internet

Sosial şəbəkədə səhifələrimiz niyə bloklanır? – Blokdan çıxmağın 5 QAYDASI

Baxış sayı: 1. 034

“Müşahidələr göstərir ki, “Facebook”-da azərbaycandilli istifadəçilərə qarşı ikili standartlar tətbiq edilir. Xüsusən də bu, son zamanlar müşahidə olunur”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir. O qeyd edib ki, son günlər “Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri bloklamağa başlayıb. Bir çoxları bununla bağlı müraciətlər edirlər.

O zaman ortaya maraqlı suallar çıxır. “Facebook”-da və digər qlobal resurslarda ikili standartlar varmı? Məhdudiyyət tətbiq olunduqda və ya oluna bilərsə nə etməli?

Osman Gündüz bildirir ki, “Facebook” azərbaycandilli istifadəçilərin bloklanması ilə bağlı artıq özü də növbəti dəfə məlumat yayıb:

“598 profil, 7906 səhifə, 447 “İnstagram” profili…Yəni, “Facebook” bunu gizlətmir. Məlumdur ki, “Facebook” sosial resursunun bəlli qaydaları var. Xüsusən də, aqressiya, nifrət və zorakılıqla bağlı, müəllif hüquqları ilə, saxta səhifələrlə bağlı, trollarla, kampaniya və ya kordinasiya olunmuş fəaliyyətlər müəyyən olunduqda və ya şikayətlər olduqda məhdudiyyətlər ola bilər. Bununla belə müşahidələr göstərir ki, “Facebook”-da azərbaycandilli istifadəçilərə qarşı ikili standartlar tətbiq edilir. Xüsusən də bu, son zamanlar müşahidə olunur. Ümumiyyətlə, son zamanlarda Facebook və bir sıra digər qlobal resurslarda şəffaflıq, inhisarçılıq, ikili standartlarla bağlı ciddi faktlar ortaya çıxıb. Bir neçə gün öncə ABŞ Konqresinin Facebook, Amazon, Twitter və Apple ilə bağlı təxminən 500 səhifəlik bir hesabatı dərc olunub. Bu hesabatın sonuna baxanda görmək olar ki, Konqres bu şirkətlərin hər birisinin bir neçə ayrı-ayrı qurumalara parçalanmasını təklif edib. Bu yaxınlarda bu məsələlər yenidən gündəmə gəlməlidir”.

APA Group Media şirkətinin SMM rəhbəri Turan Şakir məsələ ilə bağlı qarşılaşdığı problemləri bizimlə bölüşdü. O bildirdi ki, müharibə şəraitindən öncə belə bir hal müşahidə etməyib:

“Son günlərdə isə bu diskriminasiyanı daha çox hiss edirəm. Bizim paylaşımlarımız da hədəfə tuş gəlir. Məsələn, qan, şiddət olan video və şəkilləri şikayət edəndə, bu şikayətin müəyyən müddəti olur və həmin müddət ərzində baxılır. Sonuncu dəfə mən şikayət edəndə həmin şikayətə 1 həftəyə baxdılar və sonra mənə məktub da gəldi. Məktubda deyilirdi ki, burada heç bir şiddət yoxdur. Əgər bu paylaşımı edən şəxsi görmək istəmirsinizsə, o zaman özünüz onu blok edin. Amma son günlər müşahidə etdiyim odur ki, istər sosial şəbəkələrdə dostluğumda olan, istərsə də olmayan insanlardan çoxsaylı müraciətlər gəlir. İstər “Facebook”, istər “Twitter”, istərsə də “İnstaqram” üzərindən kütləvi şəkildə azərbaycandilli istifadəçilərin profillərində bloklanma, hesablarının müvəqqəti olaraq bağlanması haqda (24 saatlıq, 1 həftəlik, bir aylıq) xəbərdarlıq gəlir. Bununla bağlı bir kompaniya da başlatdım. İngilis dilində hazırladığım materiala “Facebook”un yaradıcısı Mark Zukerberqi də tağ etdim. Marka məktub şəklində etdiyimiz müraciətdə qeyd etdik ki, bu məsələni araşdırsın”.

Turan Şakir deyir ki, bizim şikayətlərimizi baxmadan ləğv edirlər:

“Bloklanmaya səbəb kimi bizim “Twitter”də “PlayForGanja” haştağı ilə paylaşdığımız postları göstərdilər. Guya “Ganja” Amerikada narkotik adıdır və ingilis dilində marixuana (cannabis) mənasını verir. Bu sözdən istifadə marixuananın təbliği kimi anlaşıla bilər və “Facebook”un Azərbaycan seqmentində profillərin kütləvi şəkildə bloklanmasına məhz bu səbəb ola bilər. Daha sonra biz onu “Gence” ilə əvəz etdik. Bu səbəbi mən sadəcə bəhanə kimi qəbul edirəm. Çünki bloklanma kütləvi şəkildə olurdu. Çıxış yolu kimi, şəhərin adını “Gandja” və ya “GanjaCity” formasında yaza bilərsiniz. Qeyd edim ki, nöqtə, vergül problemin həlli yolu deyil. Qaydaya görə yeni açılan səhifə gün ərzində 9-10 post paylaşa bilər. Lakin biz araşdırma zamanı gördük ki, açılan yeni səhifələr 3-4 post paylaşan kimi bloklanıb.

Azərbaycan kontinentinin daha çox “Facebook” və “İnstaqram” da aktiv olduğunu nəzərə alsaq deyə bilərik ki, “Teleqram” və “Twitter”- dan az istifadə edirlər. Son dövrlər cənab prezidentin “Twitter” də paylaşımlarına görə axışma çox oldu. Və mən elə bilirəm ki, bunu və insanların sosial şəbəkələrə VPN proqramı ilə girməsini həmin alqoritma şüphəli olaraq qəbul edir”.

Turan Şakir onu da bildirdi ki, səhifələr üçün təsdiq alma məsələsində də problemlərlə qarşılaşır:

“Məsələn, “Facebook”-un özündən mən bir neçə təsdiq hesab (mavi ulduz) almışam. Digər səhifələr üçün də təsdiqlətmək istəyirdim. Amma mənə birbaşa olaraq məktub gəlib ki, sizin olduğunuz ölkə üzrə biz həmin məqamı məhdudlaşdırmışıq. Hətta səhifələrin rəsmi şəkildə təsdiq olunmasını “Facebook”-da artıq məhdudlaşdırıb. Və bunu mail şəklində mənə bildirdi. Halbuki belə bir şey yox idi. Azərbaycan üzrə “Twitter” də səhifələrin təsdiqlənməsi məsələsi əvvəldən işləmir. Çünki orda yazılıb ki, sizin ölkə üzrə bu hərəkət məhdudlaşdırılıb. Düşünürəm ki, səhifələr üçün təsdiqlənməni Avropa üzərindən alıblar. İndi Instagram üçün cəhd eləmişəm, amma o da alınmır. Hələ ki, səbəbini demirlər. Açıqlama da vermirlər. Amma fakt olaraq dünənə kimi “Facebook” üçün bu işləyirdi. İndi işləmir. Mən onlara yazılı olaraq dəfələrlə müraciət etdim. Avstraliyadan mənə zəng gəlmişdi. “Facebook”-un oradakı operatoru dedi ki, bizim səlahiyyətimiz daxilində deyil. Siz maillə yazıb müraciət edin. Sizə nə desələr odu. Yəni bu məsələ də konkret olaraq baxılmadan qalıb. Mən buradan Azərbaycanda sosial şəbəkə istifadəçilərinə deyirəm ki, Markı xəbərdar edən həştəqlərin sayını artırsınlar. Çalışıb paylaşımların sayını çoxaltmalıyıq. Bu bizə müəyyən dərəcədə kömək olar, irəliləyiş verə bilər”.

Yaxşı bəs nə etməli?

Azərbaycan İnternet Forumunun prezidenti bunun üçün bir sıra qaydalara riayət etməli olduğumuzu qeyd etdi:

1. Məhdudiyyət artıq tətbiq edilibsə indiki zamanda “Facebook”-la vuruşmağa, buna zaman sərf etməyə ehtiyac yoxdur. Biz bu pulsuz resurslardan sadəcə istifadə edirik. Məlumdur ki, “Facebook” elə ABŞ prezidenti Trampın səhifəsinə də məhdudiyyət tətbiq edir . FB alqoritmlərində nöqtə-vergül məsələsi nəzərdə tutulmadığından ona da zaman ayırmağa dəyməz. Sadəcə, bununla bağlı onlara etiraz bildirişi göndərin və B variantına keçin\

2.Dərhal yeni səhifə və ya profil açın, digər sosial media resurslarına yönəlin və onun populyarlaşması üçün dostlardan kömək istəyin.Paylaşımların məzmunu ilə bağlı məhdudiyyəti qabaqcadan göz önünə alanlar yeni profilin açılmasını elə qabaqcadan etməsi faydalı olardı. Populyar səhifə və profil sahiblərinin qabaqcadan ehtiyat variant görməsi faydalı olardı.

3. Beynəlxlaq informasiya cəbhəsi üçün Twitter daha faydalıdır. Populyar insanların əksəri, dünya ölkələrinin bütün rəsmi şəxsləri, tanınmışlar, vətəndaş cəmiyyətləri və informasiya cəmiyyətlərinin təmsilçiləri və s. bu platforma üzərindədir.Ümumiyyətlə, qlobal sosial media resurslardakı ikili standartlardan dolayı hər bir istifadəçinin indiki anda bir neçə ictimai əhəmiyyətli sosial media resursunda aktiv olması məntiqli olardı.

4. Sosial media resurslarında məhdudiyyət əməliyyatları robotlar və süni intellekt əsasında araşdırılaraq tətbiq edilir. Odur ki, paylaşımlarınızda bu aralar çox diqqətli olun ki, robotlara “ilişməyə” ( zorakalıqlar olan müxləif video və fotolar, şikayət oluna biləcək məlumatlar və s.) yer qoymayasınız

5. Paylaşımlar edəndə isə, Qaydaları pozmamağa çalışın, hansısa kampaniya xarakterli fəaliyyət olarsa çalışın orijinal kontent yaradın, özəl kontent yaratmaq problem olarsa digər tvitləri retvit, repost və share edin, multimediadan və haştaqlardan istifadə edin və s”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir