Xəbər verdiyimiz kimi, sabah Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində qalan 248 mənzilin satışını həyata keçirəcək.
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, artıq dünəndən MİDA-nın vətəndaşlar üçün yaratdığı sınaq versiyası bağlanıb:
“Uduş şansını artırmaq üçün iddiaçılar satış vaxtından bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olmalıdırlar. Burada kompüterdən və internetdən sürətli istifadə bacarığının olması əhəmiyyət kəsb edir və normal, dayanıqlı internet və işlək vəziyyətdə olan kompüter tövsiyə olunur.
Eyni zamanda, yeni tətbiq olunan ikiqat CAPTCHA-da (simvollardan ibarət avtomatlaşdırılmış kod) simvolları daha sürətli daxil etməyə hazır olmaq da çox gərəklidir”.
Osman Gündüz qeyd edir ki, sabahkı satış bu il üçün sonuncudur:
“Düşünürəm ki, gələn ildən MİDA bir neçə məsələnin həllinə mütləq diqqət yetirməlidir. Mənzillərin alternativ formada, məsələn, onlayn lotoreya formasında, random prinsipi ilə satışına diqqət etməlidir. Çünki indiki halda, sistemin şəffaf olmasına baxmayaraq, texniki-texnoloji imkanları yetərli olmayanların onlayn seçim imkanları faktiki olaraq sıfra bərabərdir. Bu, ədalətli yanaşma deyil.
Bununla yanaşı, MİDA satış prosesini böyük ekranlara çıxarmalı və ya sosial mediada canlı yayımlamalıdır.
Qurum güzəştli mənzil statusu əldə etmək istəyənlərin kateqoriyasını genişləndirmək üçün təcili hökumətə təkliflər təqdim etməli və regionlarda da bu prosesi aparmalıdır”.