Bakıda hər il yararsız hesab edilən, eyni zamanda müxtəlif iqtisadi layihələrin reallaşdırılması, infrastrukturun yenidən qurulması məqsədilə bina və obyektlərin söküntüsü aparılır. Onların yerində ya parklar, ya yeni yollar, ya da çoxmərtəbəli binalar tikilir. Bu zaman sökülən evlərə və obyektlərə təzminat necə hesablanır?
Hüquqşünas Arif Nəzərov bildirir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var və mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmçinin, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər: “Bu baxımdan, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq, torpağın alına biləcəyi dövlət ehtiyacları dedikdə dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi, dəniz limanının ərazisinin artırılması nəzərdə tutulur.
Bununla əlaqədar, qanunun 24-cü maddəsinə əsasən müstəqil qiymətləndirici hər bir torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təkliflərini bütün müvafiq sənədlərlə birlikdə qiymətləndirmə komissiyasına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.
Eyni zamanda, hər hansı bir şəxsin mülkiyyətində olan əmlakın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən tədbirlərdən başqa, mülkiyyətçidən məcburi alınmasına yol verilmir.
Ümumiyyətlə, Mülki Məcəllənin 211-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilməlidir. Bu baxımdan, evlərin və obyektlərin sökülməsi ilə əlaqəli olan maraqlı tərəflər mülki qanunvericiliyin tələbləri nəzərə alınmaqla ödəniləcək müvafiq təzminatın həcmini qarşılıqlı razılaşma əsasında müəyyən etmək hüququna malikdirlər”.