ABŞ-ın 8 nəfərdən ibarət yeni yaradılmış “Comet” şirkəti suda batmayan unikal smartfon təqdim edib. “Comet” adlanan qurğu “İPx7” sertifikasiyasından istifadə sayəsində sukeçirməzdir.
Smartfon 1 QHs takt tezlikli səkkiznüvəli “Snapdragon 810” prosessor, 4 Gb tutumlu operativ yaddaş, 16 meqapikselli əsas və ön kameralar, 128 Gb tutumlu yaddaş kartı, 1280×720 piksel təsvir ölçülü 4,7 düymlü ekran və 2800 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
“Android 5.1.1” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğunun ölçüləri 137,5×67,7×7,9 millimetr, çəkisi 120 qramdır.
Smartfonda, həmçinin, müasir “Qlock” məlumat şifrləmə sistemindən istifadə olunub.
“Comet” hazırda “İndiegogo” platforması əsasında vəsait toplamaqla məşğuldur. Mütəxəssislər layihənin inkişafına 1 milyon dollar toplamağı planlaşdırırlar. Kampaniyanın sona çatmasına 35 gün qalıb, -“İnternetua” yazır.