Əfsanə 2 qız anasıdır. Özünü əskik hiss edir. Çünki oğul övladı yoxdur. İkinci qızı da oğlan olduğuna inanaraq dünyaya gətirib. Hər qızı dünyaya gələndə “təbrik” üçün zəng edənlər – “narahat olma, nə yaşın var ki, oğlan da doğarsan”, deyirlər. Əfsanə narahatdır, çünki həyat yoldaşının soyadını davam etdirə bilmədi. Bu səbəbdən də onun baxışları altında əzilir. Düşünür ki, 2 qızla nə edəcək? Bu qızlar əvəzinə “cəsarətli”, “güclü”, “uğurlu”, “düşmən çəpəri” olan oğlu olmadı. Yoldaşının nəsli də onun sayəsində tükənir. Beləliklə, məhz bu stereotiplərə görə, öz evində də qız olduğu üçün əzilən Əfsanə, həyat yoldaşı kimi də missiyasını yerinə yetirə bilmədiyini hesab edir. Bəlkə də qızlarını da özü kimi böyüdəcək. Amma ümidi var. Bəlkə qızları oğlan dünyaya gətirib uğurlu oldu…
“Oğlan uşaqları qız uşaqlarından 12000-15000 çox olacaq”
Əfsanənin taleyini yaşayan çox qadın var. Cins seçiminə görə övladından imtina edən o qədər valideyn var ki… Təsadüfi deyil ki, Azərbaycan gender əsaslı cins seçiminə görə dünyada birinci yerdədir. Hətta Çini də qabaqlamışıq. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya görə, 100 qıza 102-106 oğlan nisbətindədir. Əgər heç bir müdaxilə olmazsa, hər 100 qız uşağına 102-106 oğlan doğulur. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkəmizdə doğulan hər 100 qız uşağına 116 oğlan düşür. BMT-nin Əhali Fondunun (UNFPA) proqnozuna görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 çox olacaq.
“Qızlar hələ də valideyn üçün yükdür”
Qeyd edək ki, gender bərabərliyinin təminatları ilə bağlı müddəalar Azərbaycan Respublikasının əksər qanunvericilik sənədlərində öz əksini tapıb. BMT-nin Əhali Fondunun Azərbaycan hökuməti ilə birgə hazırladığı “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər Tədbirlər Planı” 2020-ci ilin fevral ayında Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Statistik rəqəmlər göstərir ki, qızlar hələ də valideyn üçün yük hesab edilir.
Görkəmli dramaturq Hüseyn Cavid “sürüklənən bəşəriyyət qadınla yüksələcək” deyirdi. Lakin bu statistika ilə bəşəriyyət olaraq, itiririk. Gücü, xoşbəxtliyi, uğuru oğlan uşaqlarında görən stereotiplərə görə təkcə cəmiyyət deyil, bəşəriyyət də qızıl imkanlarını itirir. Amma stereotipləri saymayan, övlad arasında cins seçimi etməyən ailələr də var. Qız uşaqlarını oğlandan fərqləndirməyərək dəyərini başa düşən məhz belə ailələrdə çox güclü qadınlar yetişib. Onların hekayələrinə nəzər salaq.
“Ən güclü dəstəkçim qardaşım idi”
Məsələn, ən güclü stereotiplərdən biri qız uşaqlarının uğur qazana bilməməsi ilə bağlıdır. Bu düşüncədə olanlara görə, qızlar asılı, zəif, bacarıqsızdırlar. Oğlanlar isə əksinə. Məhz bu stereotipi darmadağın edən qızlardan biri Aytən Musayevadır. Kürdəmir məktəbindən məzun olub. Tibb təhsilini Azərbaycanda, rezidentura təhsilini Almaniyada – Maynsda davam etdirib, eyni zamanda araşdırmalar aparıb. İndi isə dünyanın ən yaxşı tibb məktəbi olaraq qəbul edilən Harvard Tibb Məktəbində post-doktorantura üçün Kornea xəstəliklərini araşdırır. Kürdəmirdən Harvarda qədər gedən yolda ona ailəsi dəstək olub: “Mən nə əldə etmişəmsə, ilk növbədə valideynlərim hesabına, müəyyən dövrdən sonra da valideynlərimin mənə verdiyi inamın nəticəsində nail olmuşam. Ən böyük dəstəkçim isə qardaşım idi”.
Aytən övladına inanan, güvənən, dəstək olan ailədə böyüyən qız uşağının necə uğurlu olmasını göstərən bariz nümunədir. Onun timsalında görürük ki, valideynlər öz qızlarından cəmiyyətə yeniliklər gətirməyi bacaran potensial liderlər yetişdirə bilərlər. Yəni qızınızdan imtina etmək əvəzinə, onun xəyallarını gerçəkləşdirməsinə dəstək ola bilərdiniz.
“İmkanlarımız bərabər olmalıdır”
Növbəti stereotiplərə görə, peşələr də qadın işi, kişi işi kimi bölünüb. Məsələn, qız uşağı zərif, qorxaqdır deyirlər. Övladını qız olduğu üçün istəməyən valideynə görə, oğlu olsa, hər işi rahat gedər. Əminə Hüşənova ailəsinin dəstəyi ilə bu stereotipi dağıtmaq üçün addım atıb. O, Azərbaycanın ilk qadın gəmi mexaniki olmaq istəyir: “İxtisas seçimi edərkən, hətta kodlaşdırmanı yazan müəllim mənə dedi ki, gəminin alt hissəsində işləyəcəksən, detalların hamısı ağırdır, sənlik deyil. Deyirdim ki, niyə də işləməyim? Kişi işləyə bilirsə, qadın da işləyər. Fikrimdən daşınmadığımı gördükdə, qrupda hamı oğlan olacaq dedilər. Deyirdim qız da mən olaram. Hər birimiz bərabər yaradılmışıq, imkanlarımız da bərabər olmalıdır. Anam hərbçidir. Mənə dəstək oldu, qohumların tənəsindən qorudu. Oğlanı da, qızı da fərq qoymadan böyütmək lazımdır. Uğursuzluq qızda da ola bilər, oğlanda da. Bütün yükü qız uşaqlarının və ya oğlan uşaqlarının üstünə yıxmağınız sizin acizliyinizdir”.
Əminə deyir ki, 21-ci əsrdə hələ də qız olaraq cəmiyyətə gücümüzü sübut etməyə çalışmağımız acınacaqlıdır: “Heç bir iş asan deyil. Amma bunu qadına, kişiyə bölmək də düzgün deyil. Kişinin bacardığını qadın da bacarar. Deyirlər qadın işləsə, ev işlərini çatdırmaz. Qadınlar həm evini, həm işini idarə edə biləcək gücə malikdir. Anam hərbçidir, hətta müharibədə də iştirak etdi. Bir gün olsun nə sevgisindən, nə qayğısından məhrum olmamışam”.
“İşlədim, atama dəstək oldum”
“Kişi qadından güclüdür”, “Ailəni kişi saxlayır”, “Kişiyə söz gəlmir, qadına gəlir” kimi stereotip düşüncələri alt-üst edən qadınlardan biri də Şəfiqə Əsədullayevadır. 17 yaşından motor sarğısı, təmiri ilə məşğul olub. Bu peşəni 69 yaşına qədər davam edib. Hətta sənətini bəzi kişi ustalardan daha yaxşı görməyi bacarır: “Ailədə 7 uşaq idik. Tək atam işləyirdi. Vəziyyətin çətin olduğunu görüb iş axtarmağa yollandım. Əvvəlcə məni ventilyatorların düzəldildiyi yerə göndərdilər. Usta mənə dedi ki, sən arıq, balacaboy qızsan, bacarmayacaqsan. Ümidimi itirmədim və ikinci sexə yollandım. Orada da ilk sualları “işləyə biləcəksən?” oldu. Dedim, əlbəttə, işləyə bilərəm. Usta şagirdi kimi işə başladım. Şagirdlik müddətim bir aylıq idi. 15 gün ərzində ustam baş ustaya dedi ki, bu qız artıq mənimlə bərabər işləyir. 15 gündən sonra artıq özüm üçün işləməyə başladım. Müştərilər də qadın olduğumu görüb, təəccüblənirdilər. O qədər adam olur ki, sexin qarşısında dayanıb baxır, izləyir və gedir. Hətta qadınlar dəfələrlə mənə yaxınlaşıb “sənə halal olsun” deyiblər. Deyirlər ki, qadın bacarmaz. Qadının bacarmadığı iş yoxdur”.
“4 övladımın təhsil almasına nail oldum”
Qadının karyerası uğurlu olmayanda düşünülür ki, gələcəyi, övladları üçün nə isə edə biləcək gücü yoxdur. Təkbaşına bir ailənin yükünü çəkməyə qadir, cəmiyyətə təhsilli övladlar yetişdirəcək qədər güclü olan evdar qadınlarımız yoxdurmu? Əlbəttə var. 5 uşaq anası Nailə Məmmədova kimi. Şuşalıdır. Şuşa işğal olunduqdan sonra həyat yoldaşı Feruz Məmmədov əsir götürülür və şəhid statusu verilir. 5 uşaqla tək qalan evdar qadın əzmlə, zəhmətlə övladlarını oxudur, təhsil verir: “Yoldaşımın yoxluğu mənə həyatda mübarizə aparmağı öyrətdi. Heç kimdən mənə və 5 övladıma çörək verməyini, yazığı gəlməyini ummadım. Şuşadan çıxanda cəmi 1 övladım ali təhsil alırdı. Digər övladlarımın təhsil alması üçün nə lazımdırsa, etdim. Məskunlaşdığımız pioner düşərgəsində bizə məxsus otağın pəncərəsinə alıb gətirdiyim şirniyyatları düzərək, oradakı insanların diqqətini cəlb etdim. Daha sonra bazardan günəbaxan tumu aldım, qovurub satdım. 4 övladımın təhsil almasına nail oldum. Heç bir qız uşağı zəif deyil. Qız uşağının gücünü yox sayaraq ondan imtina etmək ədalətsizlikdir”.
Mütəxəssis rəyi: həyəcan təbili çalınmalıdır
Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyinin ləğvi üzrə Komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov hazırda doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulması ilə bağlı vəziyyətin təhlükəli olduğunu vurğulayır. Mütəxəssis hesab edir ki, ən böyük problem patriarxal sosial normalara əsaslanan stereotiplərdir: “Açıqlanan statistika bu istiqamət üzrə ən mənfi rəqəmdir və yolverilməzdir. Bu, artıq həyəcan təbilidir. Cinsi ayrı-seçkiliyin aradan qaldırılması üçün təkcə maarifləndirmə deyil, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı işlər də davamlı şəkildə görülür və fəaliyyətlər daha da gücləndirilir. Qadınların sahibkarlıqda, məşğulluqda, bələdiyyədə təmsilçiliyinin artırılması ilə bağlı vacib tədbirlər həyata keçirilir. Patriarxal stereotiplərlə mübarizə üçün uzunmüddətli fəaliyyətlər aparılmalıdır. Təəssüflər olsun ki, aparılan qiymətləndirməyə əsasən, doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulması ilə bağlı apardığımız mübarizədə hələ istədiyimiz nəticəni əldə edə bilmirik”.
Ya sürüklənən bəşəriyyəti qadınla yüksəldəcəyik, ya da…
Bu gün qızların bacarıqlarına layiq yaşamalarına imkan verilsə, onlar cəmiyyətdə yetərincə dəyişikliklərə nail ola bilərlər. Bunun əksinə, patriarxal stereotiplərə əsaslanaraq gender əsaslı cins seçimini davam etdirsək, kişilərin sayı kəskin şəkildə artacaq. Ən əsası, belə davam edərsə, ölkə bunun acınacaqlı nəticələri ilə üz-üzə qalacaq. Cəmiyyət gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri, kriminogen vəziyyətin pisləşməsi ilə mübarizə aparmalı olacaq. Ya sürüklənən bəşəriyyəti qadınla yüksəldəcəyik, ya da stereotiplərə qurban gedib sürünəcəyik. Ədalətli cəmiyyət naminə qız uşaqları üçün bərabər imkanlar yaradaq, onların gücündən cəmiyyət və bəşəriyyət olaraq faydalanaq.
Aygün ƏZİZ