QİS

Soyuq hava, güclü külək, donan bədən: nə etməli? – HƏKİM RƏYİ

Baxış sayı: 1. 592
Sıfır dərəcədən aşağı temperaturun uzun müddət göstərdiyi təsir nəticəsində əmələ gələn zədələnmə donma sayılır. Bədənin müəyyən yerləri, xüsusən ürəkdən uzaq olan ucqar hissələr – ayaq, ayaq barmaqları, burun, qulaq, əl barmaqları donma prosesinə uğrayır.
Zəhərli qan
Cərrah Ayxan Səmədov deyir ki, donma aşağı temperaturun toxumalara göstərdiyi təsir nəticəsində qan dövranının kəskin surətdə pozulması ilə əlaqədar olan bir prosesdir. Bu zaman başlanan proses qan dövranını tamam dayandırmaqla və tromblar əmələ gətirməklə durğunluq törədir: “Donmuş bədən hissələrində toxuma mübadiləsi pozulur, donmuş hissələrin suluqlarında şəkərin və xlorlu natriumun miqdarı qan serumunkundan artıq olur. Donmuş qan əridikdən sonra tərkibini dəyişir, yüksək keyfiyyətə malik olan və mühüm vəzifələr daşıyan qan heç bir faydalı fizioloji xassəyə malik olmur. Əksinə, zəhərləyici təsir göstərə bilən pis keyfiyyətli qana çevrilir. Belə qan eritrositlərin parçalanması və hemoqlobinin həll olunması nəticəsində al qırmızı rəng alır.
Soyuq hava, güclü külək donan bədən
Cərrahın sözlərinə görə, fiziki amillər – soyuq, külək, rütubət və həmçinin başqa bioloji amillərin donma hadisələrində müstəsna rolu var. Donma dərəcəsi bir sıra şərtlərdən, bunların birlikdə və ayrılıqda göstərdikləri təsirdən asılıdır. Havanın temperaturu nə qədər aşağı, küləyin hərəkəti nə qədər qüvvətli və şiddətli olsa, bədən bir o qədər tez, dərin donar. Donma iki cür ola bilir – ümumi donma (bu növ donmaya “üşütmə” də deyilir) və yerli donma. Ümumi donmada aşağı temperaturun bədənə uzun müddət təsir göstərməsi nəticəsində qan dövranı tədricən dayanır, beyində anemiya başlayır və nəhayət, orqanizmin bütün toxumalarında dərin dəyişikliklər əmələ gəlir. Donmanın klinik inkişaf şəkli yuxu halı ilə başlanır, sonralar bu hal eyforiyaya keçir və xəstə yatır. Donma qusma ilə də başlana bilər: “Üşütmə nəticəsində xəstənin dərisi üzərində qırmızı, göy ləkələr və qaşınma əmələ gəlir. Çox vaxt bədənin müəyyən hissələri – bilək, daban, burun, qulaq üçündür. Yerli donma zamanı isə əsasən, əl və ayaq, qulaq donur. Ümumi donmaya nisbətən yerli donmaya daha çox təsadüf edilir”.
Yüngül donma
A.Səmədov bildirib ki, donmalar dörd dərəcəyə bölünür. Birinci dərəcəli donma, yaxud destruktiv dəyişiklik əmələ gətirməyən yüngül donma. Belə hallarda soyuq bədənə uzun müddət təsir etmir. Qan damarları qısamüddətli və zəif zədələnir. Pozulmuş qan dövranı tez bərpa olunur. Xəstə qızdırıldıqca onun dərisinin solğun rəngi qırmızılaşmağa başlayır. Subyektiv olaraq xəstə müxtəlif xüsusiyyətli və şiddətli ağrı hiss edir. Bu ağrılar kütlüyə və həssaslığa çevrilir. Xəstə qızdırdıqdan sonra onda qaşınma başlanır. Belə hallardan sonra çox vaxt xəstə sağalır. Damarların gərilmə reaksiyası, bədənin istiliyini nizama salan dəri birinci dərəcəli donma hallarında qətiyyən pozulmur.
Qopub düşən dırnaqlar
Cərrahın dediyinə görə, ikinci dərəcəli, yaxud orta ağırlıqda olan donmalarda soyuğun təsir müddəti nisbətən çox olur. Qan damarları uzunmüddətli və şiddətli zədələnir. Qan dövranı çətin bərpa olunur. Dərinin rəngi əvvəl solğun olur, xəstə qızdırıldıqdan sonra isə göy-qırmızı rəng alır. Ödem uzaqlara yayılır. Ətrafın üzərində içərisi açıq rəngli asentik maddə ilə dolu suluqlar əmələ gəlir. Onlar dərinin üst təbəqələrinin reaktiv iltihabı nəticəsində yaranır: “Xəstə sızıldayan ağrılar, ümumi kütlük hiss edir, ona elə gəlir ki, bədəninə iynə batırırlar. Tədricən xəstənin temperaturu qalxır, üşütmə başlayır, yuxusu pozulur. Dırnaqlar qopub düşür, onların yerinə çox yavaş və deformasiyaya uğramış şəkildə yeni dırnaqlar çıxır”.
Qaralan dəri
A.Səmədov vurğulayıb ki, üçüncü dərəcəli, yaxud ağır donmalarda soyuq bədənə uzun müddət təsir edir. Qan damarları atonik şəkildə zədələnir və bu zədələnmə davamlı paralitik hala çevrilir. Xəstədə qanazlığı, işemiya, durğunluq başlayır. Dəri əvvəlcə solğun, sonra isə tünd bənövşəyi və qara rəngdə olur. Suluqlar tünd göy qırmızı, qanlı maye ilə dolur. Bu əlamət nekrozun (çürümə) daha dərin qatlarda inkişaf etdiyini göstərir. Dərinin nekrozu özünü ilk günlərdə göstərir, lakin dərin toxumaların nekrozu yavaş-yavaş aşkara çıxır. Üçüncü dərəcəli donmalarda demarkasiya xətti də çox yavaş əmələ gəlir. Əvvəlcə xəstə hissiyatını tamamilə itirmiş olur. Onu qızdırdıqdan sonra şiddətli ağrılar başlayır.
Çürüyən sümüklər
Cərrahın söylədiyinə görə, dördüncü dərəcəli donma zamanı yalnız bütün toxumalar deyil, sümüklər də ölüb çürüyür. Donmuş yer göyərir, tutqun rəngli suluqlarla örtülür. Ona əl vurduqda soyuq olduğu hiss edilir. Dördüncü dərəcəli donmalarda xəstə ağrı, istilik və dərin əzələ hissiyatını davamlı şəkildə itirmiş olur. Barmaqların ucları tez qaralır və mumiyalaşır. Reaktiv şiş ölmüş toxumalardan daha geniş sahə tutur. Sonralar nekrotik toxumalar ayrılıb qopur. İkinci ayın sonunda, ölmüş hissələr adətən özü-özünə oynaqlardan ayrılır. Bundan sonra çapıqların inkişaf dövrü başlayır. Donmalarda pataloji dəyişikliklər ilk dövrdə bilavasitə hüceyrə və toxumalarda deyil, qan damarlarında əmələ gəlib inkişaf edir. Spazm başlayır, sonra uzun müddət davam edən genişlənmə, tromboz müşahidə edilir. Sirkulyasiyanın pozulması nəticəsində hüceyrələrdə, toxumalarda degenerativ dəyişikliklər və təkrar nekroz əmələ gəlir. Orqanizmdə ümumi dəyişikliklər sıfır dərəcədən aşağı olan temperaturda olur. Donma dərəcəsindən asılı olaraq qanda, maddələr mübadiləsində, sinir sistemində dəyişikliklər əmələ gəlir.
İki dövrlü müalicə
A.Səmədov qeyd edib ki, donmaların müalicəsi iki dövrə bölünür. İlk yardım tədbirləri ilə müalicə və stasionar müalicə dövrü. Donma dövründən və dərəcəsindən, reaktiv iltihab hallarının başlanıb-başlanmamasından asılı olaraq müalicə tədbirləri də müxtəlif olur: “Ümumi donmanı müalicə etmək üçün əvvəl xəstəni tədricən isindirmək (qızdırmaq), onun bütün bədənini xüsusi maddə ilə ovub sürtmək lazımdır. Sonra onu 15-18 dərəcəli vannaya salıb və temperaturu yavaş-yavaş, bir neçə saat ərzində 30 dərəcəyə qaldırmaq lazımdır. Bununla yanaşı, donan ətraflar ehtiyatla masaj edilməlidir. Qan dövranının başlanmasını göstərən əlamətlər aşkar olunduqda ətrafın qızdırılması və masaj dayandırılmalıdır.
Birinci dərəcəli donma zamanı da eyni tədbirlər görülür
İkinci dərəcəli donma zamanı isə yara cərrahi qaydalarla təmizlənir və suluqlar tamamilə ləğv edilir. Dəri spirtlə təmizləndikdən sonra çürüyüb ayrılmış dərinin üst qatı qayçı və pinsetlə tamam kəsib götürülür. Suluğun dibində fibrin maddəsi olduqda onu kənar etməyib üzərinə aseptik və isti verici sarğı qoyulur. Sarğını yalnız xüsusi hallarda götürmək və dəyişmək olar. 5-10 gün keçdikdən sonra sarğını açmaq və sonrakı müalicədə əsas diqqəti təzə əmələ gələn dərinin bərkiməsinə yönəltmək lazımdır. Bu məqsədlə fizioterapevtik müalicə üsullarından istifadə edilməlidir”.
Ölü toxumaların təmizlənməsi əməliyyatı
Cərrahın sözlərinə əsasən, üçüncü dərəcəli donmalar zamanı içərisi qanlı maye ilə dolan suluqlar kəsilir və ölmüş dəri sahəsinin hüdudlarında nekroktomiya (ölü toxumaların kənar edilməsi) əməliyyatı aparılır. Nekroktomiyanın həyata keçirilməsində əsas məqsəd qartmağın əmələ gəlməsi üçün şərait yaratmaqdır. Ölü toxumalar kənar edildikdən sonra kvars, naftalan bir yerdə tətbiq olunur. Beləliklə qartmağ bərkiyir və nekroz yerinə yaxın olan toxuma sahələri bərpa olur. Belə hallarda açıq müalicə üsulu, xüsusən naftalanla və nəhayət, kvars-sollyuks şüaları ilə müalicə yaxşı effekt verir. Üçüncü dərəcəli donma tezliklə, vaxtında işlənib təmizlənmədikdə xəstənin vəziyyəti ağırlaşa bilər: “Dördüncü dərəcəli donmalar zamanı isə nekrozlaşmış toxuma sahəsi qat-qat yarılır. İrinli maye, yaş nekroz əlamətləri görünürsə, xəstə ağrı hiss etmirsə, ikinci qatı kəsmək, sonra yaş qanqrenə uğrayan üçüncü qata keçmək olar. Nekroz yerini kəsdikdən sonra dabanın, yaxud biləyin ölmüş seqmentləri kənar edilir. Bu məqsədlə oynaqlarda qoparma üsulundan istifadə olunur. Sümüyü parça-parça mişarlamaq, yaxud kəsmək olmaz. Əksər hallarda, ayrı-ayrı falanqalar, yaxud bütöv barmaqlar kənar edilir”.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir