Bu gün həyatımızı sosial şəbəkəsiz düşünmək mümkün deyil. Çünki illərdir ki, bu sistem gündəlik həyatımızın bir parçasına çevrilib. Artıq yaşlı, cavan, uşaq, fərq etməz, onların hər biri günün çox saatını sosial şəbəkələrdə keçirir. Bununla da həm sağlamlıq, həm də mənəvi cəhətdən təhlükə ilə üz-üzə qalmış olurlar.
Sosial şəbəkələr əslində lazım olduqca və ya təyinatı üzrə istifadə edilərsə, səmərəli nəticə verə bilər. Lakin çox təəssüf ki, sosial platformalardan istifadə bu gün cəmiyyətimizdə xəstəlik vəziyyətinə gəlib. Vaxtaşırı, maneəsiz, sistemsiz istifadə asılılıq yaradıb. Odur ki, insanlar özlərini sosial şəbəkələrdən ayrı təsəvvür edə bilmir. Bəs bu, nə ilə nəticələnir? Təəssüf ki, nəticələr o qədər qorxunc vəziyyətə gəlib ki, artıq həyəcan siqnalı verilməlidir, əks təqdirdə xüsusilə uşaq, yeniyetmə və gənclərimiz məhvə doğru gedir.
Bu gün sosial şəbəkələrdən düzgün istifadə edilməməsindən danışaq. Danışaq ki, bəlkə eşidən olar və bunun qarşısının alınması üçün hər hansı addım atılar.
Nəzarət olmayan yerdə
Söz yox ki, övladlarımıza nəzarət etmədiyimiz təqdirdə onlar istənilən səhvi edə bilər. Lakin sosial şəbəkələr bu gün elə bir vəziyyətə gəlib çıxıb, hər kəs üçün o qədər əlçatan olub ki, artıq onun qarşısında hər hansı nəzarət mexanizmi zəif qalır. Valideynlərin nəzarət etməsi isə o səbəbdən azalıb ki, onların özü də günün çox saatını sosial şəbəkələrdə keçirir, seriallar izləyir. Odur ki, necə deyərlər, vaxt tapıb övladına nəzarət edə bilmir. Ümumilikdə nəzarət mexanizmindən danışarkən isə onu nəzərə almalıyıq ki, sosial şəbəkələrə müəyyən qadağalar qoyulmalıdır, əks təqdirdə qarşıda gəncləri sosial şəbəkələrə necə qurban verdiyimizi öz gözlərimizlə seyr etməli olacağıq.
Gənclər sosial şəbəkələrdə onlara təklif və təqdim olunan həyatın qurbanı olurlar. Bu platformalarda yaxşı yaşayışa, bahalı maşınlara, dəbdəbəli geyimlərə çağırış hələ həyata yenicə atılmış gənclərin beynini, fikrini və düşüncəsini qarışdırır. Hər kəs o həyatın sahibi olmaq istəyir. Lakin axı nəyinsə sahibi olmağa pillə-pillə çatmaq lazımdır. Sosial şəbəkələr isə bütün bunların tez bir zamanda əldə olunmasına çağırış edir. Beləliklə də gənclərimiz öz düzgün yolu ilə gedə bilmir. Təqdim olunan həyata sahiblənməyə can atır. Nəticədə isə öz doğru yolunu yarıda qoyur, məhvə doğru bir yolçuluğa çıxır. Bu yolçuluqda guya asan qazanc yolu, dəbdəbəli həyat var. Lakin onlar əslində boş çağırışdan, yalandan başqa bir şey deyil. Aldanan gənclər bunu min arşın quyunun dibinə düşərkən anlayır. O zaman isə artıq gec olur.
Sosial şəbəkələr yeniyetmə gənclərin geyimindən tutmuş davranış qaydalarnadək onlara yeni təkliflər verən platformalardır. Bizim gənclərin əksəriyyəti geyimini də, davranışını da oradan öyrənir. Hələ üstəlik bu platformalar onlara utanmaq hissini də unutdurur. Artıq gənc nəslin nümayəndələri bəzən elə hərəkətlər edir, elə geyinir, ictimai yerlərdə elə danışır, ucadan gülür ki, baxdıqca məəttəl qalırsan ki, bunlar bizim cəmiyyətin üzvləridir…
Rəqsini, dostları, rəfiqələri ilə zarafatını, yeyib-içdiyini, biabırçı geyimlərini, nənə-babasını, övladını, səyahətini, süfrəsini çəkib bu şəbəkələrdə paylaşan yüzlərlə gənc var. Müxtəlif effektlərdən istifadə edib öz “gözəlliyini” nümayiş etdirən, hər zaman belə görünməyə çalışan gənc qızlar var. Gündə bir əzasını əməliyyat etdirib video çəkən, dodaqlarını dolğu ilə şişirən, sinəsini, arxasnı böyüdüb özünü sosial şəbəkələrdə reklam edən və bununla üstəlik qürur duyan insanlar var. Düşünürsən ki, bizim yeniyetmə-gənclər belələrindən nə əxz edə, nə öyrənə bilər? Təəssüf ki, artıq nəzarət mexanizminin bütün bunlara gücü çatmır. Gənc insanlara necə nəzarət etmək olar ki? Telefon əllərində, sosial şəbəkələr də onların içərisində. İstədikləri vaxt orada ola bilir və bütün bu çirkinliklər içərisində məhvə doğru yuvarlanırlar.
Nəzarət belə olmalıdır ki, müəyən yaş qruplarına görə sosial şəbəkələrə giriş qadağan edilməlidir. Artıq Avstraliya parlamenti bununla bağlı qərar müzakirə edib. 16 yaşadək yeniyetmə-gənclərin 2025-ci ildən sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq. Türkiyədə isə 13 yaşadək uşaq və yeniyetmələrin sosial şəbəkə istifadəsinin məhdudlaşdırılması məsələsi qaldırılıb. Çox yaxşı olar ki, bütün dövlərlər bu addımı atsın. Eləcə də Azərbaycan. Çünki bu, inkaredilməz haldır ki, sosial şəbəkələr gəncləri uçuruma aparır. Bunun qarşısı tez bir zamanda alınmasa, qarşıda nələri görəcəyimiz şübhə doğurmur..
Uşaqlar gəlir mənbəyi deyillər
Ən dəhşətli hal ondan ibarətdir ki, bu gün çox sayda azyaşlı uşaq sosial şəbəkələrin qurbanına çevrilib. Bu qurbanların müəllifi isə həmin uşaqların valideynləridir. Valideynlər uşaqlarını bu platformalarda gəlir mənbəyinə çevirib. Kimi uşağının rəqsini, kimi şirin-şirin danışmasını, kimi onun söyüşünü ( hansı ki, bunu da valideynlər, nənə-babalar, əmi-dayılar öyrədir uşaqlara), kimi uşağın dərs oxumaq, məktəbə getmək istəməməsini çəkib sosial şəbəkələrdə paylaşır, baxış yığır, pul qazanır. Arada isə uşaqların hüququ tapdanır, pozulur.
Əslində uşaq dünyaya gəldiyi bir gündən etibarən şəxsiyyətdir. Onun icazəsi olmadan heç kim onunla bağlı bir addım ata bilməz. Təəssüf ki, buna anlamayan valideynlər uşaqların dərk etməməsindən, kiçik olmasından istifadə edib onları gəlir mənbəyinə çevirirlər.
Bu kimi hallar qəti şəkildə yolverilməzdir. Uşaqları dünyanın gözü qarşısına atmaq olmaz. Onlardan kim nə cür istifadə edir, bunu düşünən varmı? Gələcəkdə bu uşaqlar həmin videolar üçün necə xəcalət çəkəcək, utanacaq, bunu necə, anlayan varmı? Bu videoları çəkdiyi üçün qarşıda övladlarına cavab verməli olacaq valideynlər var. Lakin onlar bunu düşünmədikləri, anlamadıqları üçün fərqinə belə varmırlar. Amma sabah onlar hökmən uşaqları tərəfindən ittiham olunacaq. “Nə üçün çəkmisiniz”, “niyə paylaşmısınız” suallarına cavab verməli olacaqlar.
Uşaqlar heç bir halda gəlir mənbəyinə çevrilə bilməz. Onlara gözəlik filtrləri tətbiq etməklə biz onları təhqir etmiş, psixologiyalarını pozmuş oluruq. Sabah bir qədər özlərini anlayandan sonra hər birinin “barbi” gəlinciklərə oxşamaq istəyinə biz özümüz yol açırıq. Güzgüdə də özlərini bizim paylaşdığımız foto və videolardakı kimi görmək arzularını biz onlarda yaradırıq. Sonra da deyirik ki, uşaqlarımızda bu istəklər haradan qaynaqlanır…
Gözəllik filtrləri- ideal gözəllik xəstəliyi
Bu gün sosial şəbəkələrdə yayılan və insanları psixoloji təzyiq və təsir altında saxlayan vasitələrdən biri də müxtəlif gözəllik filtrlərindən istifadə olunmasıdır. Bunu orta və gənc nəslin nümayəndələri tətbiq edir. Ümumiyyətlə, bu gün cəmiyyətimizdə xəstəlik halına çevrilən belə bir məsələ var ki, artıq əksər insan öz foto və videolarını əslində olduğu kimi qəbul edə bilmir. Bu səbəbdən də o cür paylaşmır. Onlara müxtəlif şəbəkələrə məxsus gözəllik filtrlərindən istifadə etməklə yeni “həyat” verir və sonra paylaşır. Bu da təbii ki, minlərlə sosial şəbəkə iştirakçısı tərəfindən birmənalı qarşılanmır. Hər xarakterdə insanların olduğunu nəzərə alsaq, bu, psixoloji gərginlik yaradan bir vasitədir. Çünki xüsusilə gənc qızların hər biri belə gözəl görünmək istəyir. Eyni zamanda həm də bu gözəlliklə onları hamının görməsini arzulayır. Beləliklə də sosial şəbəkələr bu gün bir-birinə bənzəyən yüzlərlə gənc qız fotosu ilə doludur.
Və bu filtrlərin ən dəhşətli tərəfi ondan ibarətdir ki, qızlar özlərini həyatda da həmin gözəllikdə görmək istəyir və hələ 20 yaşı tamam olmamış minlərlə qız kosmetoloq yanına gedərək dodaqlarını, sinə və arxalarını böyütdürür, qaşlarını dartdırır, gözlərini çeyran gözünə oxşadır. Üzündə xoşuna gəlməyən yerlərə dolğu vurdurur, burun əməliyyatı etdirir.
Beləliklə, bu gözəllik filtrləri cəmiyyətlərdə psixoloji vəziyyətin dəyişməsinə, çoxsaylı gəncin ağıl xəstəsi olmasına şərait yaradır. İndi hara baxırsansa, bir-birinə bənzəyən qızları görə bilirsən. Bax, bu, gözəllik filtrlərinin övladlarımıza “töhfəsidir”. Bəs bütün bunların gənclərin sağlamlığına təsiri necədir? Təbii ki, çox pisdir. Bu, həm psixoloji, həm də ümumi sağlamlığa zərbədir.
“TikTok” platforması yetkinlik yaşına çatmayan istifadəçilərin psixoloji rifahını qorumaq məqsədilə video çəkilişi zamanı gözəllik filtrlərindən istifadəyə qadağa qoymağı planlaşdırır. Bu şəbəkə planını reallaşdıra bilərsə, çox gözəl nəticə əldə olunar. Lakin rellaşdırarsa…
Sosial şəbəkələrlə bağlı qərar verilməlidir
Artıq sosial şəbəkələr o həddə gəlib ki, insanların mənəviyyatına, əxlaqına da ciddi şəkildə zərbə vurur. İradəsi bir qədər zəif, utanması bir qədər az olan insanlar burada elə paylaşımlar edir ki, gözlülər olsun, görməsin. Kim nə istəyirsə, onu danışa, çəkə, göstərə bilir. Sanki sosial şəbəkələr hər kəsin şəxsi tribunasıdır. Oradan necə danışacağına, nə söyləyəcəyinə yalnız özü icazə, qərar verə bilər.
Bütün bunlar isə Azərbaycan cəmiyyəti olaraq bizim mentalitetə, ənənələrə uyğun gəlmir. Əsrlər boyu qoruyub bu günlərə gətirdiyimiz dəyərlərimiz bu platformalarda itirilməkdədir.
Həyatımıza nəzər salsaq, dəyişikliyə məruz qalmayan az şey görmüş olarıq. Bu az qalanların da itirilənlərin ardınca getməsini istəmiriksə, sosial şəbəkələrlə bağlı bir qərar verilməlidir. Özünü hələ dərk etməyən, tanımayan uşaq, yeniyetmə və müəyyən yaşa qədər gənclərin sosial şəbəkə istifadəsi məhdudlaşdırılmalıdır. Valideynlərə cərimə tətbiq olunmalıdır ki, uşaqları sosial şəbəkə qurbanı etməsinlər.
Uşaq, yeniyetmə, gənc, orta nəslin nümayəndələri, yaşlı insanlar, hər kəs bu platformalarda günün əksər saatını keçirir. Vacib olan məsələlər bir kənarda qalıb, sosial platformalar bütün vaciblərin yerinə keçib. Həyatımızı öz təsiri altına salıb. Utanmaq, çəkinmək, arı, böyük-kiçik yerini, böyüyə hörmət hissini, ölüyə-diriyə dəyəri, bir-birimizə sayğını gündən-günə yoxa çıxarır.
Biz sosial şəbəkələrin görünür ki, yaxşıdan çox pis tərəflərindən istifadəyə üstünlük vermişik. Yoxsa onların o qədər müsbət cəhətləri var ki… İndi ki, müsbətdən çox mənfiyə meyilliyik və özümüzü bu platformalarda gülünc hala salır, ailəmizin sirrini, uşağımızı, gəlin-qayınana münasibətlərini burada müzakirə edir, hər kəsə göstəririksə, bizə ar olsun. Heç olmasa, uşaq-yeniyetmələr ardıcıllarımız olmasın deyə hökmən onlar üçün sosial şəbəkələr məhdudlaşdırılmalıdır. Əks təqdirdə onlar məhvə doğru gedir. Qarşıda görünən böyük bir uçurum var. Övladlarımız o uçurumun bir addımlığına çatıb. Lakin geri dönüş ola bilər: bu isə bizim onları geriyə səsləməyimizdir.
Mətanət Məmmədova