sosial media

Sosial şəbəkələrdəki “like oyunu”

Baxış sayı: 1. 205

Sosial şəbəkələrdə qəribə bir tendensiya hökm sürür. Müxtəlif fotolar paylaşaraq bəyənmə və şərhlərin sayını artırmağa cəhd edənlərin sayı günü-gündən artır. Bəziləri əlil şəxsləri, milli qəhrəmanlarımızı, həmçinin dini şəkilləri paylaşıb sosial şəbəkə istifadəçilərinin maksimum bəyənməsini istəyirlər.

Təəssüf ki, milli qəhrəmanlarımızı, şəhidlərimizi paylaşıb “bəyənməyən ermənidir”, Kəbənin fotosunu isə paylaşıb “bəyənməyən kafirdir” kimi bəsit yanaşmalar var. Məqsəd çoxlu “like” və şərhlər toplamaq, sosial şəbəkə səhifəsini aktivləşdirməkdir. Lakin bu amil heç də xoşagələn deyil, hətta utancvericidir.

Mövzu ətrafında fikirlərini bölüşən sosioloq Lalə Mehralı bildirir ki, çox vaxt valideyn himayəsindən məhrum olmuş uşaqların da üzü açıq şəkli paylaşılır. Sosioloqun fikrincə, belə halların qarşısını almaq mümkün deyil:

“Çünki sosial şəbəkələrdə azad səhifə işlədənlər haradansa maliyyələşmirlər. Ona görə bu halların qarşısını almaq mümkün olmaz. Məsələn, hansısa xəbər saytının feysbuk səhifəsində yayımlansa, hər kəs həmin saytı boykot edər və saytın İP-si aşağı düşəndə məcbur belə məqamlardan uzaqlaşarlar. Amma bəzi səhifələr belə paylaşımlarla ucuz izləyici kütləsi yığa bilərlər. İntellektual adamları bu cür paylaşımlarla cəlb etmək olmaz. Bir vaxtlar “Bu mesajı 10 nəfərə göndər, günün sonunda xoş xəbər eşidəcəksən” kimi mesajlar da yayılmışdı. Bu da ciddi insanların maraq dairəsində deyildi”.

sosial sebekeler

Sosioloq qeyd edir ki, belə şəkilləri bəyənən şəxslərin əksəriyyəti bekarçılıqdan sosial şəbəkələrdə vaxt keçirənlərdir:

“Ciddi oxucu kütləsi üçün belə paylaşımlar əhəmiyyət kəsb etmir. Mübariz İbrahimovu, böyük liderləri paylaşanda elə şərh yazılmalıdır ki, həmin şəklin haqqını versin. Bəlkə də bunun qarşısını almağa cəhd etmək olar. Amma həmin səhifələri kimin idarə etdiyi məlum deyil. İP-lərdən çox məlumatları tapmaq olar, lakin belə hallara görə vaxt itirmək əhəmiyyətsizdir”.

L.Mehralı bildirir ki, sözügedən hadisələrdə oxucu kütləsi məlumatlandırılmalı və təbliğat aparılmalıdır:

“İnsanlara demək lazımdır ki, belə hallara aldanmasınlar, həmin səhifə sahiblərinin baxış sayını artırıb reklam qazanmaqlarına şərait yaratmaq olmaz. Onlar ucuz reklamla özləri üçün qazanc əldə edirlər, sadə insanların bir “like”ı onların daha çox reklam almasına xidmət edir. Cəmiyyətdə hər düşüncədə insan var. Məsələn, “bu şəkli bəyənməyən ermənidir” yazılsa, onsuz da dərrakəli şəxs həmin şəkli bəyənməyəcək. Həmin şərh əksinə insanların bəzisində antipatiya doğura bilər.

Bəlkə də, həmin “çağırışlar” kimin üçünsə normaldır, amma mənə görə anormaldır. Məncə, belə paylaşımlardakı “like” sayı cəmiyyətin savad və cahillik səviyyəsini ortaya qoyur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir