menzil

Tədris ilindən asılı qalan kirayə mənzil bazarı

Baxış sayı: 852

Artıq 7 aya yaxındır ki, bütün dünyanın mübarizə apardığı COVİD-19 virusu sosial, iqtisadi sferanın bütün seqmentlərinə mənfi təsirini göstərir. Bu təsirlər  ölkəmizdən də yan keçmədi. Bir çox sahələrdə dövriyyə 0-ın altına düşdü desək, yanılmarıq. Bir müddətdir ki, insanların karantin şəraitində yaşaması, ölkə iqtisadiyyatına ciddi zərbə vurdu. Amma elə sahələr də var ki, onlara dəyən zərbəni “ölümcül” adlandırmaq olar. Belə sahələrdən biri də əmlak bazarıdır. Karantin dövründə, demək olar ki, ev alıb-satmaq kiminsə yadına düşmədi. Yeni mənzil almaq istəyənlər planlarını təxirə saldılar. Koronavirus yayılmazdan öncə mənzillərini satışa çıxardanlar isə alıcı tapa bilmədilər. Amma hazırda karantin qaydaları ilə bağlı yumşalma işləri gedir və iqtisadiyyatın bir sıra sahələrində fəaliyyət bərpa edilir. Maraqlıdır, mənzil, xüsusilə də kirayə mənzil bazarında vəziyyət hazırda necədir? Nəzərə alsaq ki, əvvəlki dövrlərdə avqust ayının sonu, sentyabrın əvvəli kirayə mənzil bazarının canladığı dönəm idi. Çünki yeni tədris ilinin başlaması, tələbələrin rayonlardan şəhərə axın etməsi kirayə mənzil bazarına öz töfhəsini verirdi. Amma təssüf ki, bu il mövcud şəraitlə bağlı olaraq universitetlərin fəaliyyət göstərib-göstərməyəcəyi ilə bağlı qərar açıqlanmayıb. Bu isə öz növbəsində kirayə mənzil bazarına təsirsiz ötüşmür. Belə ki, dərslərin olub-olmayacağını bilməyənlər mənzil kirayələmək üçün tərəddüd edirlər.

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin  sözlərinə görə, bir ara kirayə mənzil bazarında bağ evlərinin qiymətində artım olsa da, mərkəzdə olan evlərdə boşluq davam edir: “Pandemiya dövrü başlayandan rayon qeydiyyatında olan şəxslər məcburi şəkildə rayona qayıtdılar. Çünki onların işlədiyi bir çox sahələr fəaliyyətini dayandırdı. Onlar da işsiz qaldıqlarına, kirayə pulunu ödəyə bilmədiklərinə görə, mənzilləri təhvil verməli oldular. Nəticə etibarı ilə həmin ərəfədə kirayə mənzil bazarında ciddi boşluq yarandı. Digər tərəfdən isə binada yaşayan bir qisim şəxs isə şəhərkənarı bağ evlərinə üz tutdu. Kimisi öz evinə getdi, kimisi isə bağ evi kirayələdi. Tələbat çox olduğu üçün bağ evlərinin qiymətləri qalxdı, amma mərkəzdə olan evlərdə durğunluq davam etdi. Buna görə də, bağ evlərini çıxmaq şərti ilə kirayə mənzil bazarında qiymət aşağı düşdü”.

Ekspert bazardakı qiymətlərdən də danışdı: “Əsasən yeni tikilən binalardakı evlər boş qaldı. Hansı ki, o evlərin kirayə qiyməti 600-dən başlayıb, 3000 manata qədər davam edir. Bu evlərdə qalanlar xarici tələbələr və xarici iş adamları idi. Həmin tələbələr və iş adamları ölkələrinə qayıtdığı üçün günü bu gün də o evlərin 80%-i boşdur. Çünki hazırda o pulu ödəyəcək insan qalmayıb ölkədə, qalanların da buna maddi gücü çatmır. Amma avqust ayının əvvəlindən, karantin qaydalarında yumşalmalara gedildikdən, bəzi müəssisələr fəaliyyətini bərpa etdikdən sonra kirayəsi 250-400 manat arası olan evlərə tələbat cüzi artmağa başladı. Hansı ki, həmin evlər ilin əvvəlində indikindən 30-40 % baha idi. Tutaq ki, yanvar, fevral ayında bir otaqlı evin qiyməti 300-350 azn idisə, indi həmin qiymət 200-250 azn aralığında dəyişir. İndi müqavilələr bağlanarkən evi kirayəyə götürən adamlar belə bir şərt qoyur ki, əgər yenidən sərt karantin olarsa, iş yerləri bağlanarsa, evi boşaldacaqlar, yaxud da ev sahibi müəyyən güzəştlərə getməlidir”.

E. Fərzəliyev hazırda cüzi də olsa tələbatda artım müşahidə edildiyini, amma əsas artımı sentyabr ayında gözlədiklərini deyir: “Çünki universitetə qəbul cavabları ayın axırında bəlli olacaq. Universitetə qəbul olan, məkan dəyişməsi edən tələbələr ev axtaracaqlar. Burada dərslərin olub-olmayacağı ikinci planda olan məsələdir. İstənilən halda valideynlər övladlarını yerləşdirmək üçün şəhərə gəlib mənzil axtaracaqlar. Valideynlər düşünür ki, birdən dərslər başlayar və onlar uşaqları üçün lazımı evi tapmaqda gecikərlər. Ona görə də, qəbul cavabları açıqlanana kimi, dərslərin olub-olmayacağı konkret deyilməsə də, valideynlər kirayə mənzil bazarına axın edəcək. Bu da tələb və təklifdən irəli gələn səbəbdən dolayı bazarda qiymət yüksəlməsinə şərait yaradacaq”.

Müsahimiz bazarda olan cuzi canlanmanın bir digər səbəbini də izah etdi: “Digər tərəfdən tikinti bazarında da canlanmanın olması kirayə bazarına mübət təsir edir. Rayondan gələn fəhlələr də kirayə mənzil axtarışında olurlar. Düzdür, bu kateqoriyadan olan şəxslər bina evlərindən daha çox həyət evlərinə üstünlük verirlər. Amma istənilən halda bazarda dəyişiklik hiss olunur”.

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli bazarda artımın müşahidə edilmədiyini qeyd edir: “Hazırda kirayə mənzil bazarında süstlük hökm sürür. Tək-tük müraciətlər var, amma əvvəlki illərdə olan aktivlik müşahidə edilmir. Bu da istər- istəməz, qiymətlərə öz təsirini göstərir. İndiki vəziyyətdə kirayə mənzil bazarında 1 kv. metrin qiyməti 3,03% azalıb. Amma ümumi mənzil bazarında isə orta qiymət 842 manatdan,  765 manata düşüb. Yəni 9,14 % azalma var.  Keçən dövrlərdə artıq avqustun 20-dən kirayə mənzil bazarında canlanma olurdusa, indi bu aktivlik duyulmur. Güman edilir ki, tədris ilinin başlaması ilə bağlı bir qərar verilərsə, artım olacaq. Amma hələ  ki, bazarda durğunluq davam edir”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir