2018-ci ilin yayında Azərbaycanda ilk dəfə inşa olunan sosial evlər layihəsi əhaliyə təqdim ediləcək. Yasamal rayonunun ərazisində inşa edilən tikilidə 1800-dən artıq mənzil var. Bunlar 1 otaqlı, 2 otaqlı və 3 otaqlıdırlar. 1 otaqlı mənzillər 33 m2, 2 otaqlılar 53-55 m2, 3 otaqlılar isə 70 kvadratmetr olacaq.
Bu evləri Azərbaycan İpoteka Fondunun güzəştli kreditləri ilə, yəni ilkin 10% ödənişlə, illik 4%-lə 3-25 illik müddətə almaq olar.
Sosial evlər bazar qiymətindən 20-25% aşağı qiymətə satılacaq. Hazırda kompleksin tikildiyi Yasamal rayonu ərazisində orta qiymət 1 kvadratmetrə görə 1492 manatdır. Sosial evlərin qiyməti isə bundan 20-25% az, yəni 1125-1200 manat arasında dəyişəcək.
Evlərin sahəsini, hər kvadratmetrin qiymətini və kredit şərtlərini nəzərə alaraq hər bir evin alınması üçün aylıq ödənişi hesablamaq olar.
Yuxarıda deyilənləri nəzərə alaraq bir otaqlı sosial evlərin qiyməti 38 min manat, iki otaqlının qiyməti 63,2 min manat, 3 otaqlı sosial evin satış qiyməti isə 81 min manat olacaq.
Bu evlərin alınması üçün kredit götürəndə 10% ilkin ödəniş tələb edilir. Bunlar isə 1-2-3 otaqlı evlər üçün 3,8 min manat, 6300 manat və 8100 manat təşkil edir. Yerdə qalan məbləğ isə kredit götürülür – 1 otaqlı üçün 34 200 manat, 2 otaqlı üçün 56 900 manat, 3 otaqlı üçün 72 900 manat kredit götürüləcək.
Kredit 25 illiyə götürülərsə, onlar üzrə orta aylıq ödənişlər – 1 otaqlı üçün ayda 180 manat, 2 otaqlı üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün isə ayda 385 manat edir.