Yeni ili qarşılamağımıza o qədər də çox vaxt qalmayıb. Təbii ki, artıq əksəriyyət evlərdə Yolka qurulub, müxtəlif oyuncaqlarla bəzədilib. Hazırda tələbatın artdığı bir zamanda bazarlarda, yarmarkalarda müxtəlif ölçüdə, formada istənilən oyuncağı əldə etmək mümkündür. Lakin unutmaq olmaz ki, satılan oyuncaqların böyük qismi Çindən gətirilən keyfiyyətsiz, sertifikatlaşdırılmamış ucuz mallardır ki, bu da təhlükə deməkdir.
Mütəxəssislər dəfələrlə qeyd ediblər ki, düzgün seçilməyən keyfiyyətsiz oyuncaqlar uşaqlarda allergik və digər xəstəliklərin yaranmasına, sinir sisteminin pozulmasına səbəb ola bilir. Bəs nə etməli?
Mütəxəssislər qeyd edirlər ki, Yeni il oyuncaqları və yaxud bəzəklərini alarkən ilk növbədə sahibkarlardan sertifikat tələb etmək lazımdır. Daha sonra yolkaların və oyuncaqların hansı materialdan hazırlanmasına diqqət etmək lazımdır. Belə ki, əgər yolka və oyuncaqlar əllə sürtülən zaman rəng verirsə, pis qoxu gəlirsə, bu zaman mütləq şəkildə həmin oyuncaqlardan imtina edilməlidir.
Və ən əsası yolkanın üzərinə bəzədilən oyuncaqların qısaqapanmaya, yanğınlara səbəb olduğunu artıq hər kəs bilir. Bundan əvvəl Yeni il bayram axşamında bəzəklərdən yaranmış qısaqapanma ucbatından baş vermiş yanğın nəticəsində ailələrin evsiz qalmasının şahidi olmuşuq.
Adətən elektrikli bəzəklərdə qısaqapanma ehtimalı daha çox olur. Beləliklə qısaqapanma da tez yarana, yolkanın altına qoyulmuş pambıqlar alışa və yanğına səbəb ola bilir. Bu səbəbdən yolkanınin bəzədilməsində pambıq və digər tezalışan materiallardan hazırlanan aksesuarlardan istifadə məsləhət deyil. Yolkanın işıqlanırılmasında isə zavod istehsalı olan keyfiyyətli avadanlıqlara üstünlük vermək lazımdır.
Heç bir halda evdə qurulan yolkanı diqqətdən kənarda qoymaq olmaz. Xüsusən də yolkanı pəncərənin önündə qurulması təhlükəli vəziyyət yarada bilir. Belə ki, pəncərənin önündə qurulan yolka pərdəyə yaxın olur ki, bu da təhlükəni qaçılmaz edir.