Gündəlik həyatımızda münasibətlər mühüm rol oynayır. Sağlam münasibət insanın ruh sağlamlığı üçün olduğu qədər, cəmiyyətin möhkəmliyi üçün də vacibdir. Lakin təəssüf ki, hər bir münasibət sağlam deyil. Xüsusilə ailə daxilində müşahidə olunan emosional manipulyasiya və zorakılıq halları insan psixologiyasına dərin zərər verir. Bu yazıda ailə və cütlüklər arasında baş verən neqativ emosional təsirlər, manipulyasiya formaları və zorakılıq halları haqqında danışacaq, onların qarşısının alınması yollarına toxunacağıq.
Manipulyasiya nədir və necə baş verir?
Manipulyasiya — insanın davranışını və ya fikirlərini onun xəbəri və razılığı olmadan dəyişdirmək cəhdidir. Ailə münasibətlərində manipulyasiya çox zaman gizli şəkildə baş verir. Bir tərəf digərinin emosiyalarını, vicdanını və ya qorxularını alətə çevirərək onu idarə etməyə çalışır.
Ən geniş yayılmış manipulyasiya formalarına aşağıdakılar daxildir:
Qurban roluna girmək: “Mən olmasam, sən heç nə bacarmazsan” kimi ifadələrlə qarşı tərəfi günahlandırmaq və onu emosional məsuliyyət altına salmaq.
Səssizlik və cəzalandırma: Problemi açıq şəkildə danışmaq əvəzinə, qarşı tərəflə ünsiyyəti kəsmək və bu yolla ona təzyiq göstərmək.
Yalan və reallığın təhrif edilməsi (gaslighting): “Sən bunu uydurmusan”, “Heç vaxt belə deməmişdim” kimi ifadələrlə qarşı tərəfin öz düşüncələrindən şübhələnməsinə səbəb olmaq.
Bu davranış formaları uzun müddətli olduqda insanın özünəinamını zəiflədir, psixoloji asılılıq yaradır və nəticə etibarilə ciddi depressiya və ya anksiyete pozuntularına gətirib çıxara bilər.
Zorakılıq formaları: Fiziki və emosional
Zorakılıq dedikdə bir çox hallarda yalnız fiziki zorakılıq nəzərdə tutulur. Halbuki zorakılığın emosional, psixoloji və hətta iqtisadi formaları da mövcuddur.
Fiziki zorakılıq – vurmaq, itələmək, fiziki güc tətbiq etmək.
Emosional zorakılıq – alçaltmaq, təhqir etmək, qorxutmaq, daim tənqid etmək.
Psixoloji zorakılıq – qarşı tərəfi daim günahkar hiss etdirmək, onu öz qərarlarını verməkdən çəkindirmək.
İqtisadi zorakılıq – şəxsin maddi imkanlarını əlindən almaq və ya onu maliyyə asılılığında saxlamaq.
Zorakılıq ailənin daxilində baş verdikdə bu, xüsusilə dağıdıcı təsirə malik olur. Uşaqlar belə mühitdə böyüdükdə onların gələcək münasibətləri və şəxsiyyət inkişafı ciddi zədələnə bilər.
Cütlüklərdə neqativ emosional və psixoloji manipulyasiyanın qarşısının alınması yolları
Açıq və dürüst ünsiyyət: Emosiyalarınızı paylaşmaqdan çəkinməyin. Hisslərinizi doğru zamanda, doğru şəkildə ifadə etməyi öyrənin.
Şəxsi sərhədlərin qorunması: Hər bir fərdin şəxsi məkanı, fikirləri və seçimləri hörmətə layiqdir.
Müşahidə və təhlil: Münasibətdə özünüzü daim günahkar və ya qorxu içində hiss edirsinizsə, bu, sağlam olmayan münasibətin əlaməti ola bilər.
Peşəkar dəstək almaq: Ailə psixoloqu və ya terapevt ilə işləmək manipulyasiyanın tanınması və ondan çıxış yollarının tapılması üçün faydalıdır.
Zorakılığa qarşı mübarizə yolları
Maarifləndirmə: Ailə üzvlərinin zorakılığın nə olduğunu və hansı formalarının hüquqi məsuliyyət daşıdığını bilməsi vacibdir.
Sığınacaqlar və yardım mərkəzləri: Təhlükə halında qadınlar və uşaqlar üçün fəaliyyət göstərən mərkəzlərə müraciət olunmalıdır.
Qanuni müdafiə: Azərbaycanda məişət zorakılığı ilə bağlı qanunvericilik var və zəruri hallarda hüquq-mühafizə orqanlarına müraciət etmək mümkündür.
İctimai dəstək: Qonşular, qohumlar və cəmiyyətin digər üzvləri zorakılıq halları ilə rastlaşdıqda susmamalı, müdaxilə etməlidirlər.
Təhlükəli münasibətlərdə emosional manipulyasiya və zorakılıq heç vaxt “ailə daxili məsələ” kimi qiymətləndirilməməlidir. Bu cür münasibətlər həm fərdi, həm də cəmiyyətin psixososial sağlamlığı üçün təhlükə mənbəyidir. Unutmayaq ki, sağlam ailə münasibətləri qarşılıqlı hörmət, sevgi və etimada əsaslanır. Əgər bu elementlər yoxdursa, münasibətə yenidən baxmaq, bəzən isə ondan uzaqlaşmaq zəruri ola bilər.
Sağlam münasibət – sağlam cəmiyyətin təməlidir.
Psixoloq M. Almara Ağaqızı
PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru
(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən “PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)













































































































































































Məncə, bəzən insanlar sadəcə buna alışırlar və hətta özlərini itirirlər. Ailə daxilində bir-birini yalanla manipulyasiya edənlər, bir gün fərd olaraq çox zədələnirlər. Bu, bəzən hər kəsə görünməsə də, adamın özünə inamını tamamilə məhv edə bilir.
Əgər bir insan münasibətində emosional manipulyasiyaya məruz qalarsa, ondan necə çıxmaq olar? Həmin insan özünü qorumağa başlayanda, qarşı tərəf daha da təzyiq göstərə bilər. Bu halda nə etməliyik?
Çox doğru deyirsiniz, zorakılıq və manipulyasiya yalnız fiziki gücə əsaslanmır. Əslində, hər iki tərəf də psixoloji olaraq çox zədələnə bilər. Ailələr arasında belə halların qarşısı alınmalıdır və bunun üçün maarifləndirmə çox vacibdir.
. Məncə, bu mövzuda daha çox təhsil və maarifləndirmə lazımdır ki, insanlar bu halları daha tez tanıya bilsinlər.
Çox doğru qeyd etmisiniz, zorakılıq təkcə fiziki deyil, emosional olaraq da çox yıxıcıdır. İnsanlar bunu bəzən hiss etmirlər, amma daima tənqid olunmaq, alçaldılmaq insanı çox güclü şəkildə təsir edir. Bunu normal hesab etmək olmaz. Sağlam münasibətlərdə qarşılıqlı hörmət və anlayış olmalıdır.
İnsanlar arasında bu mövzu haqqında daha çox danışılmalı və maarifləndirmə işləri gücləndirilməlidir. Zorakılığa qarşı mübarizədə cəmiyyətin dəstəyi çox önəmlidir. Sadəcə bir nəfər belə susarsa, bütün toplum zərər görür.
Psixoloqlar və terapevtlər bu sahədə çox vacib rol oynayır. Cəmiyyətdə psixoloji yardıma olan tələbatı artırmaq lazımdır.
Yazı mənə çox təsir etdi. Emosional zorakılıq bəzən insanlar tərəfindən daha az görünür və ya daha az danışılır. Amma bu da cəmiyyətin sağlığına təsir edir. Düşünürəm ki, ailə daxilindəki bu cür problemləri cəmiyyət daha çox müzakirə etməlidir.
Əgər münasibət sağlam deyilsə, insan oradan uzaqlaşmalıdır. Bu, sadəcə özümüz üçün deyil, ailəmiz və cəmiyyət üçün də vacibdir.
Ailə içində manipulyasiya və zorakılıq hallarını çox görürük, amma bəzən çox çətin olur bu barədə danışmaq. Xüsusilə, “qurban rolu” oynamağın nə qədər zərərli olduğu çox gözəl izah olunub. Məncə, bir çoxumuz bu manipulyasiyanı sadəcə bir “kicik oyun” kimi qəbul edirik, amma nəticədə o, insanda çox ciddi zərərli təsir yaradır. Sağlam münasibətlərin əsasını dürüstlük, açıq ünsiyyət və qarşılıqlı hörmət qoyur. Bunu cəmiyyət olaraq dərk etməliyik.
Bu yazı məni çox düşündürdü. Əslində, biz bəzən ailə içindəki “kiçik manipulyasiyalar”ı çox da ciddi qəbul etmirik, amma zamanla bu davranışlar insanı çox pis təsir edir. Məsələn, “sən olmadan heç bir şey edə bilmərəm” kimi sözlər sadə görünə bilər, amma uzun müddət bu cür münasibətdə olan insanın özünəinamı çox zədələnir. Sağlam münasibətə sahib olmaq üçün açıq danışıq çox vacibdir, əks halda bu cür manipulyasiyalar ailədə böyük problemlər yarada bilər. Məqalə çox faydalıdır, təşəkkürlər!