Bu günlərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə açıqlamasında bildirib ki, hazırda ölkədə suçiçəyinə yoluxma hadisələrinin sayında artım müşahidə edilmir. Onun sözlərinə görə, ola bilər ki, bir neçə il sonra suçiçəyinə qarşı peyvənd edilsin. Amma indi bu məsələyə baxılmır: “Bu xəstəliklə bağlı vəziyyət stabildir. Suçiçəyi Azərbaycanda peyvəndlə idarəolunmayan xəstəliklər qrupuna aiddir. Çünki biz hələ ki Azərbaycanda o xəstəliyə qarşı peyvənd tətbiq etməmişik. Peyvəndlər daha aktual, daha vacib olan xəstəliklərə qarşı edilir. Suçiçəyi ağır keçməyən xəstəlikdir”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, suçiçəyi haqda “ağır xəstəlik deyil” demək bir qədər mübahisəlidir: “Bu xəstəlik hava-damcı vasitəsilə yayılır. Bəzən böyük bir arealı əhatə edə bilir və xeyli insanın yoluxmasına səbəb olur. Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə də bu xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz. Düzdür, suçiçəyindən sonra insanda immunitet yaranır. Amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir vermədikdə, dəridə xəstəliyin əlamətləri hətta uzun müddət qala bilir. Suçiçəyinə yoluxmuş şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan mütləq qorunmaq lazımdır. Suçiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz. Amma vaksinasiya məsələsinə gəldikdə, deyə bilərəm ki, vaksinasiya təbii çiçəyə aiddir. Əvvəllər bu peyvəndlər aparılırdı. Amma indi təbii çiçəyə qarşı peyvənd olunmur. Ümumdünya Səhiyyə Təşkilatı bunu sıradan çıxmış infeksiya hesab edir. Təbii çiçək karantin infeksiyasıdır. ÜST-ün reyestrində əsas bəlli xəstəliklər üçün vaksinasiya nəzərdə tutulur. Amma bunu birmənalı olaraq deyə bilmirik. Çünki ÜST bu məsələ ilə bağlı ekspertlərlə birgə qərar verir. Peyvənd nəzərdə tutulan xəstəliklərin siyahısında suçiçəyinin adı yoxdur. Çünki siyahıda adı olan bir çox xəstəliklər bəzən ölümə gətirib çıxara, ağır fəsadlara səbəb ola bilir. Bu mənada, hesab edirəm ki, suçiçəyinə qarşı peyvənd olsaydı, daha yaxşı olardı. Bütün dünya üzrə xəstələnmə sayı, xəstələrin ağırlaşması və bir çox başqa faktorlar nəzərə alınıb. Amma insanlar daha çox profilaktik tədbirlərə əhəmiyyət verməlidir. Mümkün qədər qorunmaq lazımdır. Xəstə olan yerdə qoruyucu maskalardan istifadə edilməlidir. Xəstəliyə yoluxmuş şəxslə kontaktda olmaq olmaz. Həmin şəxs mütləq yataq rejimində olmalıdır”.
Həkim-terapevt Məlahət Abbasova deyir ki, suçiçəyi dəridə səpkilərin olması ilə özünü büruzə verir: “Üç gün ərzində xəstənin temperaturu artır. Üç günün sonunda dəridə səpkilər çıxmağa başlayır. Bədənin müxtəlif yerlərində, qarında, qollarda, kürəkdə sulu yaralar yaranır. Bəzən uşaqların gözünün içində də bu yaralardan ola bilir. Xəstəlikdən qorunmaq üçün ilk növbədə insanın immun sistemi möhkəm olmalıdır. İmmun sistemi möhkəm olduqda, bədənə daxil olan mikrobların səbəb olduğu xəstəlik ağır həddə çatmır. Bu zaman həmin şəxs xəstəliyi yüngül şəkildə keçirir. Əgər uşaq suçiçəyini ağır keçirirsə, deməli, onun immun sistemi zəifdir. Adətən uşaqlarda temperatur az artır. Amma bəzən də elə olur ki, xəstənin temperaturu 40 dərəcəni keçir. Xəstə ilk gündən başlayaraq yataq rejimində olmalıdır. Xəstəliyə yoluxan şəxs kollektiv yerlərdə olmamalıdır. Çünki 21 gün karantin hesab olunur. Xəstənin yeməyinə, pəhrizinə mütləq fikir verilməlidir. Yaxşı olar ki, xəstəliyə yoluxan şəxs digər insanlarla kontaktı minimuma endirsin. Bəzən dəridə çıxan yaralar insana əziyyət verir, amma onları qopartmaq, zədələmək olmaz. Bunun üçün həkim xüsusi dərman yazır ki, qaşınmalar çox olmasın. Yaraları qopardıqda, dəridə iz qalma ehtimalı çox böyükdür. Bu viruslar əsasən yaz aylarında, qışdan yaza keçid edilən dönəmlərdə daha çox aktivləşir. Ona görə də bu mövsümlərdə xəstəlik adi vaxta nisbətən daha da intensivləşir”.