Təhsillə bağlı verilən qərarlara valideynlərin münasibəti necədir?

Baxış sayı: 1. 032

COVİD-19 pandemiyası bütün dünyada təhsil sisteminə ciddi zərbə vurdu. Ölkəmizdə ilk yoluxma halı qeydə alınandan bir neçə gün sonra, yəni mart ayının 3-dən təhsilin əyani şəkildə davam etdirilməsi prosesi dayandırıldı və bir müddət sonra onlayn şəkildə keçirildi.  Daha sonra adəti üzrə yay tətili başladı. Amma artıq yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Hər kəsin beynində bu mövzu ilə bağlı müxtəlif suallar vardı. Bütün bu suallara 27 avqust tarixində keçirilən brinfinqdə təhsil naziri Emin Əmrullayev cavab verdi. Nazir bildirib ki, hansısa formada tədris bərpa edilməlidir, lakin epidemioloji vəziyyət nəzərə alınacaq: “Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır. Təhsil bərpa olunacaq, ancaq xüsusi şərtlər daxilində. Biz pandemiya şəraitinə uyğun düzgün qərar verməliyik. Ən səmərəli olan təkliflər əsas götürülməlidir. Yerli şəraitə və situasiyaya uyğun qərarlar verilməlidir. İbtidai sinif uşaqları hamısı eyni gündə dərsə getməyəcək. Məsələn, sinifdə uşaq çoxdursa, onlar iki qrupa bölünəcək və hər qrup üçün həftədə iki və ya üç gün təyin ediləcək. Övladının hansı gün dərsə gedəcəyi barədə məlumatı valideynlər dərslərin başlanmasından bir həftə əvvəl məktəbdən ala biləcəklər və məktəblər də öz növbəsində bu məlumatı valideynlərə çatdıracaq. 5-9, 10 və 11-ci sinif şagirdlərinin dərsləri 15 sentyabrdan onlayn qaydada başlayır. 1 oktyabrdan 5-9-cu siniflərin əyani şəkildə məktəbə gəlməsi, 15 oktyabrdan isə 10 və 11-ci siniflərin məktəbə qayıtması planlaşdırılır. Prosesin mart ayına qədər bu cür davam etdirilməsi nəzərdə tutulur”.

Nazir, həmçinin qeyd edib ki, valideynlərə övladlarının məktəbə gəlmə qaydası ilə bağlı seçim imkanı veriləcək. Valideynlər ya onlayn təhsili, ya da həftədə 2 və ya 3 dəfə məktəbə gələrək əyani təhsil almağı seçə biləcəklər.

Daha sonra nazirin müşaviri Rüstəm Ağayev çıxış edib və o, məktəblilərin maska taxması məsələsindən danışıb: “Uşaqların koronavirusa yoluxma faizi çox aşağıdır. Dünyada uşaqlarda virusa yoluxma 1-2 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə görə, 12 yaşdan kiçik uşaqların maska taxması məcburi deyil. Bu məsələ valideynin səlahiyyətinə buraxılır. 12 yaşdan yuxarı şəxslərin isə maska taxması tövsiyə olunur”.

Maraqldır, verilən qərarlara valideynlərin münasibəti necədir, yeni tədris ilinə necə başlamağı düşünürlər? “Maskanın 12 yaşa qədər  məcbur olmamağı, o yaşdan sonra mərcburi olması bir qədər tərəddüd yaradır. Çünki yoluxma təhlükəsi varsa, 12 yaşdan aşağı uşaqlar da virusa tutula bilər”. Bu sözləri bizimlə söhbətində valideyn Lalə Mehralı dedi. O bildirir ki, əgər uşaqlar maska taxmasa, virusa yoluxar. Uzun müddət maska taxanda isə nəfəsalma problemləri yaranar. Ona görə də bu mövzuda bəzi narahatlıqların olduğunu dilə gətirdi. Lalə xanım daha sonra uşaqların məktəbə hazırlıq prosesindən də danışdı: “Açığı, hələ ki, məktəb bazarlığı etməmişik. Düşünürəm ki, ola bilsin, məktəblər təkrar bağlanar. Ona görə də məktəb bazarlığı ilə bağlı  tam qərar verə bilməmişik. Okyabrın 1-dək vəziyyəti müşahidə edəcəm. Əslində, ötənilki forması yararlı vəziyyədədir. Onu geyindirməyi planlayıram”.

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun da fikirlərini öyrəndik. Ekspert valideynləri satış obeyktləri ilə bağlı ehtiyatlı olmağa və lazım olmadığı təqdirdə ora getməməyi məsləhət görür: “Məncə, bu il orta ümumtəhsil məktəblərinə gedəcək şagirdlər üçün forma vacib tələb kimi qoyulmamalıdır. Ona görə ki, forma müəyyən satış məntəqələrində satılır və yoluxmuş şəxslər ora gələ bilərlər. Bu isə virusun yayılmasına səbəb olar. Yəni bir forma seçmək üçün bir neçəsi geyilib-çıxarılacaq və istər-istəməz təmas olacaq.  Düşünürəm ki, bu halların qarşısının alınması üçün forma məcburiyyəti olmasın. Əgər keçənilki qalıbsa, onu geyinsin. İkinci bir məsələ dərsliklərdir. Təklif edirəm ki, keçənilki dərsliklər şagirdlərə verilməsin. Həmçinin tövsiyə olunur ki, məktəbli çantaları da qalıbsa, işlək vəziyyətdədirsə, onlardan yenidən istifadə edilsin. Yəni istənilə halda satış məntəqələri virus mənbəyi ola bilər”.

K. Əsədov həmçinin qeyd etdi ki, tədrisdə baş verən yeniliklərə hazırlıqlı olmalıyıq: “Bütün hallarda, nazirin də qeyd etdiyi kimi, yeni tədris ili könüllü olacaq. Yaxşı olar ki, valideynlər indidən uşaqları üçün kompüter və ya planşet alsınlar. Çünki bildiyiniz kimi, dərslərin bir hissəsi məktəbdə keçiriləcək, qalanı onlayn olacaq. Hətta olar bilər ki, yoluxma halı artsın və biz yenidən sırf onlayn təhsilə keçək. Bunun üçün də uşaqların texniki vəsaitlə təmin edilməsi əsas şərtdir. Mən deyərdim ki, artıq biz yeni tədris mövsümünə keçid edirik və hər kəs də buna alışmalıdır”.

Uşaqların yeniliklərlə dolu tədris ilinə fiziki hazırlığından danışdıq, bəs, görəsən psixoloji olaraq da hazırdırlarmı? 6 aylıq fasilədən sonra şagirdlər yenidən parta arxasında əyləşməkdə çətinlik yaşamayacaqlar?

 

Psixoloq Nərgiz Süleymanlının sözlərinə görə, bir qisim uşaqlar məktəblərin fəaliyyətini bərpa etməsinə sevinir, bir qisim isə buna hazır olmadığı üçün bəzi qorxular yaşayır: “Hər il 3 aylıq fasilədən sonra şagirdlərin yeni tədris ilində dərslərə alışmasında müəyyən qədər adaptasiya problemi olurdu. Təbii ki, həmin problem bu il də yaşanacaq. Çünki bu il uşaqlar demək olar ki, normal yay tətili keçirmədilər, eyni zamanda virus qorxusu da var. Ona görə də bu tədris ilində müəyyən çətinliklərin yaşanması halı baş verə bilər. Xüsusilə də məktəbə ilk dəfə qədəm qoyacaq uşaqlar üçün bəzi qorxuların olacağı gözlənilir. Bu dönəmdə əsas iş müəllimlərin üzərinə düşür. Müəllimlər bu il tədris prosesinə hər il olduğundan da həssas yanaşmalı, uşaqlara nədəsə basqı etməməlidir. Amma qeyd edim ki, məktəb üçün darıxan, dərslər başlayır deyə sevinən şagirdlər də var. Hər iki halda müəllimlər və valideynlər bu dönəmdə daha sıx əlaqədə olmalı, uşaqların sağlamlığı prioritet götürülərək onların təhsildən yayınmaması üçün çalışmalıdırlar”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir