Aprelin 12-də təhsil naziri Emin Əmrullayevin imzaladığı “Məktəbəqədər təhsil proqramı”nın təsdiq edilməsi barədə əmri müzakirələrə səbəb olub. Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edildi.
Bu isə bir çox insan tərəfindən kurikulumun ibtidai siniflərdə tamamilə ləğv edilməsi kimi anlaşıldı. Daha sonra Nazirlikdən verilmiş açıqlamalardan məlum oldu ki, heç də düşünüldüyü kimi deyil. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu canlı yayımda sualları cavablandırarkən, kurikulumla bağlı yeni dövlət standartının 3-6 yaş yox, 1-6 yaşlı uşaqları əhatə edəcəyini bildirdi.
Bəs yeni standart nələr vəd edir?
Təhsil eksperti Kamran Əsədov dəyişikliyi şərh edərkən 2012-ci ildə qəbul edilmiş kurikulum standartında bir sıra yanlışlıqlar olduğunu və təklif edilən yeni standartın daha uğurlu, faydalı olacağını deyib: “2012-ci ildə qəbul edilmiş qərarın ləğv edilməsi cəmiyyət tərəfindən bir qədər yanlış anlaşılsa da, xatırlayaq ki, 2011-ci ilin dekabr ayında cənab Prezident İlham Əliyev uşaq bağçaları və körplər evlərini Təhsil Nazirliyindən alıb icra hakimiyyətlərinə vermişdi. 2012-ci ildə həmin uşaq bağçaları və körpələr evlərində tədrisin təşkili, təlim-tərbiyə prosesi, uşaqların müstəqil həyata hazırlanması istiqamətində kurikulumlar hazırlanmışdı”.
“Hazırda 1693 dövlət uşaq bağçası 123 uşağı qəbul edir. Etiraf edək ki, 2012-ci ildə qəbul edilmiş kurikulum standartlarında ciddi problemlər var idi. Problemləri qeyd etdiyimizdə birinci növbədə yaş kateqoriyalarına görə bölünməməni qeyd etməliyik. Uşaq bağçaları və körpələr evində uşaqlar 1-3 yaşlı, 3-5 yaşlı, 5-6 yaşlı qruplara bölünürlər. Amma buradakı kurikulum bütün yaş dövrləri üçün eyni tətbiq edilmişdi ki, bu da yanlış idi. Eyni zamanda həmin kurikulum şəxsiyyətyönümlü və nəticəyönümlü deyildi. Məhdud tərəfləri kifayət qədər çox idi”, – deyə həmsöhbətimiz bildirir.
Xatırladıb ki, 2017-ci ildə Azərbaycanda “Təhsil haqqında” qanun qəbul edilib: “Eyni zamanda yuxarı təhsil pillələri ilə bağlı kurikulum standartları dəyişdi. Birmənalı şəkildə bütün bunlar həmin sənədin dəyişməsi deməkdir. Bu, məktəblərin nəzdində məktəbəqədər hazırlıq qruplarının və ya ibtidai siniflərdə kurikulumun tədris edilməyəcəyi demək deyil”.
Mütəxəssis yeni təklif edilən kurikulum qaydalarının nələr vəd etdiyindən də danışdı: “Burada şagirdlərin dünyagörüşünün artırılması, fiziki və psixoloji dayanıqlılığın təmin edilməsi nəzərdə tutulur. Çünki bəzi hallarda uşaq bağçaları vahid proqramdan xəbərsiz idi və bu da uşaqların ibtidai siniflərə zəif bilgilərlə getməsinə gətirib çıxarırdı. Yəni artıq kurikulumlar arasında vahidlik olacaq, eyni zamanda da müəyyən qədər ibtidai sinif proqramlarının bağçalarda keçirilməsinə və yekunda ibtidai sinif proqramlarının yüngülləşməsinə gətirib çıxaracaq. Bu, kifayət qədər yaxşı haldır”.
Əsədovun sözlərinə görə, yeni kurikulumda yaş kateqoriyaları da müəyyənləşib: “Təbii ki, hər yaş dövrünün ayrı öyrənmə, qavrama xüsusiyyətləri var. Buna görə də hər yaş aralığına görə ayrı-ayrı kurikulumlar tətbiq edilməlidir. Yeni kurikulumda yaş kateqoriyaları 1-3, 3-5, 5-6 yaş olaraq müəyyənləşib. Eyni zamanda da yeni standartda bağçalarda nəyi, necə, hansı üsul və vasitələrlə keçmək lazım olduğu öz əksini tapıb”.
“Müəllimlərin kurikulumla dərs keçməsi üçün maaşları ən azı 1500-2000 manat olmalıdır. Çünki burada tələblər tamamilə fərqlidir. Ənənəvi təhsildən fərqli olaraq, öyrənmə və öyrətmənin üsul və vasitələri müxtəlifdir. Müəllimlər müxtəlif metodikalardan istifadə etməlidirlər. Bu da onların kifayət qədər vaxt, enerji, bəzi hallarda maddi vəsait itkilərinə gətirib çıxarır. Hər bir halda bu, dünyada qəbul olunmuş təhsilalma və təhsilvermə formasıdır”, – deyə ekspert fikrini yekunlaşdırdı.
Aləmdə Nəsib