aile

SOS! Nikahlar azalır, boşanma artır - Demoqrafik fəlakət, yoxsa...

Baxış sayı: 533

Son illər Azərbaycanda nikahların azalması və boşanmaların artması müşahidə olunur. Bu da region ölkələri ilə müqayisədə mənzərənin ürəkaçan olmadığını deməyə əsas verir.

Hazırda hər 1000 nəfərə düşən nikahların sayı təxminən 4,6–4,9 civarındadır. Boşanmaların göstəricisi isə 2,0–2,1 səviyyəsindədir. Bu, nikahların sayının azaldığını, boşanmaların isə nisbətən yüksək qaldığını göstərir. Eyni zamanda, ailə qurmaq istəyi azalır və bu, doğum səviyyəsinə də birbaşa təsir edir.

Ermənistan, Gürcüstan və Azərbaycan rəsmiləri görüşəcək | Modern.az

Qeyd edək ki, məsələn, Türkiyədə nikahların səviyyəsi Azərbaycandan xeyli yüksəkdir. Burada hər 1000 nəfərə orta hesabla 6,5–6,7 nikah düşür. Boşanmalar isə 2,1–2,2 civarındadır. Yəni boşanmalar artsa da, nikahların ümumi sayı hələ də kifayət qədər yüksəkdir və ailə qurmaq meyli daha güclü qalır.

 

Qonşuda və bizdə…

Gürcüstanda isə vəziyyət daha problemli görünür. Nikahların sayı hər 1000 nəfərə təxminən 5,8–6,0 olsa da, boşanmaların göstəricisi 3,7–3,8-ə çatır. Bu, regionda ən yüksək boşanma səviyyələrindən biridir və ailə institutunun ciddi şəkildə zəiflədiyini göstərir.

Ermənistanda da oxşar tendensiya müşahidə olunur. Burada nikahların səviyyəsi təxminən 4,5–5,0 civarındadır ki, bu göstərici Azərbaycana yaxındır. Lakin boşanmaların nisbəti xeyli yüksəkdir və bəzi illərdə hər 1000 nəfərə 3,5–4 boşanma düşür. Bu da nikahların əhəmiyyətli hissəsinin uzunömürlü olmadığını göstərir.

Şimali Qafqaz regionunda, xüsusilə Rusiya Federasiyasının Qafqaz respublikalarında vəziyyət fərqlidir. Dağıstan, Çeçenistan, İnquşetiya kimi bölgələrdə nikahların sayı nisbətən yüksək, boşanmalar isə ümumrusiya göstəricilərindən aşağıdır. Bu da əsasən ənənəvi ailə modeli, dini təsir və icma nəzarəti ilə izah olunur.

Ümumilikdə müqayisə göstərir ki, Azərbaycanda nikahların səviyyəsi Türkiyə, Gürcüstan və hətta Ermənistanla müqayisədə aşağıdır, boşanmalar isə Gürcüstan və Ermənistandan az, Türkiyəyə yaxın səviyyədədir. Gürcüstan və Ermənistanda boşanmaların daha yüksək olması ailə institutunun daha dərin böhran yaşadığını göstərir. Türkiyədə isə nikahlar çox olsa da, boşanma meyli orada da artmaqdadır.

 

Çıxış yolu nədir?

Bu mənzərə onu göstərir ki, ailə institutunun zəifləməsi Qafqaz və yaxın region üçün ümumi tendensiyaya çevrilib. Azərbaycanda isə nikahların azalması və doğum səviyyəsinin düşməsi fonunda problem daha həssas xarakter alır. Mütəxəssislər hesab edirlər ki, vəziyyətin dəyişməsi üçün sosial dəstək mexanizmlərinin gücləndirilməsi, gənclərin ailə qurması üçün iqtisadi şəraitin yaxşılaşdırılması və ailə dəyərlərinin sistemli şəkildə təşviqi əsas rol oynaya bilər.

Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı bildirir ki, son illər Azərbaycanda ailə institutunu zəiflədən ciddi demoqrafik proseslər müşahidə olunur.

Onun sözlərinə görə, son 10 ildə ölkədə nikahların sayı 22 faiz azalıb, boşanmalar isə 45 faiz artıb:

”Paralel olaraq uşaq doğumu da kəskin şəkildə düşüb. 1980-ci illərdə 7 milyonluq əhaliyə ildə təxminən 150 min uşaq doğulduğu halda, hazırda 10 milyonluq əhaliyə cəmi 100 min doğum düşür. Boşanmaların səviyyəsi isə 5 faizdən 50 faizə qalxıb ki, bu da 10 dəfə artım deməkdir”.

Azərbaycanda gəncləri evlilikdən hansı səbəblər yayındırır? Yeni Sabah

Sosioloq hesab edir ki, bu tendensiya davam edərsə, ailə institutu zəifləyəcək, milli genefond zədələnəcək, əhali qocalacaq və say baxımından azalacaq. Problemin əsas səbəblərini isə iki istiqamətdə görür: mənəvi-psixoloji deqradasiya və sosial-maddi çətinliklər.

Onun fikrincə, son 20–30 ildə aparılan yanlış təbliğatlar gəncləri ailə qurmaqdan uzaqlaşdırıb:

“Gənclərə evlənməmək, yalnız karyera və əyləncəyə fokuslanmaq aşılanır, bu da eqoist və narsist həyat tərzinin formalaşmasına səbəb olur. Maddi imkanı olan, lakin ailə qurmaq istəməyən gənclər artmaqdadır. Bu həyat tərzi isə həm milli-dini, həm də ümumbəşəri dəyərlərlə ziddiyyət təşkil edir. Digər tərəfdən, aztəminatlı təbəqə üçün əsas maneə sosial-iqtisadi problemlərdir. İş yerlərinin azlığı, maaşların aşağı olması, mənzil probleminin həll edilməməsi gəncləri evlənməkdən çəkindirir. Evlənənlər isə maddi imkanlara görə bir uşaqla kifayətlənir, çoxuşaqlılıq riskli görünür. Nəticədə həm evliliklərin, həm də doğumun sayı azalır”.

 

Güzəştli mənzil, aşağı faizli kredit…

Mənzil almadan evlənməyəcəyinə əhd edənlər və ya - Ayna.az
Elçin Bayramlı çıxış yolunu iki əsas istiqamətdə görür:

“Birincisi, milli-mənəvi dəyərlərin qorunması və ailə institutunun gücləndirilməsi üçün ciddi ideoloji və ictimai iş aparılmalıdır. Media, mədəniyyət və təbliğat sahəsində ailə əleyhinə yönəlmiş təsirlərin qarşısı alınmalı, ailə dəyərləri təşviq edilməlidir. Gənclərə ailənin cəmiyyət və millət üçün həyati əhəmiyyət daşıdığı aşılanmalıdır”.

O qeyd edir ki, gec evliliyin təbliği də ciddi problemdir. Bioloji və tibbi baxımdan insanın ailə qurmaq üçün ən uyğun dövrü 18–22 yaş arasıdır: “Ümumdünya Səhiyyə Təşkilatı da bu yaş aralığını optimal hesab edir. 30–35 yaşdan sonra isə həm doğum imkanları, həm də sağlam övlad dünyaya gətirmə ehtimalı azalır. Buna görə də gənclərə gec deyil, vaxtında evlənməyin düzgün olduğu izah edilməlidir. İkinci əsas istiqamət isə sosial dəstək mexanizmləridir”.
Sosioloqun fikrincə, ailə qurmaq və çoxuşaqlılığı təşviq etmək üçün dövlət səviyyəsində geniş proqramlar hazırlanmalıdır. Yeni ailə quranlara güzəştli mənzil imkanları, uzunmüddətli və aşağı faizli kreditlər, uşaq pulu, çoxuşaqlılığa görə əlavə yardımlar tətbiq edilməlidir. Onun təklifinə görə, doğulan hər uşağa görə birdəfəlik maddi yardım və aylıq uşaq pulu verilməli, 3 və daha çox uşağı olan ailələrə əlavə güzəştlər edilməlidir.

 

Afaq Mirayiq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir