Facebook

Sosial şəbəkədə tanış olub ailə qurmaq niyə birmənalı qarşılanmır?

Baxış sayı: 1. 619

Bir neçə gün əvvəl Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı boşanmalara səbəb olan amillərdən danışıb. O tez dağılan ailələr sırasında sosial şəbəkə vasitəsilə tanış olub evlənən cütlüklərində olduğunu bildirdib.

Danılmaz faktdır ki, sosial şəbəkədə tanışlıq cəmiyyətdə birmənalı qarşılanmır. Hətta sosial şəbəkədə tanış olub ailə həyatı quranların ailə təməlinin möhkəm olacağına inanmayanlar kifayət qədərdir. Məhz bu yanaşmaya görə də bir sıra gənclər öz ailələrindən, yaxınlarından sevdiyi insanla sosial şəbəkədə tanış olduqlarını gizlədir. Çünki tənqid atəşinə tutulacaqlarını bilirlər. Hətta bir sıra rayonlarda, kəndlərdə sosial şəbəkədə olan qıza və ya şəkillərini paylaşan şəxslərə pis insan damğası vururlar və qəbul edə bilmirlər.
 
Lakin bununla belə, Azərbaycanda sosial şəbəkələrdə tanış olub ailə quran, xoşbəxt olan cütlüklər yetərincədir. Məsələn, teleaparıcı, müğənni Murad Arif kimi. Murad Arif sosial şəbəkədə tanış olduğu xanımla ailə qurub və örnək sayılacaq bir ailəyə sahibdir. Ona görə də bu məsələ ilə bağlı onun da fikirlərini aldıq.
O, açıqlamasında sosial şəbəkənin ailələrin möhkəmlənməsində və ya zəifləməsində heç bir rol oynamadığını dedi: “Söhbət tanışlıqdan gedirsə, insan kinoteatrda, əmisi qızının toyunda, orta məktəbdə tanış olduğu kimi, facebookda da tanış ola bilər. Sosial şəbəkə yalnız tanışlıq şəraiti yaradır. İstərdim bunu bütün deputatlar, ziyalılar, efirə çıxan müğənnilər birdəfəlik anlasınlar: sosial şəbəkə heç kimin ailəsinin nə möhkəmliyini, nə də zəifliyini təmin edən faktordur. Sosial şəbəkə adi bir teatr, supermarket kimi bir şeydir. Yəni adi tanışlığın şəraitini yaradır. İnsanın ailə təməlinin möhkəm və ya zəif olmağı iki nəfərin şəxsi keyfiyyətlərinə bağlı bir şeydir. Mən bu cür fikirlərə çox üzülürəm. Sosial şəbəkədə ziyalı insanlar, millət vəkilləri oturur. Sosial şəbəkə bir ünsiyyət vasitəsidir. Bu heç kimin ailəsinin dağılmasına, nə də ki, qurulmasına səbəb ola bilməz”.
 
Psixoloq Dəyanət Rzayev isə sosial şəbəkə anlayışına insanların hələ ki tam öyrəşə bilmədiyini dedi:“Bəzən deyirlər ki, sosial şəbəkədə tanış olanların sonu faciə ilə nəticələnir. Ancaq qeyri-sosial şəbəkədə də tanış olub evlənənlərin sonunun faciə ilə bitənləri var. Buna görə də sosial şəbəkələri günahlandırmaq lazım deyil. Sovet vaxtı inkişaf var idi. Nadir hallarda oğlan qızın üzünü toy günü görürdü. Amma sovet dağıldıqdan sonra bir sıra bölgələrdə sanki keçmişə qayıdış oldu. Sosial şəbəkə anlayışına insanlar hələ ki, öyrəşməyiblər. Hazırda cəmiyyətdə əgər qız sosial şəbəkədədirsə, pis qızdır kimi düşüncələr var.  Halbuki, insanların sosial şəbəkədə olması, hətta burada kiminləsə tanış olması normal bir şeydir. Məsələn, əvvəllər yolda tanış ola bilərdi, indi sosial şəbəkədə tanış olurlar. Bu o demək deyil ki, sosial şəbəkədə tanış olanların münasibəti pis olmalı və sonu faciə ilə bitməlidir. Amma təbii ki, insanlar evlənməmişdən əvvəl bir-birlərini tanımalıdırlar. Əvvəllər bu normal idi ki, qohum-əqrəba düzüb qoşurdu, qız ərə gedirdi və oğlanın üzünü yalnız toy günü görürdü. Amma indi informasiya bolluğudur və insanlar bunu qəbul etmirlər. Münasibətlərdə əvvəllər kişi həyat yoldaşını vuranda deyirdilər ki, dözməlisən. Ancaq indi anlayışlar dəyişib və qadın bunu qəbul etmir. Buna görə də mentalitet zamanla dəyişə bilir. Təəssüflər olsun ki, cəmiyyətimizdə sosial şəbəkədə tanış olanlara, xüsusən də qızlara normal baxmırlar. Oğlana hər şey ola bilər, amma qıza yox. Buda mentalitetdən irəli gəlir”.
Psixoloq bəzi bölgələrdə keçmişlə gələcəyin mübarizəsinin getdiyini dedi: “Qadınlara kriminal münasibət hələ də var. Avropa ölkələrində qızla oğlan sosial şəbəkədə tanış olub evlənirsə, sevgili olursa, buna pis baxmırlar. Bizdə qız və oğlan sosial şəbəkədə tanış olub, ailə qurub xoşbəxt olmasına baxmayaraq kənardan yenə də ”bunlardan nə ailə çıxar, sosial şəbəkədə tanış olublar” kimi fikirlər səsləndirilir. Cəmiyyətin özü bu cür şeylərə adekvat deyil. Belə də olur ki, sosial şəbəkədə tanış olub ailə qururlar və hansısa konflikt yaranan zaman qohum-əqrəba deyir ki, sosial şəbəkədə tanış olduğun qız bundan artıq olmaz ki və sairə. Təbii ki, bu da müəyyən qədər konflikt yaradır. Əgər iki insan bir-birini sosial şəbəkədə tapıb seviblərsə, bunu ailələrindən gizlədirlər. Çünki düşünürlər ki, söz-söhbət olacaq və buna yaxşı baxmayacaqlar. Ona görə də başqa yerdə, tutaq ki, küçədə tanış olduqlarını deyirlər”.
Günel MANAFLI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir