Müasir ailələrin qlobal miqyasda yaranan tendensiyaların təsirinə məruz qalması və aşınması, əlbəttə ki, bir sıra səbəblərlə əlaqəlidir. Burada sosial-psixoloji, eyni zamanda, İKT-nin sürətli inkişafı nəticəsində meydana çıxan digər spektrli problemlər kontekstindən araşdırmalar aparılmalıdır. Elm və texnikanın inkişaf etməsi, internet məkanın genişlənməsi kimi amillər insanların işini müəyyən qədər yüngülləşdirsə də, bunlar ailədaxili problemlərin yaranmasından yan keçmir. Qeyd etmək lazımdır ki, son illərdə bütün dünyada geniş istifadə olunmağa başlayan sosial şəbəkələr müsbət tərəfləri ilə yanaşı, cəmiyyətə mənfi təsirlərini də göstərməkdədir. Tez-tez “sosial şəbəkədə tanış olduğu yeniyetməni zorladı”, “qətlə yetirdi”, “sosial şəbəkə ailəni dağıtdı” və s. kimi xoşagəlməz xəbərlərin yayılmasının şahidi oluruq. Ancaq təəssüflər olsun ki, beynəlxalq təcrübədə sosial şəbəkələrin bu cür mənfi təsirlərinin qarşısının alınması üçün hər hansı konkret nümunələr yoxdur. Sosial şəbəkələrə qadağaların qoyulması isə dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Sosial şəbəkələrin qadağan edilməsi insan azadlıqlarının boğulması kimi qiymətləndirilir. Bəzən sosial şəbəkələr cəmiyyətlərdə həlli olduqca çətin, bəlkə də mümkün olmayan problemlər yaradır.
Ancaq buna baxmayaraq, bu problemlərin həlli edilməsi üçün zaman-zaman müxtəlif təkliflər irəli sürülür. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova gənclərə mənfi təsirin aradan qaldırılması üçün milli sosial şəbəkələrin yaradılmasını zəruri sayır. Trend-in məlumatına görə, H. Hüseynova bildirib ki, ailə dəyərlərimizin təbliğində KİV-in, xüsusilə televiziyanın üzərinə böyük iş düşür. Komitə sədri bir çox hallarda sosial-məişət mövzulu proqramlarda yalnız cəmiyyətin neqativ tərəflərinin nümayiş olunmasına təəssüfləndiyini söyləyib: “Halbuki bizim çox sayda nümunəvi ailələrimiz var. Düzdür, ailələrin problemlərini işıqlandırmaq lazımdır, lakin balans pozulmamalıdır. Ən təhlükəli məsələlərdən biri də internetin, sosial şəbəkələrin çox sürətlə ailələrə daxil olmasıdır ki, bu da qarşısı alınmaz bir prosesdir. İnsanlar ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, övlad-valideyn ünsiyyətində soyuqluq yaradır. Xüsusən də bu, böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Eyni zamanda, milli-mənəvi dəyərlərin aşınmasına yol açır. Buna görə də milli sosial şəbəkələrin, portalların yaranmasına və saylarının artırılmasına ehtiyac yaranır. Eyni zamanda, biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq”.
Komitə sədri bildirib ki, internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olması ən təhlükəli məsələlərdən biridir: “Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, valideyn-övlad ünsiyyətində soyuqluq yaradır. Bu hal xüsusən böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır. Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz valideynlər və uşaqlarla görüşlər keçirir, texnologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk”.
Mövzu ilə bağlı bir müddət əvvəl eyni fikirlə çıxış edən millət vəkili Musa Quliyevin mövqeyini öyrəndik. O qeyd etdi ki, sosial şəbəkələrdə olan təhdidlər, təhqirlər və bu kimi digər təhlükəli hallar mütləq şəkildə tənzimlənməlidir: “Bəli, bir müddət əvvəl mən də bu məsələni qaldırmışdım. Lakin elə sosial şəbəkələrdə, bu, yanlış anlaşılmışdı. Milli sosial şəbəkə yaratmaq o demək deyil ki, digər bütün beynəlxalq şəbəkələri bağlayırıq. Əslində, bildirmək istəyirdim ki, sosial şəbəkələrin ölkədaxili tənzimlənməsi olmalıdır və imkan varsa, öz şəbəkəmizi yarada bilərik. Amma bunun texniki baxımdan mümkünlüyü, nə qədər maliyyə vəsaitinin lazım olması haqqında bu sahənin mütəxəssisləri məlumat verə bilər. Məncə, milli şəbəkənin yaradılmasının heç bir ziyanı yoxdur. Belə ki, informasiya təhlükəsizliyi istənilən dövlət üçün vacib məsələlərdən biridir və biz də bununla bağlı müvafiq addımlar atmalıyıq. Sosial şəbəkələrdə olan təhdidlər, təhqirlər və bu kimi digər təhlükəli hallar mütləq şəkildə tənzimlənməlidir. Məsələ ilə bağlı müvafiq işlər görülməlidir. Amma təəssüf ki, bu istiqamətdə adekvat addımlar atılmır. Fiziki təhqirə və zorakılığa görə müəyyən cəzalar var. Düşünürəm ki, virtual aləmdə olan bu kimi halların qarşısını almaq üçün müəyyən cəzalar tətbiq edilməlidir”.
“Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyir ki, beynəlxalq sosial şəbəkələr bizim həqiqətlərimizi dünyaya çatdırmağımıza yardımçı olur: “Açığı, belə bir təklifin verilməsi mənə təəccüblü gəldi. Hətta iddia olunur ki, sosial şəbəkələr ailə, valideyn-uşaq münasibətlərini korladığı üçün milli sosial şəbəkələr yaradılmalıdır. Ailələrlə münasibətin istiləşməsinə, yaxınlaşmasına milli şəbəkənin təsiri olacaq? Bəzən ailələrdə problemləri, tərəflərin sosial şəbəkələrdə çox vaxt keçirməsi ilə əlaqələndirirlər. Maraqlıdır, milli sosial şəbəkələr insanların vaxtını almayacaq? Bu, mənə qaranlıq qaldı. Düzdür, milli sosial şəbəkələrin olması bizim texniki uğurumuz, informasiya sahəsində bacarığımız ola bilər. Amma bunun ailələrlə əlaqələndirilməsinin yersiz olduğunu düşünürəm. Çünki əgər bir insan sosial şəbəkələrə üzv olub vaxtını orada keçirmək istəyirsə, bu, yerli, yaxud da beynəlxalq sosial şəbəkələr olsun, fərq etməyəcək. Gəlin ailələrdə istiliyi, münasibəti, anaların övladları ilə səmərəli vaxt keçirməsi, kişilərin öz ailəsinə diqqətli olması üçün başqa təkliflər irəli sürək. Sosial şəbəkələr insanlar üçün bir hədə, təhlükə mənbəyi olmamalıdır. Bu şəbəkə vasitəsi ilə biz dünyaya çıxış əldə edirik, həqiqətlərimizi çatdırırıq. Belə ki, bir müddət əvvəl Xocalı barədə həştəq yaratdıq. Dünyanın neçə ölkəsində o həştəqləri nə qədər xarici dostlarımız paylaşdı. Amma milli sosial şəbəkədə bu imkanlarımız olmayacaq”.
İT sahəsi üzrə ekspert Tural Mustafayev təklif edir ki, yenisini yaratmaqdansa, hazırda mövcud olan bəzi təhlükəli qrupları bağlamaq və ya nəzarətə götürmək olar: “Milli sosial şəbəkə yaratmaq üçün çoxlu mütəxəssis cəlb edilməlidir. Bundan əlavə, xeyli avadanlıq alınmalıdır. Bunlar hamısı ciddi maliyyə resursu tələb edir. Digər tərəfdən, bu şəbəkələrə nəzarət edəcək şəxslər olmalıdır. Yəni bu işin ərsəyə gəlməsi üçün təxminən 150-200 nəfərlik bir komanda yığılmalıdır. Həmçinin bu komandada çalışanların alacağı məvacib də kifayət qədər böyük rəqəmlər olacaq. Mən düşünürəm ki, milli sosial şəbəkəni yaratmazdan əvvəl bunun nə qədər effektiv olacağını hesablamaq lazımdır. Tutaq ki, bu şəbəkəni yaratdıq, sizcə, hazırda özünə kifayət qədər auditoriya toplamış beynəlxalq sosial şəbəkələri qoyub, milli şəbəkədən kim istifadə edəcək? Üstəlik, milli şəbəkədə nəzarətin güclü olacağını da nəzərə alsaq, məncə, kiminsə ondan istifadə etməyə meyilli olacağını düşünmürəm. Təklif edirəm ki, yenisini yaratmaqdansa, hazırda mövcud olan bəzi təhlükəli qrupları bağlamaq və ya nəzarətə götürmək olar”. (“Kaspi.az”)