Paytaxt sakinləri son dövrlər mənzillərindəki su kranlarının vaxtından əvvəl sıradan çıxması, paslanması, ərp bağlamasından şikayətlənirlər. Vətəndaşlar iddia edirlər ki, bu, evlərə verilən suyun tərkibi ilə əlaqədardır. Onların fikrincə, təhlükəsizlik məqsədilə içməli suya qatılan kimyəvi məhlullar son nəticədə mənzillərdə su kranlarının tez-tez sıradan çıxmasına səbəb olur. Sakinlər iddia edirlər ki, suyun təmizlənməsi üçün şəxsi vəsaitləri hesabına mənzillərdə sutəmizləyici qurğular, filtrlər quraşdırsalar da, bu, heç nəyi dəyişmir. Keyfiyyətli və ya keyfiyyətsiz materialdan hazırlanmasına baxmayaraq, yenə də su kranları tez-tez paslanır, çürüyür, su qaynadılan zaman isə ərp meydana gəlir. Vətəndaşlar bunu sağlamlıqları üçün böyük təhlükə hesab edirlər.
Suya ancaq zərərsizləşdirici xlor vurulur
Paytaxt sakinlərinin bu narahatlığını araşdırmaq qərarına gəldik. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı qeyd olunan problemin bilavasitə keyfiyyətsiz materiallardan hazırlanmış kranlardan qaynaqlandığını vurğulayıb. O qeyd edib ki, paytaxta və regionlara verilən içməli suyun tərkibinə zərərsizləşdirici xlordan başqa heç bir kimyəvi maddə vurulmur: “İlk növbədə qeyd edim ki, mən vaxtilə “Əhmədli”, “Elmlər Akademiyası” metro stansiyalarının yerləşdiyi ərazilərdə yaşamışam. Hazırda isə “Neftçilər” və “Qara Qarayev” metro stansiyalarının arasındakı ərazidə yaşayıram. Bakı şəhər sakinləri kimi, mən də daim eyni sudan istifadə etmişəm və edirəm. Su kranlarının tez-tez sıradan çıxmasının əsas səbəbi onların keyfiyyətsiz materiallardan hazırlanmasıdır. Ərpin meydana gəlməsi suyun tərkibindəki minerallarla əlaqəlidir. Suyun tərkibinə də zərərsizləşdirici xlordan başqa heç bir kimyəvi maddə vurulmur”.
“Hətta filtrlər də bunu təmizləyə bilmir”
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin rəhbəri, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov isə bildirir ki, su kranlarının vəziyyəti ilə bağlı paytaxt sakinlərinin ictimailəşdirdiyi problem bilavasitə içməli suyun codluğundan meydana çıxır. Onun sözlərinə görə, su kranlarının ərp bağlamasına təsir edən amillər sadəcə onların deyil, eyni zamanda məişət texnikasının, paltaryuyan maşının, su borularının sıradan çıxmasına da səbəb ola bilər: “Burada çox güclü ərpbağlama prosesi gedir. Bunun da səbəbi içməli suda çoxlu kalsium və maqnezium ionlarının olmasıdır. Onların müxtəlif birləşmələri var. Bu, kalsium sulfat, maqnezium sulfat, maqnezium xlorid, sink, sink xlorid də ola bilər. Bunun nəticəsində nəinki su kranları, eləcə də su boruları ərp bağlayır, aşınmaya məruz qalaraq qısa zamanda sıradan çıxır. Bu ona işarə verir ki, su çox coddur. Hətta filtrlər də bunu təmizləyə bilmir”.
Cod suyun sağlamlığa ziyanı
Ekspert vətəndaşlara tövsiyə edib ki, belə sulardan içmək və yemək hazırlamaq üçün istifadə etməsinlər: “Məsləhət görərdim ki, onlara verilən içməli suyun TDS səviyyəsini, göstəricisini ölçsünlər. Yəqin ki, bu səviyyə 600-800-ə yaxındır. Belədirsə, bu, çox yuxarı göstərcidir. Bu faktın özü sudakı codluğun yüksək olduğunu ortaya qoyur. Belə içməli suyun sağlamlıq effektləri də var. Sudakı ərpləşmə böyrəklərdə daş əmələ gətirir, qan damarlarında da müəyyən problemlər yaradır. Tövsiyə edərdim ki, belə sulardan yemək hazırlanmasında və içmək üçün istifadə edilməsin. Vətəndaşlar filtrdən keçirilmiş sulardan istifadə etsələr, bu, daha yaxşı olar. Tərkibindəki bərk maddələrin səviyyəsi aşağı olan sudan istifadə daha məqsədəuyğundur”.
“Tam minerallardan təmizlənmiş su “ölü” sudur”
“Azərsu” ASC-nin Texnoloji proseslərə nəzarət və suyun təhlükəsizliyi şöbəsinin rəisi, baş texnoloq Cəmil Babayev isə bildirib ki, yeraltı və yerüstü su mənbələrindən əldə edilən istənilən suyun tərkibində minerallar olur. Onun sözlərinə görə, mineralların əsas hissəsi kalsium və maqneziumla birləşən anionlar olur ki, bu da suyun ümumi codluq, səhlik göstəricisidir: “Ümumi codluq göstəricisi də daimi və müvəqqəti codluğa bölünür. Daimi codluq karbonatlar, xloridlər və sairdir. Müvəqqəti codluq isə hidrokarbonatlar hesab olunur. İçməli suyu çaydanda qaynatsaq hamımız onun dibində ərpləşməni müşahidə edə bilərik. Bu, kalsium karbonatdır və suyun təbii mahiyyətidir. Tam minerallardan təmizlənmiş, filtrdən keçən sularda ərpləşmə baş vermir. Çünki onun tərkibində heç bir mineral qalmır, “ölü” suya çevrilir. Məişətdə vətəndaşlar tərəfindən fərdi qaydada istifadə edilən filtrlərdən keçirilən suları bu kateqoriyaya aid etmək olar”.
Milli Su Standartlarına ciddi riayət edilir
Su kranlarının tez-tez sıradan çıxmasına münasibət bildirən baş texnoloq vurğulayıb ki, ucuz və keyfiyyətsiz materiallardan hazırlanan belə kranlar daim su ilə təmasda olduğundan uzunömürlü olmur: “Bu, suyun tərkibindən deyil, bilavasitə kranın keyfiyyətsiz olmasından qaynaqlanır. Suyun tərkibinə zərərsizləşdirmə məqsədi ilə yalnız az miqdarda xlor vurulur. Dünyanın hər yerində təcrübə, qayda belədir. Bu zaman Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi qaydalara, tələblərə, həmçinin ölkəmizin Milli Su Standartlarına ciddi riayət edilir. Əgər vətəndaşlar “nerjaveyka” kimi tanıdığımız yüksək keyfiyyətli materialdan hazırlanmış kranlardan istifadə etsələr, tez-tez sıradan çıxmaz”.
Rufik İSMAYILOV