SSRİ-nin bir imperiya kimi məhv olaraq tarixə qovuşmasına baxmayaraq o dövrdə olduqca gizli saxlanılan sirlər olub. Necə deyərlər, SSRİ- də sirri gizlətməyi bacarırdılar. Onların sayı isə kifayət qədər çox idi. Bu sirlərin arasında isə Xəzər dənizindəki nəhəng ekolayner, çiçək xəstəliyi epidemiyası, gizli şəhərlər, kosmik təqqiqatlar zamanı baş verən qəzalar, Aral gölündə gizli bioloji silah sınaqları və digərləri var.
Xəritədə olmayan gizli şəhər
Rusiyanın cənubunda SSRİ dövründə uzun illər adına və yerinə xəritədə rast gəlinməyən gizli bir şəhər mövcud olub. Oraya avtobus marşrutları işləməyib, poçt ünvanı olmayıb. Bu şəhərin də taleyi eynilə Çelyabinsk-dən 100 kilometr uzaqlıqda yerləşən və rəsmi dairələrdə Çelyabinsk-65 kimi tanınan şəhəri xatırladır. Hazırda Ozersk adı ilə tanınan bu şəhərdə on min adam yaşayıb. Gizli saxlanılan bu şəhərin varlığından 1986-ci ilə qədər Rusiyada çox az adamın xəbəri vardı. Şəhərin adının məxfi saxlanılmasına səbəb isə orada nüvə yanacağının emalı zavodunun olması ilə bağlı olub. 1957-ci ildə zavodda baş verən partlayış nəticəsində ətraf ərazilər böyük həcmdə şüalanmaya məruz qalıblar. Amma baş verənlər uzun illər gizli saxlanıldı. Nəticədə gizli şəhərə yaxın ərazilərdə insanlar yaşamaqda davam edirdilər. Onlar arasında xərçəng xəstəliyi sürətlə yayılmışdı. Gizli şəhərə yaxın ərazilərdə hər il yüzlərlə adam şüalanma nəticəsində məruz qaldıqları müxtəlif xəstəliklərdən dünylarını dəyişdiririlər. Ancaq bu barədə heç kim bir kəlmə danışmağa cəsarət etmirdi. Bundan yalnız illər sonra xəbər tutmaq mümkün oldu. Ümumiyyətlə SSRİ dövründə 42 belə şəhərin mövcud olması məlumdur. Daha 15-dək şəhərin varlığı isə hələ də sirr olaraq saxlanılır. Bu şəhərlərdə gizli layihələrin həyata keçirildiyi ehtimal edilir.
Ölüm gətirən çiçək xəstəliyi sınaqları
1948-ci ildə Sovetlər İttifaqında Aral dənizindəki adalardan birində bioloji silah hazırlanması ilə məşğul olan gizli laboratoriya yaradıldı. Laboratoriyada Sibir xorası və taun xəstəliyindən insanlara qarşı kütləvi tələfat silahı silahı kimi istifadə edilməsini nəzərdə tutan bioloji silah hazırlanması üzərində tədqiqatlar aparılırdı.
1971-cü ildə sınaqlar nəticəsində əldə edilən bioloji silah açıq havada sınaqdan keçirildi. Nəticədə xəstəlik hava vasitəsi ilə sürətlə yayıldı. Yüzlərlə insan özləri də bilmədən bu xəstəliyə yoluxdular. 2 həftə ərzində 200 min nəfərdən çoxa adam bu qorxulu xəstəliyə tutuldu. Onlardan 40 min nəfərdən artıq adamın öldüyü ehtimal edilir. SSRİ-də təcili şəkildə bioloji silahın açıq havada sınaqan çıxarılması nəticəsində xəstələnən insanlara çiçək əleyhinə peyvənd vurmağa başladılar. Bu məsələ uzun illər sirr olaraq saxlanıldı. Yalnız 2002-ci ildə bu faciə barədə ictimaiyyətə geniş məlumat verildi.
Gizli saxalnılan raket qəzası
SSRİ dövründə həyata keçirilən kosmik tədqiqatlar zamanı da ölüm halları qeydə alınırdı. Lakin onların əksəriyyəti gizli saxalnılırdı. Yəni o dövrdə insan həyatına etinasız münasibət, onların sağlamlığına və həyatlarına təhlükə yalnız nüvə və bioloji silah sınaqları ilə baş vermirdi. Digər sahələrdə, o cümlədən kosmik tədqiqatlar sahəsində də vəziyyət olduqca pis idi.
Kosmik tədqiqatlar sahəsində belə qəzalardan birisi isə 23 oktyabr 1960-ci ildə baş verdi. Sovet İttifaqında həmin dövrdə gizli şəkildə yeni məxfi raketin – R-16-nın sınağı keçirilirdi. Bu raket yeni tip yanacaqla kosmik fəzaya göndərilməli, Yerətrafı orbitə çıxarılmalı idi. Raketin buraxılışı zamanı bu sahə ilə məşğul olan mütəxəssislərin böyük əksəriyyəti orada idi.
Amma raket buraxılışa hazır olan zaman məlum oldu ki, onda azot turşusunun sızması yaranıb. Bu halda yeganə düzgün qərar heyətin evakuasiyası olmalı idi.
Lakin bunun əvəzinə raketin buraxılmasına məsu olan Mitrofan Nedelin turşu axını baş verən dəliyin yamanması barədə göstəriş verdi. Nəticədə baş verən partlayışda bütün heyət həlak oldu. Partlayış nəticəsində əmələ gələn yüksək temperatur, odlu kürə o qədər isti idi ki, ətrafda nə varsa hamısını əridərək lava halına salmışdı. İnsanlar isə bir andaca külə dönmüşdülər. Hadisə nəticəsində yüzdən çox insan həlak oldu.
SSRİ baş verənləri gizlətmək üçün Nedelinin təyyarə qəzasında həlak olduğunu bəyan etdi. Amma o dövrdə baş verənlərdən çoxlarının məlumatı vardı, ancaq onlar bu barədə danışmağa qorxurdular. Yalnız 1989-cu ildə bir təsadüf nəticəsində bu sirrin üstü açıldı. Sonralar qəza baş verən yerdə həlak olanların xatirəsinə abidə ucaldıldı.
Xəzərdə hidroplan
1966-ci ildə Amerika casus-peyki Xəzərdə rus hidroplanının şəklini çəkdi. Bu hidroplan ABŞ-ın istənilən hava gəmisindən bir neçə dəfə böyük idi. Bu böyüklükdə təyyarənin neçə uça bilməsi maraq doğururdu. Ən qəribəsi də o idi ki, təyyarənin mühərriki onun qanadlarından daha çox burun hissəsinə yaxın quraşdırılmışdı. Ekspertlərin fikrincə isə, belə böyük təyyarənin uça bilməsi ehtimalı az idi. Amerikalılar çaş-baş qalmışdılar və 25 il ərzində bu sirri öyrənə bilmədilər. Yalnız SSRİ dağılandan sonra məlum oldu ki, SSRİ-də ekranoplan adlandırılan bu qəribə obyekt gəmi ilə təyyarənin sintezi əsasında hazırlanıbmış. Onun inşasına on milyonlarla dollar xərclənmişdi. Ekranoplan yüzlərlə əsgərin, tankların daşınması üçün nəzərdə tutulmuşdu. Təyyarə 8 reaktiv mühərriklə təmin edilmişdi. Ancaq sonra onun sınaqları zamanı bəzi problemlər ortaya çıxdı. Üstəlik SSRİ-də özünü göstərməyə başlayan maliyyə problemi də ekranoplanın təkmilləşdirilməsi üçün vəsait ayırmağa imkan vermədi. Nəticədə bu layihə yarımçıq qaldı və onu reallaşdırmaq mümkün olmadı.
Dünyada ən böyük nüvə fəlakəti
Adətən ən böyük nüvə fəlakətləri haqqında söhbət gedərkən ilk növbədə yada Çernobıl və Fukusima AES-lərdəki qəza düşür. Halbuki 1957-ci ildə qəza Kıştım şəhəri yaxınlığında nüvə tullantıları saxlanılan ərazidə adı çəkilən AES-lərdəkindən daha dəhşətli qəza baş vermişdi. qəza baş verdi. Qəzaya səbəb nüvə tullantıları saxlanılan çəndəki soyutma sistemində əmələ gələn nasazlıq idi. O vaxt yanacaq çənlərinin birindən soyuducu sistemi üçün nəzərdə tutulan qatı kütlə axmağa başlamışdı. Amma bu məsələ diqqət mərkəzindən kənarda qaldı. Nəticədə müəyyən müddətdən sonra soyuducu sisteminin işləməməsi səbəbindən temperatur 350 dərəcəyə yüksəldi. Bu da öz növbəsində partlayışa səbəb oldu. Nəticədə 2000 kilometr məsafə radioaktiv çirklənməyə məruz qaldı. 270 min nəfər dərhal şüalanmanın ağrır fəsadlarını öz üzərlərində hiss etdilər. 110 min nəfərin yaşadığ ev isə başdan-ayağa yaşamaq üçün yararsız hala düşdü. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi baş verənlərdən yalnız ötən əsrin 60-cı illərində xəbər tutdu. 1976-cı ildə SSRİ-dən xaricə qaçmağa müvəffəq olan bir nəfər fizik bu barədə Qərb ictimaiyyətinə geniş məlumat verdi. Amma SSRİ baş verən faciə ilə bağlı həqiqətləri yalnız 1989-cu ildə Çernobıl qəzasından 3 il sonra etiraf etdi…
Əziz Mustafa