toy

Şou əhli yeni toy modeli haqqında nə düşünür?

Baxış sayı: 1. 257

Sentyabrın 1-dən etibarən ölkəmizdə Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla sərt karantin rejimi və bir çox qadağalar ləğv edilib. Karantin qaydaları qorunmaqla açıq məkanda fəaliyyət göstərən kafe və restoranların da açılmasına icazə verilib. Lakin toylarla bağlı qadağalar hələ də ölkə üzrə qalmaqdadır.

Bu isə sənət adamları daxil olmaqla, sahibkarları, toydan gəlir əldə edən hər kəsi narazı salır. Onlar toylara qoyulan qadağaların aradan götürülməsini istəyirlər. Çünki artıq başqa ölkələrdə toylarla bağlı qadağalar aradan götürülüb. Müəyyən çərçivələr daxilində insanlar öz xeyir işlərini həyata keçirə bilirlər.
Bəzi ekspertlər bildirir ki, kafe və restoranların açıq məkanlarda fəaliyyətinə icazə verildiyi kimi toy və nişan tədbirlərinin də açıq məkanlarda keçirilməsinə icazə vermək lazımdır. Lakin qeyd edilir ki, sosial məsafə gözlənilsin, məclisdə bəy və gəlinin birinci və ikinci dərəcəli ailə üzvləri iştirak etsinlər, qonaqlar tibbi maska taxsınlar. Təklif olunur ki, yalnız gəlinlə bəy rəqs etsin və masalar arasında sosial məsafə gözlənilsin.

Bəs, toyların olmamasından narazı qalan müğənni və aparıcılar təklif olunan yeni toy modeli haqqında nə düşünürlər?
yencag.az_2017-06-27_11-17-31-640x369.jpg (30 KB)

Müğənni İzzət Bağırov bildirir ki, Azərbaycanın gözəl toy adətləri var:
“Toy elimizin adətidir. Hər bir valideynin arzusudur ki, övladının xoş gününü- toy gününü görsün. Amma müasir toylarımızda mənim də bəyənmədiyim nüanslar çoxdur. Süfrəyə min cür nemət düzülür, çoxu yeyilmir. İsrafçılığa yol verilir. Bu, məni hər zaman düşündürür. İnanıram ki, karantindən sonra toylarımıza yeni nəfəs gələcək. Artıq insanlar yeməyə yox, bir-birinin xoş günündə əylənməyə üstünlük verəcəklər. Yemək israfçılığı aradan qaldırılsa, ev sahibinin büdcəsi də yüngülləşər. Bundan əlavə toylarda ən yaxın adamların iştirak etməsi daha səmimi ortamın yaranmasına səbəb olacaq. Məncə, yeni qaydalar tətbiq olunması daha yaxşıdır.

İnanıram ki, məhərrəmlikdən sonra toylara qoyulan qadağalar aradan götürülər. Çünki toydan ancaq musiqiçilər qazanmır. Minlərlə insan evinə çörək pulu aparır. Toydan pul qazanan ən son sənət sahibləri müğənnilərdir. Toydan bazardakı satıcılar, gül, gəlinlik mağazaları, avtomobil kirayələyən şirkətlər, gözəllik salonları, ofisiantlar, qabyuyanlar və yüzlərlə digər peşə sahibləri pul qazanır. Düşünürəm ki, müəyyən qaydalar çərçivəsində toylara qoyulan qadağalar götürülməlidir”.

1114390.jpg (27 KB)

Müğənni Murad Arif də yeni model toyları dəstəkləyir: “Düşünürəm ki, dəyişiklik artıq başlayıb. Elit təbəqə , oliqarxlar, xarici ölkədə təhsil alan insanların toylarında onsuz da fərqli model tətbiq olunur və bu, kütləvi hala çevriləcək. Məclislər son illər 1000-1500 nəfərlik olmurdu. Artıq “20 il əvvəl filan kəsin oğlunun toyuna getmişəm, çağırım borcunu ödəsin”, “Filan kəs iş yoldaşım olub, çağırım o da gəlsin” kimi söhbət edilmir. Bunu elit təbəqənin toylarını aparan insan kimi deyirəm. Karantin də bu prosesə benzin tökəcək. İsrafçılıq olmasın, səmimiyyət olsun, ev sahibləri sakit əsəblə, rahat-rahat, xoş gündən zövq alsın. Mən də sənətçi olaraq bu ənənəni iki əlli alqışlayıram”.

1458115260_351533.jpg (189 KB)

Aparıcı Aysel Nazim isə toylara qoyulan qadağaların götürülməsini istəyir:
“Toylara qoyulan qadağaların aradan götürülməsini mən də istəyirəm. Lakin toylarla bağlı edilən təkliflərlə razıyam. Onsuz da gənclər artıq tanımadıqları uzaq qohumlarını toylarında görmək istəmirlər. Onlar daha səmimi ortam arzulayırlar. Son illər getdiyim toylarda maksimum 200 nəfər görürəm. Bu, məni sevindirir”.

Elnarə_Xəlilova.jpg (84 KB)

Müğənni Elnarə Xəlilova isə toylara az halda getdiyini bildirir:

“Onsuz da toylara, şou proqramlara getmirdim. Dövlət Sərhəd Xidmətinin solistiyəm, işimi orda davam etdirirəm. Lakin toylardan yüzlərlə insan pul qazanır. Ona görə koronavirusa qarşı önləmlər alınaraq toyların keçirilməsinin tərəfdarıyam”.

Könül




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir