manat, liliya 20 manatdır”.

Onun sözlərinə görə, gənc xanımlar üçün 8 mart hədiyyəsi kimi yumşaq oyuncaqları seçənlər də olur: “Yumşaq ayıların qiyməti 10 manatdan 100 manata qədər davam edir. Ayıların qiyməti ölçülərindən asılıdır. Ən böyüyü ən bahalısıdır”.

Xanımlara hədiyyə üçün suvenir alanlar da az deyil: “Suvenirlərin qiyməti 4 manatdan 15 manata qədərdir”.

Satıcı məsləhət görür ki, gülləri aldıqdan sonra onları sərin yerdə saxladıqda, gec solar. Dibçək güllərinin isə yaşaması üçün sevgiyə ehtiyacı var.

Psixoloq Ramil Nəcəfli  deyir ki, əlamətdar günlərdə xanımlara adətən müxtəlif məzmunlu hədiyyələr verirlər: “8 martla bağlı hədiyyə alış-verişi davam edir. Hədiyyə vermək tarix boyu insanların qarışıqlı münasibətlərində çox önəmli yer tutan mövzudur. Bu, dəyər verdiyimiz insanlara qarşı bir növ bizim diqqətimiz, həssas yanaşmağımızdan irəli gəlir”.

8 mart

Nəcəfli qeyd edir ki, hədiyyə almağı hamı xoşlayır: “Xüsusən də qadınlar hədiyyə almaqdan sevinc hissi duyarlar. Hədiyyəni aldığı zaman qadını xoşbəxt edən, onu sevindirən məhz dəyərli olduğunu hiss etməkdir. Onun özünə qarşı olan diqqətin və qayğının olmasını görməkdir. Bu, qadının həyatına bir məna qatır. Eyni zamanda, qarşılıqlı münasibətdə olduğu insanın ona verdiyi dəyəri və münasibətinin çəkisini, dərəcəsini anlamış olur. Təbii ki, qadın burada anlayır ki, hədiyyənin böyüklüyü xoşbəxtliyi, sevindiricilik dərəcəsini daha da artırır. Ən azından qadın üçün vacib olan hədiyyənin verilməsinin özündəki simvolikadır. Yəni qarşı tərəf bu qadını nəzərə alır, onu düşünür, fikirləşir, onunla bir yerdədir, onu hiss edir. Eyni zamanda, hədiyyəni verən adamın kim olması önəmlidir”.

Hədiyyə almaq həm də kişi tərəfindən qadının seçilməsidir. Kişi qadına hədiyyə verərkən ona hiss etdirir ki, onun üçün vacib adamdır, dəyər verir, ona hörmətlə yanaşır.

Psixoloq vurğulayır ki, çoxu qadını il boyu sevməyin, hədiyyə verməyin lazım olduğunu deyir: “Bu, öz yerində. Amma 8 mart qadınlar bayramında qadınlara xüsusi yanaşmaq lazımdır. Həmin tarixi unutmaq olmaz. Həssas məqamdır. Hədiyyə verməyin anlamı həm də ondan ibarətdir ki, bu adama hörmətini və sevgini ifadə edirsən. Bəzən olur ki, qadın gözləmədiyi, istəmədiyi adamdan hədiyyə alırsa, bu, onu sevindirmək əvəzinə qıcıqlandırar, əsəbiləşdirər. Qadın bu hərəkətə sərt reaksiya verə bilər. Xanımlar umduğu, gözlədiyi insandan hədiyyə aldıqda daha çox xoşbəxt olur”.

Qeyd edək ki, müxtəlif xalqlar güllərə fərqli yanaşır və hər bir gül nəyisə simvolizə edir. Bir çox ölkələrdə ən məşhur gül qızılgül sayılır. Bu gül sevgi və gözəlliyi simvolizə edir. Xüsusilə də Bolqarıstanda bu güllər çox məşhurdur. Bolqar rəssamlar adətən öz əsərlərində bu gülləri təsvir edirlər. Bəzi ölkələrin gerbləri isə qızılgüllərlə bəzədilib. Qızılgül həm də ən çox alınan güllərdəndir.

Lotus gülü isə Hindistanın rəmzi hesab olunur. Bu güllər rəssamların əsərlərində, tikililərin sütünlarında və məbədlərdə təsvir olunur. Hindistanın xanımları bu çiçəklərlə saçlarını bəzəməyi xoşlayırlar. Hesab olunur ki, bu güllərin müalicəvi əhəmiyyəti var. Ona görə də hindistanlılar bu güldən çox istifadə edirlər.

Elə ölkələr var ki, orada güllərə xüsusi yanaşırlar. Güllərlə bağlı bir sıra əfsanələr, adət-ənənələr var. Yaponiyada sakura çiçəyi çox məşhurdur. Yaponiyada bu gülə hər yerdə rast gəlmək olar. Sakura gülünün açması yaponlar üçün vacib bir hadisədir. Yaponlar ailəsi, iş yoldaşları, tanışları və qohumları ilə yığışıb bu güllərin açmasına tamaşa etməyə gedirlər. Xrizantem gülü də Yaponiyada çox sevilən güllərdəndir. Bu gülün rəsmini yaponların pasportunun üzündə də görmək olar. Ən yüksək orden imperator möhürünü simvolizə edən Xrizantem Ordenidir. Amerikada hər ştatın öz rəmzi – gülü var. Texasda valehedici göy rəngli lupin ştatın rəmzi sayılır. Lupin gülləri açanda torpağın üstünü sanki göy xalça örtür. ABŞ-ın özünün isə rəmzi ümid verən və sevinc gətirən qızılgül hesab olunur. Qızılgül həm də İngiltərənin də rəmzi gülü sayılır.

Çinin isə rəmzi pion gülüdür. Bu gül əmin-amanlıq, xoşbəxtlik və sevgi mənasını verir. Hər il Çinə pion gülünün festivalında iştirak etməyə minlərlə adam gəlir. Pion gülü festivalı həm də nikah bağlamaq üçün uğurlu gün sayılır. Çində gənclərin çoxu məhz bu gün nikah bağlamağa üstünlük verirlər.

Rusiyada isə çobanyastığı günü təbiəti simvolizə edir. İspaniya və İtaliyanın isə rəmzi zanbaq gülüdür. Fransada da ağ zanbağa böyük əhəmiyyət verilir.

 

Aynurə MƏMMƏDOVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir