Abdullayeva vurğulayır ki, dərman qəbulu həkim məsləhəti ilə olmalı, uşağın yaşı deyil, çəkisinə uyğun dərman preparatlarının verilməsi önəmlidir: “Əgər uşaq su içmir, yemək yemirsə, valideyn qızdırmanı ev şəraitində sala bilmirsə, mütləq həkimə müraciət etməlidir. Uşağa vatsap, telefon zəngi ilə müalicə təyin etdirmək olmaz. Qızdırmanı aşağı salmaq üçün ilkin yardım üçün müəyyən dozada dərman təyin edə bilərik, lakin hansısa antibiotiklərin, dərmanların təyin edilməsi düzgün deyil – bu, yolverilməzdir. Uşağa dərmanlar mütləq həkim nəzarəti altında verilməlidir”.
“Antibiotiklər daha çox virus infeksiyalarda yox, bakterial infeksiylarda uşağın qan analizinin nəticələrinə baxılaraq, diqqətlə müayinə etdikdən sonra təyin olunur. Uşaqda susuzlaşma əlamətləri olarsa, venadaxili maye köçürülməsi (sistem) lazım ola bilər”, – deyə həkim bildirib.
İmmunitetin gücləndirilməsi və virus infeksiyalardan qorunma yollarına toxunan həmsöhbətimiz qeyd edib ki, immuniteti hansısa dərmanla gücləndimək mükün deyil: “İmmuniteti güclü tutmaq üçün ancaq düzgün yuxu rejimi, təmiz hava qəbulu, bol Günəş şüası qəbul etmək, qapalı məkanlarda daha az vaxt keçirməyə diqqət etmək, uşağı “fastfood” qidalardan uzaq saxlamaq lazımdır”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov da deyir ki, hazırda uşaqlar arasında geniş yayılmış virus infeksiyası müşahidə olunur və bu, daha çox bildiyimiz qrip virusuna oxşayır: “Qeyd olunan əlamətlər, yüksək qızdırma ilə müraciət edən xəstələrimizdə müayinə nəticəsində influenza – qrip virusu çıxıb. Bu baxımdan hesab edirəm ki, böyük ehtimalla, uşaqlar arasında yayılmış qrip virusudur”.
“Mənim gördüyüm qədərilə başqa yeni bir virus yoxdur. Amma ola bilər, daha nadir, aradabir olan viruslar da bu cür şikayətlərə səbəb olsun. Lakin qeyd etdiyim kimi, şəxsi praktikamda rast gəldiyim adi qrip virusudur”, – deyə həkim vurğulayır.
Pediatrın valideynlərə tövsiyəsi isə belə olub: “Şəxsi gigiyena qaydalarına riayət etmək, tibbi maskadan istifadə, xəstə insanlarla yaxın təmasdan çəkinmək, bol maye qəbul etmək, mümkün olduqca yataq istirahəti, evdən çıxmamaq, qidaya fikir vermək lazımdır. Əgər evdə ilkin yardımdan sonra qızdırma enmirsə, həkimə müraciət etmək gərəklidir”.
“Qrip infeksiyası şikayəti ilə həkimə müraciət edildiyində burundan yaxma götürülür. Əgər qrip olduğu dəqiqləşərsə, bu zaman ilk 48 saat ərzində əlamətlərin qarşısını almaq üçün həkim tərəfindən müəyyən dərmanlar təyin olunur. Valideynlər özləri uşaqlara antibiotik verməsinlər. Dərmanı ancaq müayinədən sonra həkim təyin edə bilər”, – deyə Rəhimov fikrini yekunlaşdırdı.
Aləmdə Nəsib