TOY

Son illərin toy zarafatları – gülməli, yoxsa ağlamalı?

Baxış sayı: 2. 094

Son illər dünyadakı toylarda bəylə gəlinin bir-birinə və ya cütlüyə qarşı edilən zarafatların həddi-hüdudu yoxdur. Kreativlik və qeyri-adilik adı ilə bəzən bu zarafatların sonu faciə ilə bitir. Bir çox hallarda isə zarafat məqsədinə çatmır, ya da gülüşə səbəb olmur. Amma bu da bir dəbdir. Necə deyərlər, toyunda zarafat, sürpriz etməyən cütlük o qədər də müasir qarşılanmır.

“Gencaile.az” “Yeni Müsavat” toyunda zarafat etmək istəyən cütlüklərin maraqlı hekayələrini təqdim edir. Bu cür davranış sərgiləyənlər arasında dünyanın ən inkişaf etmiş ölkələrindən olanlar da var, geridə qalmış dünya ölkələrindən olanlar da.

Ümumən ondan başlayaq ki, dünya toylarında tortunun yeyilməsi prosesi zamanı “qaşıq oyunu” çox köhnəlib. O gəlin tort qaşığını bəyə vermək əvəzinə onu bir neçə dəfə aparıb-gətirir ha, bax bunun adına oyun deyirlər. Kimlərsə gülür, kimlərsə əylənir, kimlərsə qəzəblənir. Bəli, dünya o mərhələdən keçib. Baxmayaraq ki, Azərbaycanda bu zarafat növü yenicə populyarlaşıb və bir çox hallarda sonu qanqaraçılıqla bitir. Bu haqda bir qədər sonra.

Hələlik dünyadakı ən populyar toy zarafatları haqda. Bir neçə il bundan öncə Çinin Şenjen şəhərində bir cütlük evlilik günü ayrılıblar. Buna səbəbkar isə gəlinin bəyə sürpriz etmək həvəsi olub. Belə ki, toy günü gəlini görən onun inanılmaz hala düşdüyünü görüb. Nə olduğunu soruşduqda isə makiyajla 70 yaşlı qadına oxşadılan gənc gəlin bəyə, “yaşlananda da məni sevəcəksənmi?” sualını verib. Gözlənilməz sürprizdən xoşlanmayan bəy əsəbiləşərək gəlini küçənin ortasında qoyaraq oradan uzaqlaşıb. Toy mərasimi təxirə salınıb, gəlin isə etdiyi hərəkətə görə peşman olub.

Türkiyənin Adana şəhərində isə nikah məmurunun “evlənməyi qəbul edirsizmi” sualına bəy zarafatla üç dəfə “yox” deyib. Bu cavab isə avtomatik olaraq nikahın qeydə alınmamasına və məmurun zalı tərk etməsinə səbəb olub. Nəticə? Gəlin göz yaşları içində, qonaqlar pərt, zarafat isə uğursuz.

Amerikanın Florida ştatında bəy toy günü maraqlı fotosessiya üçün çay kənarını seçib. Qayığa minən, fərqli şəkillər çəkdirən cütlüyün bu macərası xoşagəlməz bitib. Belə ki, bəy qəfil hərəkətlər etməklə qayığın ləngər vurub aşmasına səbəb olub. Nəticədə cütlük çaya düşüb…
Azərbaycanda bir toyda bəyin gəlini vurması haqda internetdə yayılan video Türkiyə mediasında da rezonans doğurub. Türkiyənin “Hüriyyət” qəzetinin saytı sözügedən video haqqında xəbər yayıb. Xəbərdə deyilir: “Azərbaycanda bir toyda gəlinin tort zarafatı kürəkəni çox qəzəbləndirdi. Azərbaycan toylarının əvəzolunmazı olan tort mərasimində, kürəkən çəngəl ilə gəlinə tortdan yedirtdi. Eynisini gəlindən gözləyən kürəkən, gəlinin bir neçə dəfə çəngəli ağzına yaxınlaşdırıb geri çəkməsi ilə əsəbləşdi. Əsəblərinə hakim ola bilməyən kürəkən, gəlinin əlinə vurdu. Video görüntülər toya qatılan şəxslər tərəfindən anban çəkildi.”

Azərbaycanda toy gecəsi bəyin dostlarının zarafatı faciə ilə nəticələnib. Hadisə bir neçə il əvvəl Masallıda baş verib. Belə ki, 2012-ci il oktyabrın 6-da Yaqubun toyu olub. Dostları toyun sonuna yaxın onu bir neçə dəfə yuxarı atıb-tutublar. Sonuncu dəfə isə Yaqubu tutmadıqları üçün başı betona dəyib və bu zaman bel fəqərəsi sınıb. Gənc bir neçə ildir ki, yataq xəstəsidir.

Çində də toy zamanı bəyin dostları onunla zarafat etmək qərarına gəliblər. Yanğünsöndürücü balonla onun üzərinə köpük püskürdən dostlar az sonra əməllərinə peşman olublar.Olay Çinin Çendu vilayətində yaşanıb. Köpükdən huşunu itirən bəy yerə yıxılıb, boğulmağa başlayıb. Az sonra bəy təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin dediklərinə görə, yanğınsöndürən toz bəyin orqanizmində kəskin allergik reaksiyaya səbəb olub və nəticədə onun tənəffüsü pozulub.

Adana şəhərində bəyin qonşusu Əhməd adlı şəxs toy günü evlənən cütlüyə zarafat etmək istəyib. Mərasim zalına getmək üçün yola düşən toy karvanını saxladan Əhməd bəyi avtomobildən endirərək diz çökdürüb. Daha sonra yolun qırağına qoyduğu tüfənglə göyə atəş açıb. Hadisəni görən insanlar qorxmağa başlayıblar.

Bəy və gəlinə gərgin anlar yaşadan gənc və tüfəngin sahibi polis əməkdaşları tərəfindən saxlanılıb. Bəyin qonşusu polislərə verdiyi ifadəsində evlənən dostuna 1 aprel zarafatı etmək istədiyini deyib. Şəxslər xəstəxanada müayinə edildikdən sonra azad ediliblər.

Rusiyada isə VVAQ-a gedən bəy gəlinə qarşı bəyin dostları pis zarafat ediblər. Onlar özlərini polis kimi təqdim edən bir neçə adamın hücumuna məruz qalıb. Belə ki, “polislər” gəlin maşınının qabağını kəsib, bəyi maşından zorla düşürərək, onun üstündə axtarış aparıblar.

Daha sonra isə onun üzərindən guya ki, narkotik tapılıb. Bu dəqiqələrdə isə gəlin qorxudan aramsız olaraq ağlayıb. Bunun zarafat olduğunu cütlük sonda anlayıb. Bəy hirslənərək, dostlarından birinə şapalaq vurub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir