Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə iyunun 10-dan etibarən Azərbaycanda iri ticarət mərkəzlərinin, “mall”ların fəaliyyəti bərpa olunub. Operativ Qərərgahın digər qərarı ilə sentyabrın 1-dən etibarən “mall”lara giriş üçün COVID-19 pasportu tələb olunur.
Maraqlıdır, hazırda “mall”larda vəziyyət necədir, nəzarət necə həyata keçirilir, maska tələbinə riayət edilirmi?
“Gənclik Mall”un girişində nəzarət çox güclüdür, hər bir vətəndaşın şəxsiyyət vəsiqəsi ilə COVID-19 pasportu eyni vaxtda yoxlanılır. İki-üç nəzarətçi sürətli şəkildə bu işi icra etdiyi üçün girişdə demək olar ki, sıxlıq müşahidə olunmur.
Ticarət mərkəzindəki mağazalara üz tuturuq. “Libraff” kitab mağazasındayıq. Kitab almaq üçün mağazanı gəzən müştərilər arasında hər kəs maska taxsa da, mağazanın digər bir hissəsində bunu görə bilmirik. Belə ki, mağazanın digər kiçik bir hissəsini ictimai iaşə yeri hesab etmək olar, burada oturub yemək, eyni zamanda da notbukla zaman keçirməyə şərait var. Notbukda işləyən şəxslərin isə açıq-aşkar maskasız şəkildə oturduqları gözümüzdən yayınmadı.
“Mall”un dəhlizində də maskasız, yaxud maskanı düzgün taxmayaraq gəzənlərə rast gəlmək mümkündür. “ZEL HOME” mağazasında da nəzarətçinin özünün maskanı lazımi qaydada taxmadığını gördük. “Coincasa”-da müştərilər arasında bənzər hala rast gəlmək mümkündür.
Maraqlıdır, bəs, “soyunma-geyinmə otaqları” necə, varmı? Varsa, onlardan necə istifadə olunur? Nazirlər Kabinetinin qərarı ilə ölkədə pandemiya şəraiti nəzərə alınaraq bu xidmət qadağan edilsə də, bəzi brend mağazalar bu tələbə məhəl qoymurlar. Bəziləri isə özlərini bu tələbə məhəl qoymuş kimi göstərsələr də, əslində kənarda alıcıların istəklərini təmin edirlər. Məsələn, “Mango” geyim mağazasında “soyunma-geyinmə otaqlar”ı bağlı olsa da, xanım satıcılardan biri yaxınlaşaraq belə bir təklif verir: “Narahat olmayın, istədiyiniz geyimi seçin, biz sizə əyin dəyişməyə şərait yaradacağıq”.
“Bəs, necə, burada qapalı məkan yoxdur, axı?” sualımıza cavab da maraqlı oldu: “Baxın, orada, “stolba”nın kənarında əyninizi tam dəyişə bilərsiniz. Digər xanımlar da əyinlərini dəyişir və biz də nəzarət edirik ki, heç bir kişi o tərəfə gəlməsin”.
“Orada” deyilən yer isə uşaqlar üçün geyim şöbəsidir və həmin hissədə kamera yoxdur. Həmin yer tamamilə açıqdır, üç-dörd xanım da elə “ora” – satıcının dediyi həmin “stolba”nın arxasına keçib əyinlərini dəyişirdilər. Satıcılar isə ətrafa nəzarət edirdilər. “United Colors Of Benetton”da isə “soyunma-geyinmə otaqları” fəaliyyət göstərir.
“Mall” boyu gəzsək də, ətrafda gözümüzə bir polis əməkdaşı dəymədi.
“28 Mall”un girişində də nəzarət çox güclü idi, digər ticarət mərkəzində olduğu kimi burada da heç bir sıxlıq müşahidə olunmurdu.
Bu ticarət mərkəzində də bir neçə mağazanı gəzdik. Hansısa bir pozuntu halı gözümüzə dəymədi. “NEXT”, “NEW YORKER” və digər mağazalarda pandemiyanın tələblərinə riayət olunurdu.
Daxili İşlər Nazirliyindən bildirilir ki, nəzarəti “mall”lar özləri həyata keçirir, DİN tərəfindən isə monitorinq həyata keçirilir. DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirir ki, bu həftə ərzində ticarət mərkəzlərində monitorinq keçiriləcək və onun nəticəsi ictimaiyyətə açıqlanacaq.
Nigar Isgəndərova