Yaz-yay mövsümünün gəlişi ilə əlaqədar hazırda ticarət obyektlərində, eləcə də səyyar şəkildə gün eynəklərinin satış bazarı artıb. Qızmar günəş şüalarının gözlərimizə təsirini aradan qaldırmaq üçün əksəriyyətimiz həmin eynəklərə etibar edirik. Baxmayaraq ki, mütəxəssislər açıq satışda olan bu cür ucuz eynəklərin zərərləri barədə həyəcan təbili çalır.
Eynək həvəsində olan alıcıların böyük əksəriyyəti isə harada satılmasından və keyfiyyətindən asılı olmayaraq, həmin gün eynəklərindən alaraq, gözlərinə taxırlar. Bu da eynəklərin məhz gün şüalarından qorunmaq üçün deyil, bir aksessuar olaraq istifadə edilməsinin göstəricisidir. Ən dəhşətlisi valideynlərin də uşaqlara bu cür eynəklər almasıdır.
“28 May” metrostansiyası yaxınlığındakı bəzi eynək satılan yerlərdə aparılan müşahidələr zamanı hətta 3 manata da eynəklər almağın mümkünlüyü üzə çıxdı. Alıcısı da nə qədər desən…
Özünə mavi sağanaqlı bir eynək seçərək alan Şəhla dedi ki, eynəyin qiymətinə və keyfiyyətinə fikir vermir. Əsas odur ki, taxdığı eynək əynindəki paltarla həmahənglik təşkil etsin…
Ucuz eynəklər göz bülluruna pis təsir edir
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi məlumatında isə istehlakçılara gün eynəkləri alarkən nəyə diqqət edilməsi ilə bağlı bəzi zəruri məlumatlar verilir. Bildirilir ki, gün eynəkləri əsasən ultrabənövşəyi şüaları udan xüsusi materialdan hazırlanmalıdır. Lakin satışda olan eynəklərin bir qismi plastmasdan, adi tünd şüşədən hazırlanır ki, bu materiallar günəş şüalarını udmaq qabiliyyətinə malik deyillər və insan sağlamlığı üçün təhlükəlidir.
Keyfiyyətsiz eynəklərin satışı göz xəstəliklərinin artmasına səbəb olur. Belə ki, bu eynəklər gözün bülluruna pis təsir edir, gələcəkdə katarakt yaranmasına səbəb olur, insanda yorğunluğun yaranmasına yol açır. Görmə qabiliyyətinizdə problemlər varsa, göz həkiminə müraciət edin və düzgün diopteriyalı gün eynəyi seçməkdə kömək istəyin.
İlk növbədə rənginə və çəkisinə nəzər salın
Eynək gözə düşməyəndə ilkin əlamətlər gözün qızarması, sulanması, quruması kimi mənfi əlamətlərlə özünü büruzə verir. Nəticədə gözə ağırlıq düşür. Eynəyin rəngi tünd olanda isə göz bəbəyi genəlir və gözün dibinə düşən işıq sahəsi artır. Bu da gözün qıcıqlanmasına, iltihaba səbəb olur. Sonrakı prosesdə göz bülluru bulanır və görmə zəifləyir. Yaşa dolduqca keyfiyyətsiz gün eynəklərinin fəsadları daha qabarıq üzə çıxır və görmə üçün problemlər yaradır. Ona görə də eynəklərin ixtisaslaşmış mağazalardan alınması daha məsləhətlidir. Əgər qeyd olunan problemlərlə rastlaşmaq istəmirsinizsə, küçədə, antisanitar şəraitdə satılan, mənşəyi məlum olmayan eynəkləri almayın.
Eynək alarkən mütləq onun keyfiyyət sənədinə və etiketinə diqqət yetirin. Nəzərə alın ki, gün eynəklərinin etiketində ultrabənövşəyi şüaların hansı qisminin buraxılmaması göstərilməlidir. Eynəyin təlimatında linzanın günəş şüalarını hansı dərəcədə – zəif, orta və ya güclü udduğu da qeyd olunmalıdır.
Eynək alarkən birinci növbədə onun rənginə və çəkisinə fikir verin. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. Həmçinin qoruyucu xüsusiyyətə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızıldığı zaman, o, öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənovşəyi şüalar gözə təsir edir. Buna görə eynək alarkən buna diqqət edin və cızılmış eynəkdən istifadə etməyin.
Eynəyin keyfiyyətli olub-olmamasını müəyyən etmək xeyli çətindir. Amma qeyd olunanlarla yanaşı, bəzi xüsusiyyətlərinə görə bunu təyin edə bilərsiniz. Məsələn, qəhvə rəngli eynək taxmısınızsa və o, keyfiyyətlidirsə, onda siz ətrafda olan əşyaları öz rənglərində görəcəksiniz. Amma əgər eynək keyfiyyətsizdirsə, onda siz ətrafda olan əşyaları qəhvəyi rəngdə görəcəksiniz. Keyfiyyəti yoxlamağın bir başqa yolu da eynəyi taxdıqdan sonra şaquli bir xəttə baxmaqdır. Bu, bir pəncərə kənarı da ola bilər. Eynəyi yüngülcə yuxarı aşağı, sağa sola hərəkət etdirəndə bu xətdə oynama və ya qırılmalar olursa, onda bu, həmin eynəyin keyfiyyətində müəyyən problemlərin olduğunu deməyə əsas verir. Sağlamlığınızın qayğısına qalmaq istəyirsinizsə, eynək alarkən qeyd olunan məsələlərə diqqət edin.
Ucuz eynəklərin zərərindən az adam xəbərdardır
Tanınmış oftalmoloq Paşa Qəlbinur Ailem.az-a açıqlamasında keyfiyyətsiz gün eynəklərinin insan orqanizmi üçün olduqca təhlükəli olduğunu bildirdi. Onun sözlərinə görə, bu cür radiasiya şüalı eynəklərdən istifadənin fəsadları xərçəng xəstəliyinin yaranmasına qədər aparıb çıxarır: “Bütün zamanlarda məhz həmin eynəklərin yaratdığı problemlərlə bağlı bizə pasiyentlər müraciət edir. Ucuz eynəklərin əksəriyyəti Çində istehsal olunur və yüksək radiasiyalı şüa qəbul edən şüşələrdən hazırlanır. Bu cür eynəklər gözləri zəiflətməklə yanaşı, ən müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu xəstəliklərin arasında bəşəriyyətin ağır bəlalarından olan xərçəng xəstəliyi də var. Buna əsas səbəb bu cür eynəkləri əksər insanların yaxasına-başına taxmasıdır”.
Oftalmoloq vurğulayır ki, əhali arasında bununla bağlı ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır: “Nə qədər deyilsə də, ucuz gün eynəklərinin orqanizmə ziyanları ilə bağlı xeyli məlumatsızlıq var”.