ev

Sosial evlərin satışı nə vaxtdan başlayır?

Baxış sayı: 2. 430

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Belə ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-də saat 10.00-da başlayacaq və proses avqustun 7-dək davam edəcək. Bu isə o deməkdir ki, təxminən 1 ay sonra sosial mənzili almaq mümkün olacaq. Mənzillərin satışı “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Qeyd edək ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Bu layihə çərçivəsində satışa 260 mənzil çıxarılır. MİDA bildirib ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib. Bu isə o deməkdir ki, mənzillər “kupça”lı olacaq.

Qiymətlərə gəldikdə isə, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq.

Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Bu qiymətlər mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır. Kredit götürmədən mənzili öz pulları ilə birdəfəlik ödənişlə alan vətəndaşlar mənzilə daha ucuz qiymətlə sahib ola biləcəklər. Bu zaman 1 otaqlı mənzil 26932 manata, 2 otaqlı mənzil 42554 manata, 3 otaqlı mənzil isə 59063 manata təklif ediləcək.

Mənzillərin sahələrinə gəldikdə isə, xarici perimetr üzrə mənzillərin ölçüləri də bəllidir. Belə ki, 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq.

MİDA-nın həyata keçirdiyi bu layihənin əhəmiyyətini öyrənməyə çalışdıq.

Millət vəkili Azər Badamov bu layihəni dəstəklədiyini bildirdi: “Hazırda Bakı şəhərində ev almaq arzusunda olan kifayət qədər insan var. Və MİDA-nın təklif etdiyi şərtlərlə bir çox insan öz istəyinə çatacaqdır. Bu evlərin qiymət baxımından münasib olması, təmirli şəkildə satışa çıxarılması digər evlərdən üstünlüyüdür. Bu da əhalini ev aldıqdan sonra təmir xərcindən azad edir. Həmçinin mənzillərin içərisində mebellərin də olması aztəminatlı ailələr üçün olduqca əlverişlidir. Bu kimi layihələrin davamlı həyata keçirilməsi gələcəkdə də evə ehtiyac olan bir çox ailələr üçün əhəmiyyətlidir. Layihənin şərtləri isə kifayət qədər yaxşıdır. Mənzillərin əhali üçün əlçatan olmasına şərait yaradır”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bu kimi sosial layihələrin xalq üçün olduqca əhəmiyyətli olduğunu bildirdi: “Başlanğıc üçün belə bir layihənin olmağı çox yaxşı haldır. Belə layihələrin davamlı olması vacibdir. Amma zaman keçdikcə bunu daha da genişləndirilmiş şəkildə həyata keçirmək lazımdır. Çünki istənilən bir məsələni zamanla mükəmməlləşdirmək olar. Hər bir azərbaycanlı vətəndaşın mənzillə təmin olunması cənab prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biridir. Və bu layihə də ölkədə aparılan siyasətin sosial tərkibi olaraq davam etdiriləcək. Burada əsasən veteranlara, gənclərə, aztəminatlı ailələrə güzəştlər tətbiq edilir.  Beləcə, onların mənzillə təminatını şərtləndirir”.

İqtisadçı Rəşad Həsənov layihənin şərtləri ilə tanış olduğunu və onu çox yaxşı addım kimi qiymətləndirdiyini deyir: “Güzəştli mənzil layihəsinin əsas əhəmiyyəti odur ki, daşınmaz əmlak bazarında formalaşan qiymətlərin müəyyən qədər tənzimlənməsinə və real bazar qiymətinin konkretləşməsinə təsir edəcək. İl ərzində daşınmaz əmlak bazarında təxminən 30000 mənzilə ehtiyac var ki, bunun da 10%-ni agentlik təşkil etməklə bazarda qiymətlərin əlçatanlığına müsbət təsir göstərəcək. Çünki bildiyimiz kimi, mənzil bazarında son illər qiymətlər fantastik şəkildə yüksəlmişdi. Əhalinin real gəlirlərinə uyğun deyildi. Amma agentliyin güzəştli mənzilləri bu sahədə olan boşluğun az da olsa doldurulmasına şərait yaradacaq”.

Müsahibimiz qeyd edir ki, mənzilləri əldə etmək üçün qoyulan şərtlər olduqca yaxşıdır: “Digər əhəmiyyətli tərəfi isə aztəminatlı ailələrin mənzil əldə etmək imkanının yaxşılaşdırılmasıdır. Çünki burada təklif olunan mənzil qiymətləri bazardakı qiymətlərdən nisbətən aşağıdır. Qiymətlər artıq müəyyənləşib. Qoyulan şərtləri də kifayət qədər uyğun hesab edirəm. Nəzərə alaq ki, Yasamal rayonunda tikilən orta təmirli mənzillərin qiyməti 1 kv/metr üçün 900-1100 manat arasında dəyişir. Amma MİDA-nın təklif etdiyi evləri orta hesabla 780 manata əldə etmək olar. Bu, əhalinin müəyyən sosial qrupunun mənzil əldə etmə imkanını artırır. MİDA-nın binaları dövrün tələblərinə uyğun müasir şəkildə tikilib. Ekoloji və şəhərə çıxış imkanları baxımından da olduqca perspektivli binalardır”.

Bütün bunlara baxmayaraq, elə ailələr ola bilər ki, bu mənzillərin qiyməti onlar üçün uyğun olmasın. Buradan çıxış edən iqtisadçı bildirir ki, MİDA-nın ikinci mənzil layihəsi başlayıb artıq və o, Hövsanda yerləşir: “Yasamalda tikilən binaların qiymətləri əgər hansısa ailənin büdcəsinə uyğun deyilsə, Hövsanda tikilən mənzillərdən ala bilər. Çünki coğrafi mövqeyindən asılı olaraq həmin evlər nisbətən daha aşağı qiymətə satışa çıxarılacaq. Və bu da imkan yaradacaq ki, daha az təminatlı ailələr yaranmış bu fürsətdən istifadə edə bilsinlər. Ümumiyyətlə bu layihə genişmiqyaslıdır. Mənzilə ehtiyac olan başqa şəhər və rayonlarda da belə bir layihənin həyata keçirilməsi gözləniləndir. Və mən hesab edirəm ki, regionlarda olan binaların qiymətləri kifayət qədər ucuz olacaq. Bu da həmin bölgədəki insanların mənzil tələbatının ödənilməsinə kömək göstərəcək”.

Ekspert 2018-ci ilin dövlət büdcəsində bu məsələyə ayrılan vəsaitin 2.5 dəfə artırıldığını qeyd edir: “Keçən il 100 milyon idisə, bu il büdcədən ayrılan pul 250 milyon manat nəzərdə tutulub. Bu isə layihənin əhatə dairəsinin daha da genişləndirilməsinə şərait yaradacaq. Güzəştli mənzillərin verilməsi layihəsini yüksək qiymətləndirirəm və zamanla şərtlərin dəyişməsi, qiymətlərin aşağı salınması ictimaiyyətin müəyyən sosial qrupunu narahat edən mənzil probleminin həllinə vasitəçi olacaq”.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının da fikirlərini öyrəndik. Ramil bəy güzəştli mənzil layihəsinin daşınmaz əmlak bazarına ciddi təsir edəcəyini gözləmir: “Veriləcək mənzillər müəyyən sosial qruplara aiddir. Hesab edirəm ki, bu, müəyyən mənada ipoteka kreditləşməsinin başqa bir formasıdır. Sosial mənzillər tikinti bazarında müəyyən qədər canlanmaya səbəb olar bilər. Lakin bu kimi mənzillərin sayı elə də çox deyil ki, daşınmaz əmlak bazarında qiymətə və digər göstəricilərə təsir etsin. Nəzərə almaq lazımdır ki, bu güzəştli mənzillərin verilmə şərtləri və qaydaları mənzil bazarında mövcud olan əməliyyatlardan fərqlidir. Həmçinin bu mənzillər müəyyən bir dövr ərzində alqı-satqı predmeti ola bilməz. Bu baxımdan hazırkı mərhələdə əmlak bazarına təsirindən danışmaq çətindir. Amma gələcəkdə vəziyyət necə olacaq, deyə bilmərəm”.

Həmsöhbətimizdən sosial evlərin verilmə şərtləri ilə tanış olub-olmadığını və qiymətlə bağlı nə düşündüyü soruşduq: “Şərtlərlə tanış olmuşam. Məncə, açıqlanan rəqəmlər, qoyulan şərtlər müəyyən mənada normaldır. Əvvəllər mənzillərin kvadrat göstəricilərinə görə aylıq ödəniş rəqəmləri müxtəlif idi. Bəziləri 350 manat, hətta daha yuxarı idi. Amma indi göstərilən ən yüksək rəqəm 282-288 manatdır. Hesab edirəm ki, bu qiymət kifayət qədər normaldır”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir