Gündəlik olaraq ən çox istifadə edilən məhsullardan biri də qazlı, sərinləşdirici, energetik içkilərdir. Təsadüfi deyil ki, müxtəlif super-market şəbəkələrinin ən böyük reyonları məhz bu içkilərə ayrılır. Ən kiçik yaşlı uşaqlardan tutmuş, orta və yaşlı nəslin nümayəndələri hər gün bu məhsulları istehlak edir. Fikir veribsinizsə, bu içkilərin əksəriyyətinin üzərində “soyuq halda için” tövsiyəsi var. Bəs görəsən bu içkiləri soyuq halda içməyin insan orqanizminə hər hansı bir fəsadı varmı? Varsa, onda niyə istehlakçılara bu içkilərin soyuq halda içilməsi tövsiyə olunur?
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı bildirdi ki, soyuq içkilər insanın həzm sistemini sıradan çıxarır: “Ümumiyyətlə, bu içkilərin soyuq və ya isti halda içilməsinin heç bir faydası yoxdur. Amma məsələ burasındadır ki, istənilən içkilərin düzgün formada içilməsi lazımdır. İstər çay, istərsə də digər içki növləri öz vaxtında içilməlidir. Qazlı içkilərin soyuq və ya isti halda içilməsini ümumiyyətlə, məsləhət görmürəm. Bu içkilərin tərkibi və onların doldurulduğu plastik butulkalar insan orqanizminə böyük ziyan vurur. Biz illərdir bu haqda danışır, insanları məlumatlandırırıq. Amma yenə də bu içkilərə maraq çox böyükdür. Onu da deyim ki, qazlı içkiləri içərkən müəyyən ara verilməlidir. Yeməkdən dərhal sonra soyuq içkilərin istifadəsi birmənalı olaraq, yanlışdır. Çünki bu, həzm sisteminə böyük ziyan vurur. İsti yeməklə birgə buz kimi soyuq bir içkinin qəbulu heç bir məntiqə sığmır. Bu, insanın mədəsinə birbaşa təsir göstərir. Mədənin işləmə prosesi getdikcə sıradan çıxır. Zamanla, bu insanlarda qastrit yaranmağa başlayır. Ona görə də, bu tip içkilər qida qəbulundan xeyli müddət sonra içilməlidir. Çox soyuq halda içilən içkilər mədə-bağırsaq sistemində problemi olanlara ümumiyyətlə, tövsiyə edilmir. Həmçinin, xroniki xəstəliklərdən əziyyət çəkənlərin soyuq halda içki qəbul etməsi yolverilməz haldır. Çünki bu, bir çox hallarda həmin xəstəliyin daha da kəskinləşməsinə səbəb olur. Belə içkilərə ən çox da gənclər və uşaqlar həvəs göstərir. İdmanla məşğul olan gənclər məşqdən sonra soyuq içki qəbul edirlər. Nəticədə yuxarı tənəffüs yollarının soyuqlaması, burun tutqunluğu halları baş verir. Allergiyası olan şəxslərdə isə gözlərin qaşınması və qızarması müşahidə edilir. Davamlı olduqda, kəskin respirator xəstəliyə çevrilir. Həddən artıq soyuq içkilər mədənin turşuluğunu artırır, qıcqırmaya səbəb olur. Diafraqmal yırtıq olan şəxslərdə isə bu içkilər daha çox narahatlığa səbəb olur. Ona görə də, içki qəbul edərkən bu kimi məqamlara diqqət etmək lazımdır. İçkinin nə zaman və hansı formada içilməsi çox önəmlidir”.
Həkim-terapevt Məlahət Abbasova qeyd etdi ki, qazlı və energetik içkilər isti halda içildikdə yaxşı dad vermir: “Bu içkilər soyuq halda içilərkən daha yaxşı dada malik olur. Ona görə də, onların üzərində belə bir xəbərdarlıq edilir. Bütövlükdə götürdükdə isə bu içkilərin orqanizmə böyük mənfi təsiri var. Çünki energetik və qazlı içkilərin tərkibində təbii olan heç nə yoxdur. Orqanizm bu içkilərə bəzi hallarda mənfi reaksiya verir. Amma çoxları bu içkilərdən imtina edə bilmir. Bu içkilərdən mümkün qədər uzaq durmağı tövsiyə edirəm. Yaxşı olar ki, adi su, evdə hazırlanmış kompot və meyvə şirələrindən istifadə edilsin. Çünki qazlı içkilərin tərkibində dadlandırıcı, rəngləndirici maddələr orqanizmimizdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Yəni bu içkilərin ziyanı var ki, faydası yoxdur. Amma məsələ burasındadır ki, bu içkiləri isti halda qəbul etmək mümkün deyil. Onların dadı yalnız soyuq halda yaxşı olur. Bu da həmin içkilərin ikiqat daha zərərli olmasına gətirib çıxarır. Soyuqdəymə ən müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxara bilir. Xəstəlik zəif orqanları qısa zamanda sıradan çıxarır. Bir çox hallarda iltihablaşmaya səbəb olur. Qara ciyəri, bronxları, mədəsi xəstə olan şəxslərdə ağırlaşma halları çox olur”.
Milli Kulinariya Mərkəzi rəhbərinin müavini Ceyran Əsgərova da bildirdi ki, soyuq halda içilməyəndə, bu içkilərin dadı effektli olmur: “İmmuniteti zəif olan insanların bu içkilərdən istifadə etməsi birmənalı şəkildə yolverilməzdir. Soyuq halda olanda, bu içkilərin tərkibindəki komponentlər daha xoşagəlimli olur. Bir çox insanların damaq zövqünə uyğun gəlir. Fikir veribsinizsə, isti halda bu cür içkiləri içmək zövq vermir. Təəssüf ki, bu içkilər uşaqlar arasında daha çox sevilir. Amma yaxşı olar ki, valideynlər uşaqlarına diqqət etsinlər. Uşaqların, bu içkiləri həddən artıq soyuq halda içməsi yolverilməzdir”.
Şəbnəm Mehdizadə