Son dəyişikliklər həkim-firma əməkdaşlığına son qoyacaqmı?

Baxış sayı: 1. 394

Bu bir gerçəkdir ki, hər ailədə bir nəfər də olsa səhhəti ilə bağlı problem yaşayır. Dərdinə dərman tapmaq üçün həkimə müraciət edən pasiyent isə sağalmaq üçün uzun yollardan keçməlidir. Həkim müayinəsi, analizlər, diaqnozun qoyulması… və s. kifayət qədər yorucu prosesdir. Bu prosesin ən son dayanacağı isə apteklərdir. Bəli, ən həlledici məqam məhz apteklərdə baş verir. Çünki xəstənin sağalması ancaq ona yazılan dərmanları qəbul etdikdən sonra mümkün olur. Elə dünənə qədər insanlar lazım olan dərmanı ən ucuz qiymətə tapmaq üçün, demək olar ki, şəhərin bütün apteklərini gəzməli olurdular. Özümüzdə baha qiymətə satılan dərmanları başqa ölkədə yaşayan qohumları və ya tanışları vasitəsilə əldə edən vətəndaşlar bu yolla sağala bilirdilər. Lakin maddi imkanı yerində olmayan insanlar ya borc tapıb alırdılar, ya da ağrılara dözməli olurdular. Lakin artıq bu kimi problemlər geridə qaldı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərman sahəsinə dair tapşırıqlar verməsi bu sahədə yeni islahatların aparılmasını zəruri edib. Sentyabrın 15-dən etibarən dərman vasitələrinin qiymətinin tənzimlənməsi qüvvəyə minib. Səhiyyə Nazirliyinin də təmsil olunduğu Azərbaycan Respublikası Tarif Şurası 30 iyul 2015-ci il tarixli “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə” tarixi sosial qərar ilə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib.

Bəs dərman qiymətlərinin tənzimlənməsi bir ağrılı məsələyə – həkimlərlə dərman firmalarının əməkdaşlığına son qoyacaqmı? Məlum olduğu kimi, son illər dərman firmalarından faiz alan həkimlərin bir çoxu xəstəyə lazım oldu-olmadı dərmanları yazırdılar. Dərman qiymətləri dövlət tərəfindən tənzimlənəndən sonra dərman firmaları itirdiklərini çıxarmaq üçün həkimlərlə daha sıx işbirliyinə gedə bilərlərmi?

 “Dərman preparatları Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətlər üzrə satılacaq”

Səhiyyə nazirinin müavini Elsevər Ağayev açıqlamasında bildirib ki, qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır: “Qərar hər bir vətəndaş, hər bir ailə üçün olduqca böyük əhəmiyyət daşıyır. Belə ki, ilk növbədə, əhalinin maraqlarını əsas tutaraq ölkədə dərman qiymətlərinin tənzimlənməsi üçün ən qabaqcıl ölkələrin təcrübəsi yerində araşdırılaraq Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb. Dərmanların qiymətinin təyin olunması məqsədi ilə Tarif Şurasının təsdiq etdiyi təlimata görə, müxtəlif ölkələrdə dərman preparatlarının bazis qiymətləri müəyyən edilmiş qaydaya əsasən seçilir və bu məbləğin üzərinə Nazirlər Kabinetinin təsdiq etdiyi əlavələr edilməklə dərman preparatının qiyməti təyin olunub”.

E. Ağayev həkim reseptlərinə nəzarətin təmin olunması, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışına qadağa qoyulacağını deyib: “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib. Burada Tarif Şurası ilə sıx əməkdaşlığın davam etdirilməsi, apteklərə daxil olan həkim reseptlərinə nəzarətin təmin edilməsi, standart formaya uyğun olmayan reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, ən vacib dərman preparatlarının və tibbi ləvazimatların siyahısına yenidən baxılması və çeşidinin genişləndirilməsi barədə təkliflərin qısa zaman ərzində hazırlanması daxildir”.

 “Hazırda dərman firmaları ilə həkimlər arasında əməkdaşlıq minimal səviyyədədir”

Qəzetimizə müsahibə verən həkim, professor Adil Qeybulla dərman qiymətlərinin tənzimlənməsi ilə bağlı yaranan vəziyyət haqda suallarımızı cavablandırdı: “ABŞ kimi nəhəng bir ölkədə farmkompaniyaların həkimləri maliyyələşdirməsi, onların konfranslarını, təcrübə mübadilələrini təmin etmələri faktı mövcuddur. Bu, əslində normal bir hadisədir və buna yanaşma da müxtəlif olmalıdır. Bizdə dərman bazarında olan xaos, daha ucuz dərmanların tətbiqi kimi koorporativ maraqlar üzərində qurulan ticarət tendensiya yaradır. Digər tərəfdən də, hazırda dərman firmaları ilə həkimlər arasında sözügedən əməkdaşlıq minimal səviyyədədir. Çünki artıq dərmanların qiymətləri xeyli endirilib, hətta bir çox dərman preparatları apteklərdə yoxdur, qıtlıq yaranıb”.

A. Qeybulla hesab edir ki, problemin həlli yolu həm də monopoliyanın aradan qaldırılması ola bilər: “Bundan başqa, təklif edirəm ki, Azərbaycanda dövlət farmasepiyası yaradılsın, ölkə ərazisinə idxal olmasına icazə verilən dərman maddələrinin dövlət reyestri formalaşsın və bundan sonra firmalar dövlət tərəfindən qeydiyyata düşən dərmanları idxal etsinlər. Belə bir rəqabət mühiti yaransa, hər şey düzələcək”.

Xəyalə Sadıqova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir