valideyn

Stereotiplərin əsirliyində: ata öz övladı üçün yad birinə çevrilməmək üçün nə etməlidir?

Baxış sayı: 474

Ataların öz uşaqlarının tərbiyə prosesindən kənar qalması bir çox Azərbaycan ailələrinə yaxşı tanışdır. Bəzən elə olur ki, atalar öz uşaqlarının vərdişləri, maraqları və istəkləri barədə xəbərsiz olur, onların necə yaşadığını, nə xəyal qurduğunu, ad gününə hansı hədiyyəni istədiyini, onlarla nə haqda söhbət edə biləcəklərini belə bilmirlər.

Bu, cəmiyyətimizdə mühafizəkar qaydaların hələ də güclü olmasından qaynaqlanır. Uşaqların qayğısına qalmaq ənənəvi olaraq qadın işi hesab olunur. Nəticədə, uşaqlar hərtərəfli ata qayğısından məhrum olurlar.

Bakıdan olan gənc valideynlər – Cavid Tahirli və İlahə Baxışova-Tahirli mövhumata uymayan müasir Azərbaycan ailəsinin nümunəsidir. Bu gənc cütlüyün münasibətləri sevgi və qarşılıqlı hörmətə əsaslanır. 7 aylıq qızları Dəryanın həyatında hər iki valideyn eyni səviyyədə iştirak edir.

“Mənim üçün bu təbii haldır, çünki uşaqlıqdan öz ailəmdə bu cür münasibətin şahidi olmuşam. Valideynlərimiz bizə çox diqqət ayırırdılar”, – Cavid deyir.

“Atam ciddi, amma ədalətli və ailəsini sevən bir insan idi. Mənə və bacıma ayırdığı vaxta heyfi gəlməzdi. Həmişə öz məsləhətləri ilə bizə kömək edər, amma fikrini yeritməyə çalışmazdı”, – Cavid əlavə edir. O özü də hazırda eyni modeli öz ailəsində tətbiq edir. Cavid əmindir ki, cəmiyyətdə ümumilikdə bərabərliyə gedən yol gender bərabərliyindən keçir.

Körpə qızının həyatı daha çox yeməkdən, yatmaqdan və oyun oynamaqdan ibarət olsa da, gənc ata öz övladının həyatında həvəslə iştirak edir. Uşağın bezini dəyişdirmək, onu yelləmək və ya gəzintiyə çıxarmaq Cavid üçün heç bir çətinlik yaratmır. Körpə atasının qucağında olarkən ana qucağındaymış kimi sakit və rahat olur.

Bundan əlavə, Cavid Dəryanı tez və asan yatızdırmaq üçün kiçik hiylələrə də əl atır. “Yuxulu olduğunu gördükdə, onu yatağına uzandırıram ki, yatsın, amma o dərhal ayılır və oyun oynamağa başlayır. Yəqin ki, bu hal çoxlarına tanışdır”, – o, təbəssümlə deyir.

“Bunun çıxış yolunu tapmışam. Yanında uzanır, əlimi dizlərinin üstünə qoyuram. Fikir vermişəm ki, onun bundan xoşu gəlir. Bu zaman o yavaş-yavaş sakitləşir və yuxuya gedir”, – Cavid deyir. “Məndə isə bu üsul işə yaramır”, – İlahə gülərək əlavə edir.

 

İlahə həyat yoldaşının uşağa qayğı işində bərabər iştirakını çox yüksək qiymətləndirir. Məhz bu yanaşma ona 4 aylıq analıq məzuniyyətindən sonra dərhal işə qayıtmaq imkanı yaradıb.

“Uşağın atadan ehtiyac duyduğu əsas şeylər bezin dəyişdirilməsi, uşağın soyundurulub-geyindirilməsi, yedizdirilməsi və digər işlər deyil. Atanın rolu daha dərin və vacibdir. Emosional əlaqə, iştirak son dərəcə vacibdir. Pozitiv valideyn olmaq buna deyərəm. Həyat yoldaşımın bu cür məsuliyyətli münasibətini çox yüksək qiymətləndirirəm”, – o deyir.

Tahirli ailəsi üçün uşağın cinsi heç vaxt əhəmiyyət kəsb etməyib. Amma Cavid etiraf edir ki, övladına bu qədər emosional bağlanmasınının səbəbi bəlkə də onun qız olması ilə bağlıdır. Qeyd etmək lazımdır ki, ənənəvi stereotiplərin hələ də güclü olduğu cəmiyyətin müəyyən hissəsində qız uşağının dünyaya gəlməsi xoş xəbər hesab olunmur.

Cavid və İlahə Azərbaycanın bütün gənclərinə tövsiyə edirlər ki, həyatlarını stereotiplərlə məhdudlaşdırmasın, kənardan kiminsə onlara öz fikrini yeritməsinə imkan verməsin və yalnız özlərini tam hazır hiss etdikdə uşaq dünyaya gətirsinlər.

Cavid Tahirli həm də bu yaxınlarda həyata keçirilmiş gənc atalar və ata olmağa hazırlaşan şəxslər üçün “Atalar Məktəbi – Məsuliyyətli Atalığın Transformasiyası” (“Papa School”) layihəsinin 120 iştirakçısından biri idi. Avropa İttifaqının maliyyə dəstəyi ilə icra edilmiş layihənin məqsədi ailədə gender bərabərliyini, həmçinin ataların uşaqların tərbiyəsinə və inkişafına cəlb edilməsini təşviq etməkdir.

Bu iki aylıq layihə “Aİ Gender Bərabərliyi Naminə: Birlikdə Gender Stereotiplərinə və Gender Əsaslı Zorakılığa Qarşı” (EU 4 Gender Equality) proqramının komponentlərindən biridir. Layihə Azərbaycanda BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Təşkilatının (UN Women) dəstəyi ilə “Gender Hub” platforması tərəfindən həyata keçirilib. Sözügedən proqram qadınlar üçün bərabər hüquq və imkanların təşviqi, gender stereotipləri ilə mübarizə, kişilərin uşaqlara qayğı və digər ailə öhdəliklərində iştirakının stimullaşdırılması kimi məqsədlərə xidmət edir.

Məşğələlərdə fəal iştirakı və atalığa tərəqqipərvər baxışları sayəsində Cavid “Papa School” layihəsinin “Ən yaxşı ata” nominasiyasında qalib gəlib.

 

Layihə Bakı, Gəncə və Qazaxda həyata keçirilib. “Gender Hub” platformasının nümayəndəsi və layihənin rəhbəri Roman Qocayevin sözlərinə görə, Bakı və Gəncə gender əsaslı cinayətlərin daha çox qeydə alındığı böyük şəhərlər kimi seçilib. Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Qazax şəhəri isə paytaxtdan ən uzaq şəhərlərdən biri kimi layihəyə cəlb edilib. Gender bərabərsizliyi problemlərinin qeydə alındığı bu şəhərdə oxşar layihələr son dərəcə nadir hallarda keçirilir.

Roman Qocayev etiraf edir ki, həm iştirakçıların cəlbi prosesində, həm də seminarların keçirilməsində çətinliklər baş verirdi. Əsas səbəb kimi o, cəmiyyətdə kök salmış patriarxal normaları və gender stereotiplərini göstərir. Bu mənfi hallar özünü paytaxtdan kənarda xüsusilə qabarıq büruzə verir.

“İştirakçıları layihəyə cəlb etmək çətin idi. Kişilər, bir qayda olaraq, bu cür tədbirlərdən kənar durmağa çalışır, ailə və uşaqlarla bağlı mövzuların açıq şəkildə müzakirə olunmasını isə ümumiyyətlə qəbuledilməz hesab edirlər. Kəndlərdə isə xüsusilə çətin idi”, – Roman Qocayev deyir. Onun sözlərinə görə, bəzi insanlar “gender” sözünü belə səhv anlayırlar.

“Lakin biz çətinliklərə nikbin baxırıq. Bu o deməkdir ki, layihədə iştirak etmək qərarına gəlmiş həmin azsaylı şəxslər dəyişikliklərə kökləniblər və yaxşı valideyn olmaq istəyirlər. Bizim üçün kəmiyyət deyil, keyfiyyət vacib idi”, – o deyir.

Tədbirlər həftənin şənbə və bazar günləri, canlı diskussiyalı seminarlar, həmçinin atalar və uşaqlar üçün birgə interaktiv görüşlər, oyunlar və müsabiqələr formatında keçirilib. Bəzi görüşlərə ailələrlə iş üzrə ixtisaslaşmış psixoloqlar, pediatrlar və hüquqşünaslar dəvət olunmuşdu.

 

“Layihəmiz “Atalar Məktəbi” adlansa da, görüşlərimiz klassik dərsə bənzəmirdi. Sözün həqiqi mənasında kiməsə nəyisə öyrətməyə çalışmırdıq. Çünki bu müsbət nəticə verməzdi, əvəzində əks effektə malik ola bilərdi. Əksinə, iştirakçılarımız prosesin tərkib hissəsinə çevrilmişdi, fikirlər isə müzakirələr zamanı yaranırdı”, – Roman Qocayev deyir.

O hesab edir ki, “Atalar Məktəbi”nin iştirakçıları artıq ailədə qarşılıqlı hörmət və sevgiyə əsaslanan münasibətləri necə quracaqlarını bilirlər. Onlar həmçinin atanın öz övladları ilə bağlı işlərinin ayıb bir şey olmadığını, əksinə uşağın şəxsiyyətinin formalaşması prosesinin vacib hissəsi olduğunu anlayırlar.

“Az qisim insanın təfəkküründə çox kiçik bir irəliləyiş belə böyük əhəmiyyətə malikdir”, – Roman Qocayev fikrini tamamlayıb.

 

Müəllif: Yelena Ostapenko




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir