jilet

Soyuq suda neçə saat həyatda qalmaq mümkündür?

Baxış sayı: 1. 512
“Günəşli” yatağında baş verən yanğın və onlarla insanın itkin düşməsi fövqəladə hadisələr zamanı xilasetmə tədbirləri ilə bağlı məsələni yenidən gündəmə gətirib. 
Yanğınla üzləşən neftçilərimizin həmin andakı davranışı, hansı təhlükəsizlik vasitələri ilə təmin olunmaları da müzakirə olunan məsələlərdən biridir. İnsanları maraqlandıran daha bir sual isə suya düşən insanın hansı şərtlərdə neçə saat sağ qala biləcəyidir. Təbii ki, boğulmamaq üçün ilk növbədə xilasetmə gödəkçələrinin olması vacib şərtdir. Ancaq onların da qasırğalı dənizin sularına nə qədər davam gətirəcəyi və hansı keyfiyyətdə olması sual altındadır.
Əgər bu gödəkçələr insanın boğulmamasını təmin edərsə, bəs, fiziki baxımdan neçə saat soyuq suda qalmaq mümkündür?
Bütün bu məsələlər haqqında bizə bir zamanlar Sularda Xilasetmə Xidmətində çalışan jurnalist Çingiz Sultansoy məlumat verir. Onun sözlərinə görə, xilasedici gödəkçələri 4 kateqoriyadadır və hər birinin keyfiyyəti tamam fərqlidir: “Xilasedici gödəkçələrin növləri fərqlidir. Mən bilmirəm ki, orada hansı növ gödəkçələrdən istifadə olunub. Onların müxtəlif  kateqoriyaları var. Ən sadəsi odur ki, boğazı yaxalıq kimi tutur. Bu, adətən, yayda çimərkən batmamaq üçün də istifadə olunur. Bunların keyfiyyəti zəifdir və tez sıradan çıxır. Bu gödəkçələr hava ilə dolu olur və əgər yırtılarsa, boşalaraq funksiyasını itirir. Ancaq onların daha keyfiyyətli olanları da var və Avropa standartları üzrə xilasetmə gödəkçələri 4 kateqoriyada olur. Ən sadə jiletlər EN 393, nisbətən daha yaxşısı EN 395, daha sonra EN 396 və ən yaxşısı isə EN 399 jiletləridir”.
Çingiz Sultansoyun sözlərinə görə, xilasedici gödəkçələrdən ən güclüsü EN 399 gödəkçələridir: “Bu jiletlər çimərlikdə deyil, fövqəladə vəziyyətlərdə, ağır geyimdə olan, 100-150 kiloluq insanları belə, suyun üzərində saxlamağa qadirdir. Əgər insanın ürəyi getsə, özünü itirsə, soyuqdan huşunu itirsə, bu jilet onun başını suyun üzərində saxlayır. Bu jilet təmin edir ki, insanın başı 120 santimetrə qədər suyun üzündə olsun və bir qədər də başı arxaya əyir ki, insanın üzü suya girməsin. Xilasedicilər gəlib, belə bir gödəkçədə olan adamı sudan çıxarsalar, o, huşunu itirsə də, arxası üstə uzandığından başı, üzü və ağzı suyun üzündə olduğu üçün boğulmur. Yəni, son kateqoriya olan bu jiletlərdə maksumum təhlükəsiz standartları təmin edilib.
Ancaq bu hadisədə hansı jiletlərdən istifdə olunub, mən onu deyə bilmərəm, bu məlumatlar açıqlanmır. Ancaq xilasetmə jileti belə hallarda ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ odur ki, qış vaxtı gəmidə qəza olduqda və ya təyyarədə qəza olub, insanlar suya düşdükdə, burada önəmli olan suyun temperaturudur. Söhbət boğulmaqdan yox, soyuq suyun təsirindən gedir. Əgər insanın əynində jilet varsa, bu, onu boğulmaqdan xials edir. Lakin soyuq su daha təhlükəlidir, dalğa olsa da, olmasa da…”
Ekspert onu da bildirdi ki, insan hətta suyun üzündə qalmağı bacarsa belə, onun soyuq suda uzun müddət sağ qalması mümkün deyil: “Hadisə baş verən gün suyun temperaturu 5-10 dərəcə arasında olub. Bu, boğulmadan daha təhlükəli faktordur. Məlumdur ki, suyun temperaturu hətta 15 dərəcə olsa belə, insan suda sadəcə, 4 saat qala bilər. Təbii ki, istisna hallar da var. Lakin bu durumda insan sudan sağ çıxarılsa belə, onun uzun müddət həyatda qalması mümkün deyil. Əgər insan artıq 10 saat suda qalıbsa, onun sag çıxmağına ümid yoxdur. Bu, təəssüf ki, belədir.
Su soyuq olduqda insanda nə baş verir? İlk növbədə bədən yığılmağa başlayır, insan bədəninə əsməcə düşür. Kimin ürəyi zəifdirsə, ilk növbədə ürək dayanır. Əgər ürək buna dözürsə, o, çıxarıldıqdan sonra kəskin xəstəliyə tutulur: ya sətəlcəm olur, ya böyrəklərini itirir, ya da hər hansı üzvünü, əllərini və ya ayaqlarını itirməli olur. Əgər insan hətta yayda 33 dərəcəli suya düşsə belə, həmin suda insan 2-3 saata soyuqlayır. Burada isə suyun temperaturu 10 dərəcədən aşağı olub. Əgər əyinlərində normal xilasetmə jiletləri varsa, onların cəsədlərinin tapılması mümkün olacaq. Çünki, bu jiletlər insanı batmağa qoymur”.
Musavat.com



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir