Uşağınızın sözünüzə baxmamasından şikayət edirsiniz? Və ya bu problemi aradan qaldırmaq üçün nə edəcəyinizi bilmirsiniz? Əslində bu, o qədər də çətin deyil. Bunun üçün hər şeydən əvvəl uşağınızın diqqətini cəlb etməyi bacarmalı və aşağıdakı tövsiyələrə əməl etməyə çalışmalısınız…
1) Uşağınızla danışarkən ona yaxın məsafədə olmağa çalışın:
Əgər uşağınızla ciddi bir məsələni müzakirə etmək istəyirsinizsə, ona yaxın məsafədə olmağa çalışın. Beləliklə, uşağınzın diqqətini daha tez cəlb edə biləsiniz.
2) Sözünüzü aydın və sadə bir şəkildə ifadə edin:
Deyəcəyiniz sözü aydın və sadə bir şəkildə ifadə edin. Əgər məsələni çox uzatsanız, uşağınızın diqqəti dağılar və sözünüzün heç bir təsiri olmaz. Məsələn, “Çöl soyuqdur, paltonu geyin” demək əvəzinə “Artıq palto geymək vaxtıdır” deyin.
3) Sözünüzün üstündə durun:
Mütləq sözünüzün üstündə durun. Uşağınıza “Sənə süd verəcəyəm” deyib əvəzində meyvə suyu gətirməyin. Həyat yoldaşınızın da bu qaydalara əməl etməsinə diqqət yetirin.
4) Sözləri tez-tez təkrarlamaqdan çəkinin:
Bir sözü tez-tez təkrarlamaqdan çəkinin. “Stəkanı stolun üstünə qoy” sözünü 5 dəfə deməkdənsə, uşağınızın əlindən tutub stəkanı stolun üstünə onunla birlikdə qoyun. Beləliklə, o, nə demək istədiyinizi daha yaxşı başa düşər.
5) Sözünüzə uyğun hərəkət etməyə çalışın:
“Yatmaq vaxtıdır” dedikdən sonra işıqları söndürüb oyuncaqları yığışdırmağa başlasanız, sözünüz daha təsirli olar.
6) Xəbərdarlıq edin:
Oynamağa getməzdən əvvəl evə vaxtında qayıtmaq barədə xəbərdarlıq edin.
7) Real təlimatlar verin:
“Oyuncaqlarını yığışdır” demək əvəzinə “Sarı maşınını yerdən götür” desəniz, uşağınız sizi daha yaxşı başa düşər.
8) Həvəsləndirin:
Bəzi ata-analar sözə baxmadıqda çarəni uşaqlarının üstünə qışqırmaqda görürlər. Bu yolla uşağı yola gətirmək mümkün olsa da, nəticə uzunömürlü olmur. Məsələn, uşağınıza “Dişlərini fırçalamasan, ağzında çürüklər əmələ gələr” demək əvəzinə “Əgər dişlərini hər gün fırçalasan, sənə istədiyin oyuncağı alaram” demək ona daha tez təsir edər.
9) Yaxşı dinləyici olmağa çalışın:
Məktəb yaşına qədər olan uşaqlar sizin də yaxşı dinləyici olduğunuzu bilməlidirlər. Çünki bu yaşda olan uşaqlar adətən ata-analarından nümunə götürürlər. Digər tərəfdən, başqaları kimi uşağınızı da diqqətlə dinləməyə çalışın. Sizinlə danışarkən gözlərinin içinə baxın və mümkün qədər sözünü kəsməyin. Əgər əlinizdə işiniz varsa və uşağınız sizinlə danışmaqda təkid edirsə, heç olmasa arxanızı çevirməyin.
10) Səhvinizi düzəltməkdən çəkinməyin:
Əgər uşağınızın qəlbinə dəyən bir şey dediyinizi düşünürsünüzsə, onu bağrınıza basın və ya sadəcə olaraq gülümsəyin.
Təqdim etdi: Aydan Kərimli