sevgi

SSRİ-nin “Dəmir pərdə”sini yaran sevgi

Baxış sayı: 1. 509

“Həmişəlik mənim qadınımsan”- Vısotskinin sevgi etirafı

“Saya oturan gəmini bütün heyəti tərk eləyir. Bu zavallı isə şor sular və dəli küləklərin əlində tək-tənha xilasını gözləyir. Onun bədəni, hə, məhz bədəni illərin və döyüşlərin vurduğu yaralarla, məhz yaralarla doludur. Bax, bu zədəni düşmən donanması ilə sonuncu döyüşdə alıb. Digəri isə hansısa dəniz quldurunun qılınc zərbəsinin yeridir. Bütün bunlara baxmayaraq, vəfasız heyət onu taleyin ümidinə buraxıb donanma ilə birgə səfərini davam etdirir. Ancaq tale onun üzünə gülür və tənha gəmi saydan qurtulub öz yoldaşlarına çatmağı bacarır. O, hətta nankor heyəti belə göyərtəsinə buraxmağa hazırdır. Di gəl, sıralanmış donanmada artıq ona yer yoxdur. Necə deyərlər, bir dəfə saya oturubsa, artıq geriyə yol qalmayıb…”.

“Atılmış gəmi haqqında ballada”sında olduğu kimi, SSRİ-nin sərt qadağalarına etiraz edən Vısotskinin bütün yaradıcılığı da məhz bu üsyanla, sevgi ilə, etirazla dolu idi.

Sərt xarakter gözəl qadın obrazı ilə rastlaşanda nəticə sevgi olur. Bu sevgi hekayəsi daha çox döyüş meydanını xatırladır. Marina Vladi və Vladimir Vısotski ömür boyu “vuruşdular”.

Vısotski yuxarı instansiyalarla daim vuruşdu. Onun ədalətsizliyə qarşı vuruşduğunu hamı bilirdi, amma Vladimir həm də Marina ilə tez-tez görüşmək üçün vuruşurdu. Vısotski öləndən sonra isə Vladi çətinliklər haqda düşünmədi, ancaq yaşadıqları sevgi haqda düşünməyə başladı.

Taqankada görüş

Sanki zəncirlənmiş olan Vısotski özünə diqqət çəkə bilirdi. Göy gurultusu kimi səsi, gizli poeziyası, aktyor istedadı ilə. Həmin vaxt o, özünün Taqanka teatrında ən yaxşı rollarından birini – “Puqaçov” tamaşasında Xlopuş rolunu oynayırdı. Tamaşaçılar arasında rus mənşəli tanınmış fransız aktrisası da vardı – Marina Vladi. O, Taqankadakı aktyor haqda çox eşitmişdi. 1967-ci ildə Moskvaya səfəri zamanı  Vısotskini görmək üçün “Puqaçov” tamaşasına gəlmişdi. Vısotskinin oyunu Marina Vladini valeh edir.

Marina Vladi əvvəlki iki əri haqda həmişə xoş sözlər deyirdi. Amma həmişə də əlavə edirdi ki, onlarda nəsə çatmırdı.

Aktrisanın ilk əri məşhur rejissor və aktyor Robert Osseyn idi. Anjelika haqda filmdən tamaşaçılara yaxşı tanış olan bu aktyor Marina ilə film çəkilişində tanış olmuşdu. Onda Marinanın cəmi 17 yaşı vardı. Bu evlilikdən onların iki oğlu da olmuşdu.

Vladinin ikinci əri təyyarəçi Jan Klod Bruye idi. Bu evlilikdən də onun bir oğlu vardı.

Marina SSRİ-də tez-tez olurdu. Rus emiqrantlarının ailəsində doğulan Marina doğma rus dilində danışırdı.

“Puqaçov” tamaşasından sonra Vladi dostlarla restorana yollanır. Bu vaxt stola yaxınlaşan işıqlı insanı görəndə o, səhnədə nəhəng görünən aktyoru dərhal tanıdı. Həyatda Vısotski bəstəboy idi. Sadə geyimli, simasından yorğunluq yağan bu insanın ancaq gözləri işıldayırdı. Onun alovlu gözləri daxili enerjisinin təzahürü idi. Bütün gecəni o, Marinanın oynadığı “Cadugər” filmindən danışdı və valeh olduğunu bildirdi. Sonda isə Marinanın əlindən tutdu və sevgisini izhar elədi.

Ən xoşbəxt günlər

Vladimir Vısotski ilahi bacarığa malik idi. İstənilən qadının ürəyinə yol tapa bilirdi. Bunun sirri onun cilovlanmayan xarakterində idi. Amma Marina Vladi onun üçün çətin sınaq oldu. Əvvəlcə müqavimət göstərdi. 30 illik həyatında çox şeylərlə rastlaşmış aktrisa ilk dəfə idi ki, necə hərəkət etmək lazım olduğunu bilmirdi. Beləcə düşünə-düşünə Marina geriyə – Parisə qayıdır.

Ürəyində isə nəsə bir nigarançılıq vardı. Nə idi bu nigarançılıq?

Günlərin bir günü Moskvadan zəng gəlir. Onun səsini eşidəndə nigarançılığın səbəbini anladı. Neçə aydı məhz bu səsi gözləyirdi. Marina vurulmuşdu. Bir neçə aydan sonra Marina yenidən Moskvaya gəlir. Amma bu səfərində o, Vısotski ilə görüşə bilmir. Vladimir Sibirdə “Tayqanın sahibi” filminin çəkilişlərində idi.

Marina da çəkilişlərə başlayır. “Böyük olmayan hekayənin süjeti” filmində. Filmin sonunda sevgililər axır ki, görüşür.

Sonralar Marina Vısotskiyə həsr etdiyi “Vladimir və ya yarımşıq qalmış uçuş” kitabında yazacaqdı: “Bir payız günü mən sənin dostlarından hansındansa bizi evdə tək qoymalarını xahiş etdim. Hamını yola saldıq. Ev sahibi də yoxa çıxdı. Dostlar gedəndən sonra mən sənə baxdım. Sən əsirdin və sakitcə nəsə pıçıldayırdın. Mən isə heç nə başa düşmürdüm. Mən əllərimi sənə uzatdım və sənin bu sözlərini eşitdim – həmişəlik mənim qadınımsan”.

Une histoire d’amour (Sevgi hekayəsi)

Həmin vaxt Vısotski ailəli idi. Özü də ikinci dəfə. Amma o Lyudmiladan ayrıldı. Uşaqlara isə başa saldılar ki, atanız sizi sevir, amma indi onun başqa arvadı var.

1970-ci ilin dekabrında Marina Vladi və Vladimir Vısotski rəsmən ailə qurdu. Amma onların əsl ailə həyatı alınmırdı. “Dəmir pərdə” Vısotskiyə xaricə getməyə imkan vermirdi. Marina isə ancaq imkan tapanda Moskvaya ərinin yanına qaçırdı.

Marina Moskvaya turist kimi gəlirdi. Qala bilmirdi və bəlkə də istəmirdi. Çünki Parisdə onun övladları, dünyaya çıxışı vardı.

Qəribə idi ki, o vaxt yuxarı instansiyalar Marina və Vladimirin münasibətlərini rəsmiləşdirməyə etiraz etmədilər. Vısotskinin SSRİ-ni tərk etməsinə də icazə verilmirdi. Amma sevənlər üçün evliliyə icazənin verilməsi böyük uğur idi. Onlar bal ayını dəniz kruizində keçirdilər. Gəminin kapitanı Vısotski heyranlarından idi. Buna görə də ən yaxşı kayut və mümkün olan hər şeyi təşkil edirdi. Bu səyahət onların 12 illik sevgi hekayəsinin ən şirin anları idi.

Amma 6 il sonra onlara dünya səyahətinə icazə verildi. Şəxsən Baş Katib Leonid İliç Brejnev buna yaşıl işıq yandırmışdı. Avropa və Amerikada verilən konsertlərdə Vısotski sirli rus xarakterini göstərmək imkanı qazanır və hər yerdə alqışlanır.

Vladi və Vısotskinin birlikdə olduqları hər gün əsl bayram idi. Amma onlar az-az birgə ola bilirdilər. Bu ayrılıq onları çox incidirdi, amma həm də onların ailə həyatının ömrünü uzadırdı.

Marina Moskvaya gələndə onlar Vladimirin anasının evində qalırdılar. Fransanın kino ulduzu adi rus qadınının gündəlik qayğıları ilə yaşayırdı. O, karyerasının pik vaxtında ən dəyərli təkliflərdən belə imtina edirdi – ərinin yanında olmaq üçün. Rejissorlar başa düşəndə ki, aktrisanın həyatında kino karyerası sonuncu yerlərdən birini tutur, onu az-az dəvət etməyə başladılar.

Uçurum kənarında müvazinət

Vısotskinin içki aludəçiliyini Marina ilk günlərdən hiss etmişdi. O içirdi. Qiymətləndirilməyən istedadına görə, çap olunmayan şeirlərinə görə. O, səhnədə özünü sanki yandırırdı. Vısotski gərgin həyat yaşayırdı. Və bu gərgin həyat ritmi onun axırına çıxırdı.

Marina xilaskar mələk missiyasını öz üzərinə götürmək istəyirdi. Vısotskini dostlarının evindən sərxoş vəziyyətdə öz evinə daşımaqdan yorulmurdu. Marina Vladimirin həyatda qalması üçün əlindən gələn hər şeyi etməyə hazır idi. Amma bacarmırdı. Sonra bildirəcəkdi ki, hadisələrin belə davam etməsi Vsotskinin axırına çıxırdı.

“Cəmisi iki dəfə mənim buna gücüm çatmadı. Birinci – birgə həyatımızın başlanğıcında, sən məni sərxoş halda başqa adla çağıranda. İkinci – məni araq şüşəsini sona qədər boşaltmaq üçün vanna otağından dəhlizə atanda, sənə “cəhənnəm ol” – deyib, qəzəblə qapını çırpıb getdim. Hər iki halda sən yarım il cəhənnəm əzabı içərisində yaşadın. Elə mən də…”

Vladimir üç həftə Parisdə Vladinin yanında qalır. Marina onu müalicə etdirmək istəyirdi. Amma yenə heç nə alınmır. Vladimir Vısotski Moskvaya qayıdır.

“Səhər saat 4 idi, 25 iyulda. Mən tezdən tər içində yuxudan oyandım. Zəng gəldi. Mən sanki bilirdim ki, sən deyilsən. Telefonu qaldırdım: “Volodya öldü”. Vəssalam. Moskvadan gələn zəng və tanımadığım səsin dediyi cəmi iki söz”.

Həmin gün Vısotski Hamleti oynamalı idi. Bilet kassasının pəncərəsində belə bir lakonik elan yazılıb asılır: “Aktyor Vladimir Vısotski ölüb”.

Amma bir nəfər də olsun aldığı bileti geri qaytarmır. Hamı teatrın ətrafına toplaşır. Hətta teatrın damına çıxanlar da vardı.

Marina həmin gün Moskvaya uçur. Və Vladimirlə sonuncu gecəsini keçirir. Səhərə qədər onun cənazəsinin yanından ayrılmır. “Mən səninlə təkəm, danışıram, üzünə, əllərinə toxunuram, xeyli ağlayıram. “Daha heç vaxt” – bu sözlərdən boğuluram. Qəzəbimdən ürəyim sıxılır. Bu qədər güc, səxavət, istedad necə yox ola bilər axı? İtaətkar, hər əzələsi ilə istənilən arzuma cavab verən bədən niyə hərəkətsizdir? Kütləni silkələyən o səs necə oldu? Sənin kimi mən də ölümdən sonrakı həyata inanmıram. Bilirəm ki, sonuncu titrəyişlə hər şey bitir və biz heç vaxt görüşməyəcəyik. Bu əminliyimdən zəhləm gedir…”

Marina Vladi dəfndən sonra Parisə qayıdanda kağızların arasından Vısotskinin ay yarım öncə yazdığı məktubu tapır:

“Sevgilim! Çıxış yolu tapmağa gücüm çatacaq. Yalnız mənə ümid verməyini xahiş etmək istəyirəm. Ancaq sənin sayəndə yenidən həyata qayıda bilərəm. Səni sevirəm və sənə pis olmasına yol vermərəm. İnan! Getdikcə hər şey yoluna düşəcək və biz yenə də xoşbəxt olacağıq”.

Marina dərin depressiyaya düşür. O, bu depressiyadan dördüncü əri ilə tanış olandan sonra çıxa bilir. Həkim onkoloq Leonla Vladimirin ölümündən bir il sonra tanış olur.

Marina 4-cü dəfə ailə qursa da, Vısotskini unutmur. Leonla birgə olduğu vaxt Vısotski haqda kitab yazır. Birgə yaşadıqları müqəddəs anları və hisslərini qələmə alır: “Vladimir Vısotskinin qısa və parlaq ömrünü səmada öz ardınca alovlu iz buraxan və sonda şairin məzarına sığınan ulduzdan başqa heç nəyə bənzədə bilmirəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir