zelzele

Təbii fəlakət: minimum tələfat üçün nə etməli? -ARAŞDIRMA

Baxış sayı: 487

Hər il oktyabrın 13-ü “Ümumdünya Təbii Fəlakət Riskinin Azaldılması Günü” kimi qeyd olunur. Bu, təbii fəlakətlərdə risklərin azaldılması, fəlakətlərin səbəblərini təhlil etmək və azaltmaq məqsədi daşıyan sistematik tədqiqatları ehtiva edən bir konsepsiyadır.

 

Təhlükəyə hazırlıq səviyyəsi gücləndirilməlidir

Bu konsepsiya fəlakət riskinin azaldılması, idarə edilməsi və fəlakətlərə hazırlıq kimi xırdalıqları əhatə edir. Təbii fəlakətlərdə riskin azaldılması tədqiqatları cəmiyyətin hər bir təbəqəsini, dövlət və özəl sektorun bütün bölmələrini əhatə etməli, bütün təbəqədən insanlar bu barədə məlumatlandırılmalıdır. Çünki təhlükəsiz həyat hər cür təhlükələrə qarşı bilikli və hazırlıqlı olmaqla mümkündür.

Bunun üçün ətrafımızda baş verə biləcək fəlakət riskləri barədə məlumatlı olmalı, fəlakət riski olan ərazilərdən kənarda yeni yaşayış massivləri salmalı, təhlükə mənbələrinə yaxın yaşayırıqsa, binamızın müvafiq təhlükəsizlik səviyyəsində tikilməsinə əmin olmalıyıq. Təbii fəlakətlərə və fövqəladə hallara qarşı “ailə planı”, əsas ehtiyacları ödəmək üçün “təcili yardım çantası” hazırlanmalıdır. İlk yardım, o cümlədən təbii fəlakətə hazırlıq təlimləri və məlumatla təmin olunmalı, fəlakətlər və fövqəladə hallar zamanı düzgün davranışı öyrənməli və uşaqlarımızı öyrətməliyik.

Zəlzələ, sel, fırtına kimi vəziyyətlər bizim nəzarətimizdə olmayan təbii hadisədir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1989-cu ildə oktyabrın 13-nü “Fəlakət Riskinin Azaldılması üzrə Beynəlxalq Gün” elan edib. Hər il bu əlamətdar gündə təşkil edilən tədbirlərlə dünyada fəlakət risklərinin aşkar edilməsi və azaldılması ilə bağlı məlumatlılıq artırılır.

 

Zəlzələdən ən az tələfatla necə çıxmalı?

Zəlzələlər səbəblərinə görə müxtəlif növlərə bölünür. Dünyada tez-tez baş verən və böyük fəsadlar törədən zəlzələlər tektonik zəlzələlərdir. Bundan başqa vulkanların püskürməsi nəticəsində baş verən zəlzələlər vulkanik zəlzələlərdir. Bu zəlzələlər vulkanlarla əlaqəli olduğundan lokal xarakter daşıyır və ciddi ziyan vurmur. Yeraltı mağaralarda, mədənlərdə, duzlu və gipsli torpaqlarda ərimə nəticəsində yaranan boşluqların yaratdığı tavan blokunun çökməsi nəticəsində baş verən zəlzələlər çökmə zəlzələləridir. Onların təsirləri yerlidir və enerjiləri azdır.

Zəlzələnin harada və hansı böyüklükdə olacağını təxmin etmək olar, lakin nə vaxt baş verəcəyini müəyyən etmək mümkün deyil. Bir bölgədə zəlzələ baş verdikdən sonra əsas zəlzələdən daha az bal gücündə şok dalğalar baş verir və zaman keçdikcə şokların sayı və gücü azalır. Zəlzələdən ən az təlafatla çıxmaq üçün binalar mütəxəssislər tərəfindən tikilməlidir. Binaların alt qatını icarəyə verərkən sütunların kəsilməsi binaların təhlükədə olmasına yol açır.

Zəlzələ zamanı kvadrat, silindr və ya düzbucaqlı binalar silkələnməyə daha davamlıdır. Bu formalı binalar təkan zamanı hərəkət edir və rahatlıqla o yan-bu yana yellənir, lakin yıxılmır. Binalar arasında boşluq olmalıdır ki, titrəyərkən və ya yellənərkən bir-birinə dəyməsin. Təhlükəsiz zəmin yoxdur, yalnız təhlükəsiz bina var. Texnologiya sayəsində müxtəlif səthlər üçün uyğun bina tikilə bilər. Yetər ki, bu binanı mütəxəssis tiksin.

 

Yerə çök və özünü qoru

Unutmayaq ki, zəlzələ anında özümüzü və ailə üzvlərimizi qorumaq və bədənimizi təhlükələrdən qorumaq birinci davranışdır. Evdəki qiymətli əşyalarınızı, ziynətlərinizi, sənədlərinizi götürmək üçün yerinizdən tərpənməməyiniz vacibdir. Qonşu Türkiyədə baş verən dağıdıcı zəlzələdə həlak olan minlərlə insan məhz bu səbəblə evinə girdiyi üçün öldü.

Təkanı hiss etdiyiniz anda yerə çöküb bədənimizi mümkün qədər kiçiltməliyik. Çöməlmək deyil, diz üstə çökməliyik. Əllərimizlə üzümüzü və başımızı zərbələrdən qorumalıyıq. Əgər zəlzələ anında dəhlizdə, qonaq və ya başqa bir otaqdasınızsa daxili divardan dəstək alaraq çökmə-qorunma hərəkəti etməliyik. Əgər açıq ərazidəyiksə, özümüzü binalardan, aşmaq ehtimalı olan bütün dirəklərdən qorumalıyıq.

Evi tərk etmədən əvvəl təbii qazı, işığı, suyu söndürməliyik. Yanımızda fənər olmalı və onunla işıqlandırmanı təmin etməliyik. Asan evakuasiya üçün evlərdə, məktəblərdə və iş yerlərindəki qapıların çölə açıldığına əmin olmalıyıq. Xroniki xəstəliyimiz varsa, dərmanlarımızı götürməliyik. Liftlər və pilləkənlər zəlzələ zamanı təhlükəli yerlərdir. Çalışıb pilləkanla enməli, zəlzələ təkanını pilləkanda hiss etsək “yerə çök və özünü qoru” taktikasından istifadə etməliyik.

 

Sel və daşqınlardan necə sığortalanmalı?

Daşqınlar dünyada çox yayılmış və dağıdıcı təhlükələrdən biridir. Daşqın, çayın, dənizin, yağış sularının, ümumiyyətlə, suyun öz səviyyəsindən yuxarı qalxması və ya başqa yerdən gəlməsi və quru səthləri örtməsi zamanı baş verir. Daşqınlar insan tələfatı ilə yanaşı, yollar, dəmiryolları, hava limanları, elektrik xətləri, su yolları və kanalizasiya sistemləri kimi infrastruktura da ziyan vurur və iqtisadiyyata mənfi təsir göstərir. Xüsusilə, daşqın ehtimalı nəzərə alınmadan yaradılan strukturlar və infrastrukturlar bu təbii hadisənin fəlakətə çevrilməsinə səbəb ola bilər.

Daşqınlar heç də həmişə yağış yağan yerlərdə baş vermir. Ən günəşli və quru təbiəti olan ərazilər belə uzaq məsafələrdən gələn sel suları ilə daşqına məruz qala bilər. Buna görə də meteoroloji xəbərdarlıqları nəzərə almaq faydalıdır. Daşqınların əsas səbəbləri şiddətli yağış, daşan çaylar, göllər, su basmış sahillər, tez əriyən qar, çökən bəndlər ola bilər. Daşqınlar 1-2 sm dərinlikdə və ya bir evin damını örtəcək səviyyədə ola bilər.

Binanın daxilində və xaricində daşqın riskinin az olduğu daha yüksək və təhlükəsiz yerləri müəyyənləşdirin. Zərər görməməsi üçün qiymətli əşyalarınızı, sənədlərinizi, ailə fotolarınızı yuxarı mərtəbələrə daşıyın. İçməli su və qida ehtiyatı yaradın. Daşqın sularına girməyin, suya toxunmayın, çünki elektrik naqilləri ilə təmasda ola və cərəyan ötürə bilər.

 

Torpaq sürüşməsi və qar uçqunları barədə məlumatlılıq azdır

Sürüşmə – müxtəlif amillərin təsiri ilə təbii süxurun, qruntun və ya süni doldurucu materialın aşağıya doğru sürüşməsi nəticəsində baş verən təbii təhlükədir. Yamacların ətəklərində, maili yollarda aparılan qazıntılar nəticəsində sürüşmələr yaranır. Dik yamaclarda sürüşmə ehtimalı daha yüksəkdir. Torpaq sürüşmələri adətən yaz aylarında yağıntıların və qarın əriməsinin çox olduğu vaxtlarda baş verir.

Bunlara əlavə olaraq, yamacda həddindən artıq tikinti, zəlzələ, vulkan püskürməsi və nəqliyyat yükü yamacda sürüşməni aktivləşdirir. Bitki örtüyünün məhv olması, yamacdakı materialın su ilə daha asan doyması, həddindən artıq yağıntı və qarın qəfil əriməsi kimi amillər sürüşmələrə səbəb ola bilər.

Məlumdur ki, gilli torpaqlar su ilə təmasda olur, qabarır və sürüşkən olur, sürüşmə əmələ gəlməsini sürətləndirir. Sürüşmə və eroziya anlayışları çox vaxt bir-biri ilə qarışdırılır. Eroziya münbit torpaqların təbii və ya xarici qüvvələr nəticəsində yarandığı yerlərdən aşınmasıdır. Eroziya münbit torpaqların təbii və ya xarici qüvvələrin təsiri altında yarandığı yerlərdən aşınması və başqa yerlərdə çökməsi kimi müəyyən edilən təhlükədir. Sürüşmə kimi ani təsir göstərmir, dağıntıya səbəb olmur, lakin baş verdiyi bölgədə uzunmüddətli qısırlıq, səmərəsizlik və quraqlıq təsirləri yaradır. Bir sözlə, eroziya sürüşmə kimi geoloji fəlakət deyil, bioloji fəlakət sayılır.

Sürüşmənin olacağı ehtimalını əvvəldən bilmək olar. Torpaqda əvvəllər olmayan su sızmaları müşahidə edilirsə və su ilə doymuş ərazilər əmələ gəlirsə, torpaqda çatlar yaranırsa, telefon dirəklərində, hasarlarda və ağaclarda yamaca meyilli əyilmə yaranırsa, yollarda çatlar əmələ gəlirsə, bunlar sürüşmə əlamətləri hesab edilir. Sürüşmə əlamətləri göründükdə, ərazi gecikmədən tərk edilməli və səlahiyyətli orqanlara məlumat verilməlidir.

Uçqun dağlıq və maili, ümumiyyətlə, bitki örtüyü olmayan ərazidə böyük miqdarda yığılmış qar örtüyünün cazibə qüvvəsinin təsiri ilə sürüşməsi nəticəsində baş verən təbii təhlükədir. Ümumiyyətlə, uçqunun baş verməsi üçün yamacın 28 dərəcə olması kifayət edir. Bundan əlavə, kölgədə olan yerlərdə uçqun təhlükəsi günəş işığına məruz qalan yerlərdə olduğundan daha yüksəkdir.

Uçqunun axınının istiqamətini, sürətini və yolun enini nəzərə alaraq, sürətlə uçqunun daha yavaş və daha az hündürlükdə olduğu kənarlara çıxmağa çalışın. Uçqun altında qalmağınız qaçınılmazdırsa, ayaqlarınızı və qollarınızı bir-birinə yapışdıraraq, yeri möhkəm itələyərək yerdən qalxmağa çalışın. Üzməklə axan qarın üstündə qalmağa çalışın. Qarın yuxarı tənəffüs yollarına daxil olmasının qarşısını almaq üçün ağzınızı və burnunuzu paltarınızla örtün.

 

Meşə yanğınları ən çox zərər verən təbii fəlakətlərdəndir

Meşələr dünyanın ağciyərləridir, çünki canlıların yaşaması üçün lazım olan oksigenin böyük hissəsini təmin edir. Meşələr bitki və heyvanlar üçün təbii su mənbəyidir. Həmçinin, meşələr bitki örtüyündə və torpaqda böyük miqdarda karbon saxlayır ki, bu proses də iqlimə müsbət təsir edərək qlobal istiləşmənin qarşısını alır. Su buxarını kondensasiya edərək yağışın yağmasına səbəb olur. Meşələr vəhşi təbiəti qoruyur və heyvanların sağ qalmasını təmin edir. Bundan əlavə, meşələr daşqınların, sürüşmələrin, uçqun təhlükələrinin, həmçinin səhralaşmanın və havanın çirklənməsinin qarşısını alır.

Yanğınlar meşələrin mövcudluğu üçün ən böyük təhlükədir. Xüsusilə, yay aylarında təbii və ya insan faktorları nəticəsində baş verən yanğınlar yüz illər boyu böyüyən ağacların qəfil məhvinə, təbii tarazlığın pozulmasına, meşədə canlı növlərinin və təbii yaşayış yerlərinin nəsli kəsilməsinə, torpaqda üzvi maddələrin itirilməsinə səbəb olur. Meşə yanğınları adətən hiss olunmadan başlayır, sürətlə yayılır, bütün meşəni məhv edir. Yanğınlar ildırım çaxması, vulkan püskürməsi və yüksək temperatur kimi səbəblərdən, həmçinin səhlənkarlıq, ehtiyatsızlıq və qəsdən baş verir.

Meşədə təhlükəsizlik tədbirləri görülmədən yandırılan və söndürülməmiş ocaq, meşəyə atılan kibrit və ya söndürülməmiş siqaret kötüyü, günəş şüasının qızdıraraq otları yandıracaq qədər isitdiyi şüşələr böyük yanğınlara səbəb ola bilər. Bir meşənin yanması orada yaşayan minlərlə canlının tələf olması, atmosferin cirklənməsi, dolayısı ilə insanlara təhlükədir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir