Şou əhli Şaxta babadan nə istəyir?

Baxış sayı: 1. 488

2015-ci ilin son günlərini yaşayırıq. Hər kəs Yeni ili qarşılamağa hazırlaşır. Yeni ilin gəlişini xüsusən də uşaqlar səbirsizliklə gözləyir. Dövrümüzün uşaqlarının bir qismi Şaxta babaya inanmasa da, bir çoxu onların varlığına inanır. Uşaqların Şaxta babanın varlığına inanmasının səbəbkarları isə birbaşa olaraq valideynlərdir. Biz də bu dəfə şou-biznes nümayəndələri və onların övladlarının Şaxta babadan istədiklərini xəbər aldıq.

“Şaxta babadan tək istəyim odur ki, Qarabağımızı geri qaytarsın”

Xalq artisti Mənsum İbrahimov bizimlə söhbətində bildirdi ki, Şaxta babadan yalnız bir şey istəyir: “Şaxta babadan tək istəyim odur ki, Qarabağımızı geri qaytarsın. Həyatda ondan böyük arzum yoxdur. Çünki mən o torpaqlarda böyümüşəm. Mənim ən böyük arzum o torpağı yenidən görməkdir. Şaxta babadan arzum budur ki, növbəti Yeni ili Qarabağda keçirək”.

Xalq artisti 2015-ci ili qənaətbəxş hesab edir: “Geridə qoyduğumuz 2015-ci ildə yaradıcılıq baxımından bir sıra səfərlərim, konsertlərim oldu. Nəvəm dünyaya gəldi. Artıq mən baba olmuşam. Ümumi götürdükdə, bu il mənim üçün yaxşı bir il oldu. 2015-ci ilin sonunda devalvasiya baş verməsi bir qədər bizi çətin vəziyyətə saldı. Arzu edirəm ki, 2016-cı il xalqımız, dövlətimiz üçün uğurlu olsun, xalqımızın rifahı yaxşılaşsın. Belə görürəm ki, 2016-cı il bizim üçün mübarizəli və çətin olacaq. Çünki hər şey iqtisadiyyata bağlıdır. İstənilən halda xalqımızın xoşbəxtliyini arzulayıram. Hər baxımdan biz mübarizə aparıb qələbə qazanmalıyıq”.

M.İbrahimov onu da bildirdi ki, övladları bir neçə il bundan əvvələ qədər Şaxta babaya məktub yazıb: “Uşaqlarım kiçik yaşlarında Şaxta babaya məktub yazırdılar. Məktub yazmağı onlara anaları öyrədirdi. Şaxta babadan istədikləri hədiyyəni biz də onlara alırdıq. Onlar daha çox maşın və kukla oyuncaqları istəyirdilər. Uşaqları sevindirmək üçün nə desən edərəm. Uşaqlar da uşaqlığını keçirməlidirlər”.

“Şaxta babaya məktubunda nənəsindən şuba istəyib”

Aparıcı Dilarə Əliyeva da Şaxt babadan hər kəsə can sağlığı, uğurlar istəyir: “2016-cı ildə hər bir sənət adamına arzuladıqları nailiyyətləri arzulayıram. Bütün çətinliklərə baxmayaraq, hər kəsə can sağlığı istəyirəm. Çünki canımız sağlam olsa, çətinliklərin öhdəsindən asanlıqla gələ bilərik. Mənim xoşbəxt olmağım üçün çox az bir şey lazımdır. Canımız sağ olsun, bəsimdir. 2015-ci il mənim üçün sakit keçdi. O qədər də haylı-küylü olmadı. Yadımda qalan, xüsusi yaxşı və pis günlərim olmadı. Xəstələnmədimsə, yaxşı keçdi. 2016-cı ildən maraqlı işlər gözləyirəm. Ruhum, qəlbimin yolunu gözlədiyi işlər var. Onların baş tutmasını istəyirəm. Maraqlı fikirlərim var. Kaş ki, imkan və şərait olsun, mən onları həyata keçirim. Yeni filmə çəkilmişəm. Arzu edirəm ki, o da uğurlu olsun. Azərbaycanımızda yaxşı dolanışıq, yaxşı gün-güzəran, insanların üzündə bolluca gülüş olsun”.

Aparıcı balaca qızının Şaxta babaya məktub yazdığını bildirdi: “Kişik qızım Şaxta babaya məktub yazıb. O, Şaxta babadan müxtəlif oyuncaqlar və kitab istəyib. Təkcə Şaxta babaya deyil, həm də ailəmizin bütün üzvlərinə məktub yazıb. Misal üçün, Şaxta babaya məktubunda nənəsindən şuba istəyib. Hətta məktuba nənəsinin ev ünvanını da yazıb. Atasından əlcək istəyib. Sağ olsun, heç kimi yaddan çıxarmıyıb (gülür). Böyük qızım isə deyir ki, nə alarsınız, alarsınız”.

“Xoş arzular həyata keçsin”

İfaçı Ayaz Qasımov bizimlə söhbətində 2016-cı ilin xalqımız üçün düşərli bir il olmasını arzuladı. Zarafatından da qalmayıb, Şaxta babadan saxta olmasaydı, çox şey istədiyini bildirdi: “Düzünü desək, 2015-ci il mənim üçün düşərli bir il oldu. Üzümüzə gələn 2016-cı ildən çox şey gözləyirəm. Ancaq bəzən hər şey bizim istədiyimiz kimi olmur… Buna baxmayaraq, yenə də çox istərdim ki, bütün arzularımız olmasa da, ürəyimizdəki bəzi xoş arzular həyata keçsin”.

İfaçı övladlarının Şaxta babaya məktub yazmaq üçün kiçik olduğunu desə də, onların Şaxta babanın varlığına inandığını gizlətmədi. Məlum oldu ki, ifaçı özü də uşaq olarkən Şaxta babaya məktub yazıb.

Şaxta babadan konsert istəyi

Gənc ifaçı Lamiyə Novruzova Yeni ildə Şaxta babadan böyük konsert istədi. Qeyd etdi ki, uşaq olarkən Şaxta babadan təkərli ayaqqabı (“rolik” – müəllif) istəyib: “Şaxta babadan istədiyim təkərli ayaqqını mənə əmim hədiyyə edib”.

O, 2015-ci ilin onun üçün o qədər də düşərli olmadığını bildirdi: “2015-ci ilə dair böyük arzularım var idi. Geridə qoyduğumuz bu il həyatımın ən pis, ən bərbad ili oldu. Əslində bu ili yaşamamaq üçün hər şeyimi qurban verərdim, hətta səsimi də… Təki 2015-ci ildə itirdiklərimi mənə geri versinlər. Təssüflər olsun ki, o da mümkün deyil. Mənim ən böyük hədiyyəm atamın, anamın yanımda olmasıdır. Ancaq bu il atamı itirdim. Bu 2015-i mən sevmədim. İndi isə istəklərimi Şaxta babadan yox, Allahdan istəyirəm”.

Lamiyə, əslində heç zaman Şaxta babaya inanmadığını dedi. Fikrini onunla əsaslandırdı ki, kiçik yaşlarından başqa uşaqlardan daha ağıllı olub: “Uşaq yaşlarımda da heç zaman öz yaşıdlarımla oynanmışam. Çünki düşüncələrim, fikirlərim həmyaşıdlarıma görə daha üstün olub. Dostlarımın Şaxta babaya inandığı vaxtlarda mən Allahıma inanırdım. Valideynlərimdən də heç nə tələb etmirdim. Bunun da səbəbi var. 16 yaşımdan sonra işləyib, özümə istədiklərimi ala bilirdim. O ki qaldı Şaxta babaya məktub yazmağıma, mən heç zaman belə məktub yazmamışam. Uşaq vaxtı Heydər Babaya məktub yazmışam. O da arzumu yerinə yetirib. Bizim arzularımızı gerçəkləşdirən babamız var idi. Allah ona rəhmət etsin! Təhsilimlə bağlı olaraq ona şikayətlərimi yazmışdım. O mənim məktubumu oxumuşdu. İstəyim yerinə yetirilmişdi”.

“Şaxta babadan səhnə kostyumları istəyirəm”

Gənc ifaçı Leyla Ramazanlının 2016-cı ildə Şaxta babadan maddi və mənəvi istədikləri oldu: “Şaxta babadan gözəl, rəngarəng səhnə kostyumları istəyirəm. Bundan başqa, mənəvi xoşbəxtlik bəxş etsin. Təbii ki, arzularımın reallaşmasını birinci Allahdan, sonra Şaxta babadan istəyirəm. Qoy, bu 2016-cı il hər kəsə sağlam və gözəl, firavan həyat bəxş etsin”.

Əməkdar artist Bəhram Bağırzadə “Kaspi”-yə açıqlamasında Yeni ili keçirməyə o qədər də həvəsli olmadığını bildirdi: “Mən Şaxta babadan heç nə istəmirəm, istəyəndə Allahdan istəyirəm. Mənim övladlarım da Şaxta babaya məktub yazmırlar, onlara Allaha dua etməyi öyrətmişəm. 2015-ci il 9 milyonluq xalq üçün necə keçibsə, mənim üçün də elə keçib. Mən 2016-cı ildən sağlam həyat, xoş günlər gözləyirəm. Gələcək ilə müsbət baxırıq və Allaha təvəkkül edirik. Başımıza gələn hər bir hadisə bizə Allah tərəfindən göndərilir və biz də Allaha təvəkkül edib yaşamalıyıq”.

Xoşbəxtlik arzusu

Müğənni Sevda Sanalıyeva 2016-cı ildə Şaxta babadan ailəsinin sağlam və yanında olmasını istəyir: “Üzümüzə gələn Yeni ilin çox ruzi-bərəkətli il olmasını diləyirəm. 2015-ci il mənim üçün həm pis, həm də yaxşı xatirələrlə yadda qaldı. 2016-cı ildən şad xəbərlər gözləyirəm”.

İfaçı qeyd etdi ki, bu il övladının ilk Yeni ili olacaq: “Övladım 10 aylıqdır. Bu il onun ilk Yeni ilidir. Ayın 30-da onu Yeni il şənliyinə aparacam və balamla ilk Yeni il keçirəcəm”.

Sevilən ifaçı Sevinc Ağaşirinova isə Şaxta babadan, şair Moşu demişkən, ancaq “xoşbaxtlıq” istədiyini dedi: “2016-cı ildə hər kəsə sağlamlıq, xoşbəxtlik arzulayıram. 2015-ci ildə iki dəfə əməliyyat olundum, inşallah, növbəti illərdə xəstəxanaya yolumuz düşməz. Təki sağlıq, xoşbəxtlik, insanlar arasında hörmət, sayğı olsun. Xoşbəxt olmaq üçün lazım olan hər bir şeyi istəyirəm. 2015 mənim üçün çox yaxşı keçdi. Arada bir az çətinliklərim olsa da, şükürlər olsun ki, məni sevən insanlar, dostlarım, ailəmin hər zaman dəstəyini gördüm. Hər bir insanın problemi ola bilər, ancaq biz çalışırıq ki, bu problemlərə baxmayaraq, üzümüz gülsün. Uşaqlarımla bərabər Şaxta babaya məktub yazmamışam. Şaxta babanın özünü evimizdə gözləyirik. 2016-cı ildə müğənni üçün lazım olan hər şeyi gözləyirəm. Çox istəyərdim ölkəmi xaricdə təmsil edim. Türkiyədə yenə də işlərim yaxşı getsin, üzümüzə gələn ildə Allahımdan çoxlu ruzi-bərəkət, əmin-amanlıq, sülh, oğlum, ailəmlə bərabər xoşbəxt həyat arzulayıram”.

“Qızım Şaxta babaya dedi ki…”

Aktyor Elnur Kərimov bizimlə söhbətində bildirdi ki, o, uşaqların Şaxta babaya yazdığı məktubların icrası ilə məşğuldur: “Uşaqlar Şaxta babaya məktub yazır, Şaxta baba da o icranı mənə tapşırıb (gülür). Mən də uşaqlıqda Şaxta babaya məktub yazmışam. Şaxta babadan istəyim odur ki, aktyorların əmək haqları artsın. İnşallah, aktyorlar üçün qəşəng bir bina tiksinlər. Böyük bir aktyorlar şəhərciyi olsun. O qədər arzularım var ki, yazıq Şaxta baba onları icra etməkdə yorular. Onları oxuyanda ürəyi partlayar” (gülür).

Aktyor qızının Şaxta babaya məktub yazdığını deyir: “Qızım şəhərə çıxanda Şaxta babalara yaxınlaşıb onlarla söhbət edir. Bir dəfə gizlin onların söhbətini dinlədim. O, Şaxta babaya deyirdi ki, mən səndən böyük hədiyyələr istəyə bilmərəm. Çünki sən onları gətirə bilməyəcəksən, sənin üçün ağır olacaq. Ona görə də cibinə bir planşet, bir dənə də telefon qoyub gətirərsən ki, sənin üçün ağır olmasın. Ondan başqa, o, Şaxta babadan yazı stolu, oyuncaqlar istəyir. Qızım Şaxta babaya məktub yazdı, Şaxta baba da xəbər göndərdi ki, devalvasiya bitəndən sonra onun istəklərinə baxacaq”.

Aktyor 2016-cı ildən çox şey gözlədiyini qeyd edir: “Düşünürəm ki, gələcəyə dair yaxşı şeylər fikirləşək ki, onları görə bilək. İnanıram ki, 2016-cı ildə hər şey yaxşı olacaq. Düzdür, indi bir balaca çətin vəziyyətdəyik. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq, baş verənlərə son qoyulacaq. İnşallah, 2016 hamımız üçün sağlam bir il olacaq. Allah heç bir valideyni övlad qarşısında utandırmasın. Növbəti ildə valideynlər Allahın köməkliyi ilə övladlarını istədikləri şəkildə böyütsünlər”. (kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir