efsane rusttemova

TƏƏSSÜF – nəticəyə hazır olmayanların duyğusudur – “NATAMAM”

Baxış sayı: 1. 597

– Tələsmək ya gecikmək? Hansı üçün daha çox təəssüf edər insan? Mənə bu sualın cavabın tapın deyə gəlmişəm. Artıq özüm bir yol – bir cavab tapa bilmirəm. Az  qala hamıdan soruşdum, az qala hamının dediyini elədim. Amma nə cavab, nə yol tapa bilmədim. İlk bunu etməliydim bəlkə də, amma gec də olsa, sizin yanınıza gəldim ki, bilən birinən soruşum. Bu günkü ruh halımın səbəbi tələsməyimdir ya gecikməyim?

– Bu günkü ruh halınızı bilmədən bu suala cavab verə bilmərəm (gülümsəyirəm)

–  Tələsdim deyəsən (gülümsəyir) Başdan başlayım o zaman.

–  Belə daha anlaşılan olar (başlasın deyə başımla işarə edirəm)

– Sonuncu hadisədən başlayım, sizə aydın olacaq məsələ. Bir müddətlik ölkədə yox idim, gəlməyimə 3 ay qalmış biri  ilə danışmağa başladım internet üzərindən. Daha doğrusu, öncədən də bir tanışlığımız var idi. Amma bu qədər intensiv yazışmırdıq. Nəisə, biz qısa bir müddətdə o qədər doğmalaşdıq ki… Aradakı bu qədər məsafəyə baxmayaraq o qədər yanımda hiss etdirirdi ki. Bir qadın üçün də elə ən lazıımlısı budur, yəni ən azından mənim üçün. “24 saatın 25 saatını” danışırdıq.  Görüntülü… Bəzən yatanda video zəngi açıq qoyurdum, o mənə hekayə danışırdı. Dediyinə görə mənim yatmağımı izləməyi ona zövq verirdi. Beləcə 3 ay keçdi, ömrümün ən uzun 3 ayı (gülümsəyir) və mən gəldim, öz maşını ilə məni çıxışda gözləyirdi. Mən bundan xəbərsiz idim. Əvvəl çox narahat oldum, düzü. (Sürücüm məni gözləyirdi. Ona baqajı götürüb getməsini dedim) Sonra özümə anın dadını çıxarmağa icazə verib boynunu qucaqladım. Elə 1 gün sonra da sevişdik. O təkid etmədi, mən də istədim. Belə təcrübələrimin sayı çox deyil əslində, lakin onu qucaqlayanda hiss etdiyim qoxu axtardığım duyğu olduğuna əmin etdi məni. Bu təcrübə bir dəfəylə də yekunlaşdı əslində. Sonra sevişmədik yəni. Niyəsini anlamadım (gülümsəyir). Bir ay sonrasında da bitdi zatən. NİYƏ?! Açığı, buna bir cavabım yoxdur. Bakirə bir qızla evləndi… (ağlayır) Kişilər sevdikləri qadınlarla sevişir, bakirə qızları da uşaqlarına ana edir. Mən bu ifadədəki sevişiləcək qadın olduğumun fərqinə vardım (başına döyür). Onu süründürmədiyim üçün hörmətsiz oldum (gülümsəyir). O qədər şey danışa bilərəm ki… O qədər nüans deyə bilərəm ki, ona güzəştə getdiyim, amma məni dəyərsizləşdirdiyinin fərqinə varmadığım… Haqlı olaraq o da “istədiyini aldı” və getdi. Yox, sadəcə sevişmək olduğuna inanmıram hədəfinin. (inanmaq istəmirəm) Gücü və nüfuzu olan bir qadını özünə ram etmək itirdiyi əminliyi özünə qaytardı və mən də burdakı “təcrübə dovşanı” oldum! (başına döyür) Hər şey o qədər sürətli oldu ki, mən nə reaksiya verəcəyimi də bilmirəm. “24 saatın 25 saatı” bir anda boşaldı və mən uşaq kimi ortada qaldım sanki.  Özümü danlamaqdan dilim ağzımda quruyub. Cavab tapa bilmirəm. Mən tələsdiyim üçün itirdim ya artıq gecikmişdim? Nolar, mənə kömək edin, cavab tapmasam dəli olacam (ağlayaraq başına döyür)

–        Sakitləşməklə başlayaq, Xəyalə. Gözünün yaşını sil. Əllərini dizinin üzərinə qoy. Cavab tapmaq istədiyin sualı dəqiqləşdirək. Gözünü yum və nə hiss etdiyinə bax.

–        Təəssüf… Ən dominant hiss etdiyim duyğum budur. Nə peşmanlıq, nə kin, nə nifrət, nə intiqam, nə qisas…

–        Nəticəyə hazır olmayanların duyğusudur “təəssüf”. Hələ qərar verməmişlərin… Gözlənti ilə olanların üst-üstə gəlmədiyi bir duyğu. Nə irəli, nə geri gedilə bilinməyəcək bir nöqtədir. Nəfəs aldıqdan sonra verməyə macal tapmamış üzün aldığı ifadədir TƏƏSSÜF… Gülümsəmək və ağlamağın arası… Təəssüf- alınacaq qərarların başlanğıc nöqəsidir. Toparlanmaq üçün özünə fürsət tanımaqdır. Tələsmək ya gecikməyin götür-qoyunu edə biləcəyin ən optimal duyğudur.

–        Olduğum yeri o qədər gözəl izah etdiniz ki, tərəddüd etdiyim bu yer artıq mənə rahatlıq verir.

–        Məsələ də budur zatən. Hadisələri doğru adlandırmaq və detallandırmaq lazımdır. Buna “qorxunun üzərinə getmək” də demək olar. İndi hiss etdiyin arxayınlıq sənə istədiyini verəcək. Yetər ki, sən nə istədiyini bil.

–        (gülümsəyir) Anladım. Və siz dedikdən sonra “təssüfümü də sevməyə” başladım.

–        Sən bütününlə gözəlsən.. Hər hissən və hər hissinlə… Bunu unutma. Gecikdiyin üçün tələsirsən bəlkə və ya tələsdiyin üçün gecikirsən. Yəni bunları ayırmadan da düşünməyi sına. Fərqli nəticə çıxaracağına əminəm. Çünki sən duyğularını gözəl ifadə edən bir qadınsan, Xəyalə.

–        (qamətini düzəldib özünəəmin şəkildə ayağa qalxdı) Haqlısınız. (dodağının altında – bəlkə də heç qayıtmamalıydım- deyərək qapıdan çıxdı)

 

Bu da bir nəticədir. Bəzən belə də olur… Yeni bir yola çıxmaq üçün geri qayıtmalı olursan…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir