avtomobil

Sükan arxasına yeni əyləşənlər üçün məsləhətlər

Baxış sayı: 1. 878

Hər gün yüzlərlə insan sürücülük vəsiqəsi alır və öz avtomobilinin sükanı arxasına keçəcəyi və yol hərəkətinin tam hüquqlu iştirakçısına çevriləcəyi anı həyəcanla gözləyir. Amma avtomobil məktəbindəki təlim sürücülər üçün zəruri olan biliklərin yalnız kiçik bir hissəsini verir.

Avtomobil həvəskarının əsl avtomobil sürücüsü olması və sükan arxasında özünü inamlı hiss etməsi üçün o, bilavasitə yolda hərəkət zamanı çox şeylər öyrənməlidir. Bu məqalədə biz avtomobil sürməyə yeni başlayan sürücülərin işini bir qədər asanlaşdırmaq üçün onlara avtomobilin idarə olunması ilə bağlı bir neçə məsləhət verəcəyik.

Avtomobili sürməkdən nə qədər qorxsanız da, onu yalnız zəruri hallarda deyil, kifayət qədər tez-tez sürməyə çalışın. Çünki avtomobili nadir hallarda sürsəniz, bu sizin ustalığınızı artırmayacaq, əksinə, psixoloji qorxunuzu daha da artıracaq.

Ən əsası, yolda həyəcanlanmaq və təlaşa düşmək olmaz. Siz sakit və özünüzə inamlı olmalısınız. Yol hərəkətinin bütün iştirakçılarına qarşı dözümlülüklə yanaşın, yol hərəkətinin bəzi iştirakçılarının yol verdiyi kobudluqlara cavab verməyin.

Psixoloqlar məsləhət görürlər ki, insan toplanmış mənfi emosiyalardan azad olmaq üçün pəncərələri bağlayıb ucadan ürəyini boşaltmalıdır. Bundan başqa, əgər imkan varsa, avtomobildən çıxın, bədəninizlə bir qədər dartınma hərəkətləri edin, bu əhvalınızı yaxşılaşdırar.

Avtomobil sürməyi yeni başlayan sürücülərin bütün diqqəti yolda olmalıdır. Buna görə ilk vaxtlar bütün kənar səslərdən imtina edin: sükan arxasında musiqiyə qulaq asmayın, telefonla danışmayın. Əgər avtomobilinizdə sərnişin varsa, xahiş edin ki, söhbətləri ilə diqqətinizi yoldan yayındırmasın.

Yeni sürücülər üçün ən qorxulu məsələlərdən biri parkinqdir. Bir qayda olaraq, avtomobili düzgün parklamağı öyrənmək müəyyən vaxt tələb edir. Hətta təcrübəli sürücülərin belə, parkinqlə bağlı çətinlikləri olur.

Əlbəttə, avtomobil məktəbində sizə parkinqlə bağlı bütün əsas qaydaları və üsulları öyrədiblər, amma parkinqin uğurla həyata keçirilməsi avtomobilinizin qabaritlərini necə hiss etməyinizdən asılıdır. Yaxşı olar ki, parkinq əməliyyatını öyrənmək üçün bir neçə payadan və ya dirəkdən istifadə etməklə (onlar qabaqdakı və arxadakı avtomobillərin rolunu oynayır) xüsusi meydançada məşq edəsiniz.

Qabaqdakı və arxadakı avtomobillə sizin avtomobil arasında məsafə sizin avtomobilin uzunluğunun iki mislinə bərabər olmalıdır. Bir daha xatırladaq ki, avtomobilinizin qabaritlərini hiss etməyiniz olduqca önəmlidir.

Avtomobilinizi parklayarkən ətrafdakıları da unutmayın. Öncə əmin olun ki, sizin avtomobil parklanmış digər avtomobillərə mane olmayacaq və yalnız bundan sonra parkinq əməliyyatına başlayın.

Parkinqi həyata keçirərkən avtomobilinizi digər avtomobilə həddən artıq yaxın yerləşdirməyin. Yadda saxlayın ki, bir qədər sonra siz avtomobilinizi həmin yerdən çıxarmalısınız və digər avtomobillə aranızdakı məsafə çox kiçik olarsa, bunu edə bilməyəcəksiniz.

Yolda hərəkət zamanı öncədən görülə bilməyən problemlərin baş verməməsi üçün avtomobilinizin saz vəziyyətdə olub-olmadığını mütəmadi olaraq yoxlamağa çalışın. Bunun üçün yola çıxmazdan əvvəl avtomobilinizin ətrafına dolaşın və əmin olun ki, avtomobildə hər şey qaydasındadır.

Sonra kapotun altına baxın və əyləc mayesinin, şüşə yuyucusunun və soyuducu mayenin səviyyəsinə diqqət yetirin. Həm ön, həm də arxa tərəfdən avtomobilin altına nəzər salıb soyuducu mayenin axıb-axmadığını yoxlayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir