Son zamanlar sosial şəbəkələrdə rast gəldiyimiz yeni bir sərnişindaşıma növü var. Bunlar moto taksilərdir. Qeyd edək ki, moto taksi xidmət növü bir çox ölkədə mövcuddur və xeyli populyardır. Lakin bu xidmətin qadağan olunduğu ölkələr də var. Bizim ölkəmizdə isə motosiklet əsasən kuryer xidmət növü kimi istifadə olunur. Sürücülərin motosikletlərdən hər gün şikayət etdiyi bir zamanda yeni xidmət növünün yaradılması diqqətimizi çəkdi. Sosial şəbəkələrdə yazılan məlumatlara görə, bu xidmət növü Bakı şəhərinin tıxaclarında xeyli əlçatandır. Amma nəzərə alaq ki, motosikletlərin qaydalara əməl etmədən hərəkət etdiyini hər an görmək mümkündür. Bu təhlükəni də göz önünə alaraq moto taksi xidməti ölkəmizdə nə dərəcədə özünə yer tuta biləcək?
Gənclər arasında əyləncə növü
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov dedi ki, ölkəmizdə bu xidmət növü yaransa da, populyarlaşa bilməyəcək: “Ölkəmizdə moto taksilərin populyarlaşmamasının başlıca səbəbi odur ki, bizim iqlim buna imkan vermir. Yəni ölkənin təxminən 4-5 ayı isti temperatur olduğu üçün bu, az effektlidir. Digər başlıca səbəb təhlükəsizlik ilə bağlıdır. Yəni təhlükəsizlik zəmanəti, demək olar ki, ən aşağı səviyyədədir. Baxmayaraq ki, onların geyimləri, kaskaları var. Bugünkü gündə motosikletdən, əsasən, kuryer sahəsində, xırda və az çəkili yüklərin daşınmasında istifadə olunur. Amma birbaşa sərnişindaşıma mümkün olmayacaq. Moto taksilər yox olmayacaq, sadəcə bir növ gənclər arasında əyləncə növü kimi qalacaq”.
Sertifikatlaşdırma, sənədləşmə olmalıdır
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, dünya ölkələrində ənənəvi taksidən əlavə başqa xidmət növləri də var: “Bakı şəhərində olan sıxlıq və tıxacda insanlar mənzil başına daha tez çatmaq üçün müxtəlif vasitələrə əl atırlar. Onlardan biri də moto taksilərdir. Dünyanın bir çox ölkələrində ənənəvi taksidən əlavə moto taksilər, hətta dəniz taksisi də var”.
E.Muradlı bildirdi ki, nəzarət tədbirləri gücləndirilsə, moto taksi xidməti ölkəmizdə də tətbiq oluna bilər: “Hazırda moto taksilərin nə dərəcədə populyar və geniş yayıldığını demək mümkün deyil. Çünki tək-tək hallarda rast gəlinir. O baxımdan belə xidmətlərin yaradılması təhlükəli və qorxulu deyil. Sadəcə, bunun hüquqi tərəfləri işlənməli, mexanizm olmalıdır. Mexanizm olandan sonra nəzarət tədbirləri altında xidmət növü olaraq yarana, istifadə oluna bilər. Amma hər motosiklet ilə vətəndaşı, sərnişini daşımaq olmaz. Bunun müəyyən qaydaları var. Sürücülərin peşəkarlığı hansı səviyyədədir, buna baxılmalıdır. Taksi fəaliyyəti üçün sertifikatlaşdırma, sənədləşmə işi aparılmalıdır. Buna nə dərəcədə əməl edəcəklər, o bilinmir. Bu xidmətin təhlükəli tərəfləri də çoxdur. Çünki motosiklet ilə qəzada ölüm və xəsarət riski daha yüksəkdir. Hər bir halda nəzarət mexanizmi, hüquqi tərəfləri həll olunarsa, bu xidməti də yoxlamağa dəyər”.
İnkişaf etmiş ölkələrdə özünü doğrultmayan sistem
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynlinin fikrincə, dünyada bu xidmətin qadağan olunmasının səbəbi təhlükəsizliklə bağlıdır: “Dünyanın bir çox ölkələrində moto taksi sistemləri tətbiq olunmağa başlanıb. Amma inkişaf etmiş ölkələrdə bu sistem özünü doğrultmadı. Həmin ölkələrdə sırf təhlükəsizlik məsələləri gündəmə gəldi. Xüsusən sərnişinlərin komfort, təhlükəsizlik məsələsi nəzərə alınmalı, şəxslər xüsusi geyimlərlə təmin olunmalıdırlar. Qaydalar sərtləşdikcə də moto taksilər effektiv xidmət növünə çevrilə bilmədi”.
Normativ hüquqi akt, sənəd yoxdur
İ.Hüseynli qeyd etdi ki, əgər ölkəmizdə fəaliyyətə başlanılıbsa, bu, qanunla həyata keçirilməlidir: “Azərbaycanda moto taksi xidmətini qanunla tənzimləyən hər hansı bir normativ hüquqi akt, sənəd yoxdur. Əgər bu xidmətə başlanılıbsa, əsaslandırılması, xüsusi olaraq hansı orqan tərəfindən icazə alınması ilə bağlı hər hansı bir məlumat olmalıdır. Azərbaycanda bu xidmət tətbiq olunursa, demək, bu şəxsi təşəbbüslər nəticəsində, qanunla tənzimlənməyən bir formada həyata keçirilib. Belə olduqda təbii olaraq hüquq müstəvisində fəaliyyətə başlamayıb”.
Mövsümi taksilər kimi fəaliyyət göstərəcək
İ.Hüseynli bildirdi ki, moto taksilər gözləntiləri doğruldan bir xidmət növü olmayacaq: “Yay mövsümü dövründə xüsusi geyimlər, kaskalarla təmin olunmaq şərtilə, həmçinin həm sərnişinlər, həm idarə edən şəxslərin qaydalara əməl edəcəkləri təqdirdə bu xidmətləri mövsümi olaraq tətbiq etmək, bəlkə də, mümkün ola bilər. Bəzi insanlar fikirləşirlər ki, motosikletlər insanları mənzil başına daha tez çatdırar. Həmin adamların mənzil başına tez çatmağı onlar üçün qaneedicidir. Çünki motosikletlər işıqforu gözləmirlər, qaydalara da əməl etmirlər. Moto taksilər Bakı şəhərində fəaliyyətə başlayıbsa, uzun ömürlü bir xidmət növünə çevrilə bilməyəcək”.
Zərif Salmanlı