ehali

Sözdən pul qazananlar – Zorlamanın da mədəniyyəti olar?

Baxış sayı: 614

İstəsək də, istəməsək də gündə bir qondarma söz, ifadə, anlayışla qarşılaşırıq. Özü də bəzən bu sözlərin arxasında nə məna durduğunu adi məntiqlə bilmək olmur. Onları lazım gəldi, gəlmədi işlədirik, amma anlamırıq. “Qonşudan qalma geri” atalar sözünə uyğun tətbiq edirik. Özü də xarici dillərdə yaranıb sonra dünyaya yayılan bəzi söz və anlayışın tam mənasız olduğu aşkardır.

 

Zorlamanın da mədəniyyəti olar?

Bu müddət öncə Aznetdə paylaşılan bir videonun başlığında “zorlama mədəniyyəti” anlayışı ilə rastlaşdıq. Hər şeyi görmüşdük, amma zorlamanın bir mədəniyyət olduğunu bilmirdik. Yəni zorlamanın da mədəniyyəti olar? İngilis dilində olan “rape culture” ifadəsindən tərcümə edilib. Süni, qondarma bir anlamdır. Özü də zorlama sözü dilimizdə yalnız bir məna ifadə edir: cinsi təcavüz, fiziki olaraq bir cinsin digər cinsin nümayəndəsinə qarşı törətdiyi cinsi təcavüz nəzərdə tutulur. Başqa məna verə bilər, məsələn, “öz-özümü zorlayıram” cümləsində “özümə zor tətbiq edirəm” kimi anlaşılır. Amma ümumən fiziki kontaktın, zorun olması kimi daha çox işlədilir. Yəni zorlama mədəniyyəti deyiriksə, deməli, bu aktın yerinə yetirilməsinin hələ bir mədəniyyəti olduğunu da iddia edirik. Özü də zorlama qanunla qadağan edilən bir haldır, buna görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Mədəniyyət sözü isə dilimizdə pozitiv bir yük daşıyır. Onu zorlamağa calaq etmək cəhdi ağlasığmazdır. Yad mədəniyyətdə formalaşan, bəlkə, heç özlərinə belə, aydın olmayan bir ifadəni dilimizə belə formada ötürməyin nəticəsində məna tam dəyişir. Məsələn, “Sukuk – investorun likvidliyə ehtiyacı yarandığı, yaxud potensial kapital qazancını əldə etmək istədiyi hallarda təkrar bazarda ticarət edilə bilən alətdir” cümləsini anlamaq üçün gərək iki alim dəvət edəsən. Belə tip ifadəyə həm mətbuatda rast gəlinir, həm də oxşar fikirlər hər gün televiziya kanallarında səsləndirilir. Di gəl, kimsə nədən söhbət getdiyini anlayırmı? Çətin.

 

Amöb sözlər

“Zorlama mədəniyyəti” ifadəsi də Azərbaycan insanı üçün heç bir məna kəsb etmir. Zorakılıq mühiti nəzərdə tutulur, yəqin. Zorakılıq mühitində hər şey ola bilər: cinsi təcavüz, fiziki zorakılıq, ədəbsiz hərəkətlər, psixoloji təzyiq. Dilimizdə bu gün mövcud olan bir sıra qondarma, süni sözlər əslində ingilis dilində yaranır, formalaşır, sonra dünyaya inteqrasiya edilir. Bu da biznesin bir formasıdır, bunun da arxasında müəyyən maraqlar da durur. Məsələn, dünya mətbuatında uzun illər İraq, Əfqanıstan kimi ölkələrdə yerləşdirilən NATO hərbi birləşmələrini “koalisiya qüvvələri” adlandırmaq qəbul edilib. Bu orduya qarşı vuruşanlara yaraqlı, terrorçu deyirlər. Nə baş verir? Bir söz digəri ilə əvəzlənir, məna dəyişir. İşğalçı ordu hara, koalisiya qüvvələri hara? Ölkəsinin azadlığı uğrunda mübarizə aparan mücahidə terrorçu damğası vurmaqla işğalçını müsbət, işğala məruz qalan ölkəni isə mənfi çalarlarda təqdim etmək mümkün olur.

Süni dil sözlərə başqa mənanın verilməsi nəticədə insanların doğru-düzgün məlumat almasına bir maneə yaradır. Rusiya alimi, sosioloq Sergey Kara Murza dilə kənardan daxil olan, semantik sıradan yerli sözləri itələyib yerini tutan belə sözlərə “amöb” sözlər deyir. Onların istehsalı dayanmadan davam edir, bir növ yeni dil formalaşır. Hər birimizə aydın olan sözləri itirdikcə, həmin anlayışa, vəziyyətə olan münasibət dəyişir. İnsanın beynində bir xaos yaranır.

 

“Seks xidmətçi” – münasibət dəyişir, anlamaq çətinləşir

Diversifikasiya, inflyasiya, deflyasiya kimi sözləri istənilən mətnə əlavə etmək olar, çoxaldıqca, adi insan söhbətin nədən getdiyini anlamayacaq. İnflyasiya nədir? Pulun dəyərinin itirilməsi, malda qiymət artımı. Bir sözlə, cəmiyyətə ziyan vuran bir amildir, amma hər hansı bir iqtisadi ekspert inflyasiyanı öz bildiyi qarğa dilində tərifləyəndə bizə xoş gəlir. Deflyasiya, yəni ucuzlaşma adətən pislənir. Kasıbın cibində 5-10 manat pul qalasıydı, ona da imkan verilmir.

Yalançı, süni dil elə düzgün olmayan bir psixologiya formalaşdırır. Bu yolla istənilən insanı ona lazım olmayan işi görməyə təhkim etmək olar. Məsələn, ənənəvi cəmiyyətdə pozğunluq, fahişəlik həmişə pislənib. Bu məsələyə münasibəti dəyişmək üçün neqativ yüklü “fahişə” sözünü “seks xidmətçi” ilə əvəzləmək effekt verə bilər. Həm münasibət dəyişir, həm də bir növ bunun nə olduğunu dərk etmək çətinləşir.

Məsələn, derivativ sözünü götürək. Bu qiymətli kağız bazarında alış-verişi olan müqavilə formasıdır. Daha dərinə getsək, real aktiv üzərində qurulmuş piramidada bir yer tutan kağız parçasıdır. Əslində isə maliyyə kazinosunda alver predmetinə çevrilən, fırıldaq sxemlərdə maliyyə alverçilərinin istifadə etdiyi bir vasitədir. Kimsə bunu maliyyə aləti, kimsə də qumar vasitəsi adlandıra bilər. Mahiyyəti bilinsə, hər on adamdan 7-8-i bundan istifadə etməz, amma derivativ deyilsə, pul qazanmaq üçün effektiv bir vasitə kimi adlandırılsa, onda hamı real pulunu bu lazımsız kağıza dəyişməyə tələsəcək.

 

“Belletrist” – kökü olmayan bir sözdür

Hamımızın hər gün televiziyadan eşitdiyi “embarqo” sözü heç bir neqativ təəssürat doğurmur. Sözdür də. Mənası malın, pulun və ya digər bir əhəmiyyətli maddi nemətin hansısa ölkəyə yönəldilməsini qadağan edən vasitədir. Amma reallıqda kasıb bir ölkəyə qarşı tətbiq edildikdə, olduqca ciddi fəsadı olur. Hər embarqonun nəticəsində dünyada nə qədər insan xəstəlik tapır, acından ölür, uşaqlar təhsil ala bilmir, tələb olunan məhsullar olmadığından ölkənin infrastrukturu yararsız vəziyyətə düşür. Amöb söz olduğundan bir çox insan onun neqativ yükünü duya bilmir.

Belə sözlər dildə olan köhnə sözləri məhv etməklə onları əvəzləyir. Nəticədə ətraf mühit barədə təsəvvürümüz tam pozulur. Yazıçı dedikdə, bunun nə olduğu hər bir insana tam aydındır. Sözün kökü “yazı”, şəkilçisi “çı” olan söz yazı-pozu ilə məşğul olan bir şəxsi nəzərdə tutur. Bu insan müxtəlif həcmli əsər yaratmaqla məşğuldur, yəni yazır. Bəs “belletrist” kimdir? Belletristik əsərlər yazan yazıçı. Yazıçıdır, amma bir o qədər də yox. Bir sözü digəri ilə əvəzlədik, məna itdi. Azərbaycan insanı üçün belletrist ifadəsi həm anlaşılmazdır, həm də kökü, əsası olmayan bir sözdür. Əgər cümlədə bir neçə belə əvəzləmə olsa, məna itəcək.

 

Dili yad təsirə qurban verə bilmərik

Muzdlu qatil və ya killer deyək? İşbaz ya da broker işlədək? Killer və broker neqativ yükü olmayan sözlərdir. Killer deyəndə adətən yadımıza məşhur “Leon” və ya “Nikita” filmləri düşür. Belə filmlərdən yüzü çəkilib. Amma kimdir killer? Muzdlu qatil, pulun qarşılığında insanı qətlə yetirən birisi. Bu barədə düşünməyinə dəyər. Broker sözü tam neytral bir məna daşıyır. Bəzən o, birjada nəyi alıb, nəyi satdığını anlamır, təki pul gəlsin. Əslində adi qumarbazdan seçilmir, birjada oyun oynayır. Brokeri işbazla əvəzləsək, o dəqiqə bu peşəyə qarşı bir neqativ hissin oyandığını aydın görərik.

İnsanı öz milli kökündən, ənənəsindən, uyğun həyat tərzindən ayırmağın yolu elə dil üzərində balıq toru qurub belə tip əvəzləməni reallaşdırmaqdan keçir. Süni dil formaları hər bir kəsi robotlaşdırmağa, dilindən uzaqlaşdırmağa sövq edir. Dünən aydın bildiyi məsələdə bu gün şübhə yaranır, axı inflyasiyanı, derivativi, embarqonu, seks xidmətçini beyni ilə anlamağı bacarmır. Bunları bildiyi qiymət artımı, fırıldaq sxemi, iqtisadi yolla edilən soyqırımı, fahişə sözü ilə əvəzləyə bilmir. Amöb sözlər dildə artıq möhkəm oturuşaraq onları yaradanların marağına çalışır.

Süni dil, amöb sözlərdən yaxa qurtarmaq olarmı? Azərbaycan şəraitində bu olduqca çətindir. Arxasında iqtisadi və siyasi maraqlar dayandığından belə sözlərin istehsalı konveyer yolu ilə davam edir. Qarşısını almaq üçün ölkədə olan Nəsimi adına Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi xeyli aktiv olmalı, xaricdən axınla gələn sözlər daha intensiv analiz edilməlidir. İnternetdə olan Azərbaycan mənbələri xeyli azlıq təşkil etdiyindən bu axına davam gətirmək olmur. Faydalı söz də az deyil, amma hər birini qəbul edib və ya etməmək məsələsinə dil qurumları daha operativ münasibət göstərməlidir. “Hansı dildə danışırıq, deyiləni anlayırıqmı” sualını isə öz-özümüzə verməliyik, çünki dil təkcə ünsiyyət vasitəsi deyil. Nəyimiz varsa, burada toplanıb. Vətən torpağını kiməsə pay verə bilmədiyimiz kimi dili də yad təsirə qurban verə bilmərik. Qorumalı olan bir torpaqdır, bir də dil.

 

İsmayıl Rafiqoğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir