peyvend

Suçiçəyi peyvəndi: risklər və problemlər – TÜRK MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 1. 280

“Gencaile.az” Türkiyə mətbuatına istinadən uşaq xəstəlikləri üzrə mütəxəssis Ebru Gözerin suçiçəyi peyvəndi haqda məqaləsini təqdim edir.

 

Peyvənd niyə edilir?

Suçiçəyi daha çox uşaqlıqda rast gəlinən xəstəlikdir. Lap kiçik yaşlı uşaqların suçiçəyi olması ciddi fəsadlar yarada bilər. Suçiçəyi Herpes virusunun səbəb olduğu xəstəlikdir.

Bu xəstəlik insandan-insana hava vasitəsilə və ya suçiçəyi səpkiləri ilə təmas edildikdə keçə bilər. Cilddə səpgi (içi su ilə dolu qabarcıqlar), qaşıntı, qızdırma və halsızlıq yaradır. Cilddə infeksiya, qalıcı izlər, sətəlcəm, beyin fəsadı və ya ölümə səbəb ola bilər.

Suçiçəyi olan bir insan illər sonra Zona adlı kəskin dəri səpkilərinə yol açan xəstəliklərə tutula bilər.

 

Peyvənd suçiçəyi xəstəliyinin qarşısını ala bilər

Suçiçəyi peyvəndi olan insanın bu xəstəliyə tutulma şansı çox aşağıdır. Əgər tutularsa, yüngül keçirər. Hərarəti çox yüksək olmaz, səpgilər az olar və daha tez sağalar.

 

Kim nə zaman peyvənd edilməlidir?

Suçiçəyi peyvəndi dəri altına vurulur. Uşaqlar 12-18-ci aylarında suçiçəyi peyvəndi edilə bilər. Əgər bu aylarda peyvənd edilməzlərsə, 13 yaşlarınadək vurulmalıdır. 13 yaşından sonra isə 4-8 həftə ara ilə iki dəfə peyvənd oluna bilərlər. Suçiçəyi peyvəndi digər peyvəndlərlə birgə edilə bilər.

 

Kimə suçiçəyi peyvəndi edilə bilməz?

Müxtəlif antibiotiklərə allergiyası olanlar və ya əvvəlki suçiçəyi peyvəndinə allergik reaksiya verənlərə suçiçəyi peyvəndi edilməməlidir. Yüngül və ya ağır xəstəliyi olan insanlara tam sağaldıqdan sonra suçiçəyi peyvəndi edilməlidir. Hamilə qadınlar doğuşdan sonra peyvənd oluna bilərlər. Peyvənd edilən qadınlar isə bir ay hamilə qalmamalıdırlar. Uşağa süd verən analara peyvəndə icazə verilir.

Aspirin müalicəsi edilən uşaqlar və ya sağlam uşaqlara suçiçəyi peyvəndindən 6 həftə sonra aspirin verilməlidir.

 

Bu insanlar isə peyvənd edilib-edilməyəcəklərinə dair həkimlə məsləhətləşməlidirlər:

İmmunitet sisteminə təsir edən HİV/AİDS və ya başqa xəstəliyi olanlar

İki həftədən çox immunitetlə bağlı dərman qəbul edənlər

Xərçəng xəstələri

Radioterapiya və ya kimyaterapiya edilən xərçəng xəstələri

Yaxın zamanda qan verən və ya qan verməyə hazırlaşan insanlar

 

Peyvəndin riskləri:

Bu peyvənd hər hansı bir dərman kimi ciddi allergik reaksiyaya səbəb ola bilər. Lakin peyvəndin hər hansı ciddi problem və ya ölümə səbəb olması riski çox aşağıdır. Suçiçəyi peyvəndi olmaq xəstəliyə yaxalanmaqdan daha güvənlidir. Peyvənd olan insanlarda bəzi problemlər ola bilər.

 

Kiçik problemlər:

Peyvənd edilən yerdə ağrı və şişkinlik

Hərarət

Səpgi (peyvənddən sonra səgki ola bilər, lakin yüngül)

Səpgisi olan insanlar evdəki digər insanları yoluxdura bilər

 

Ciddi problemlər:

Hərarət zamanı ürəkgetmə

Sətəlcəm

Beyin reaksiyası

Qan təzyiqinin düşməsi

Lakin bunların peyvəndlə əlaqəsinin olub – olmamasını aydınlaşdırmaq  çətindir

 

Ciddi reaksiya olanda nə etmək lazımdır?

Ciddi allergiya reaksiyası zamanı nəfəs almaq çətinləşir, xırıltı, halsızlıq, nəbzin tez-tez atması, soyuqluq və baş gicəllənməsi olur. Yüksək hərarətlə bərabər ürəkgetməsi ola bilər. Bunlar peyvənddən 1-6 həftə arası müşahidə edilə bilər.

Əgər gözlənilmədən nəsə baş verərsə, mütləq həkimə müraciət etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir