rovsane rehimli

Təhsilsizlik, erkən nikah və ekstremizm

Baxış sayı: 2. 277

Erkən nikahlar qadınları təhsildən yayındırır,  yaxşı iş tapmaq imkanlarından məhrum edir. Təhsilsizlik və işsizlik isə radikallaşmanın səbəblərindən biridir.

 

Ekstremizm və erkən evliliklər arasında əlaqə

“Bir insan təhsil alıb işləyərsə, ekstremist bir təşkilatın üzvü olma ehtimalı azalar” Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramının (BMT İP) hesabatında belə deyilir. Mütəxəssislər tez-tez vurğulayırlar ki, təhsili olmayan insanlar, həmçinin qadınlar radikallaşmaya və ekstremizmə daha çox meyllidirlər. Erkən nikahlar da natamam təhsilin nəticəsi kimi ərindən boşanmış, dul qalmış qadınların maddi rifahını təhlükə altına alır. Bəzi hallarda erkən nikahın qurbanı olan təhsilsiz və işsiz qadınlar radikallaşmış ərlərindən asılı vəziyyətdə qalmağa məcbur olurlar.

Azərbaycan, Orta Asiya, Türkiyə üzrə materiallarda azyaşlı gəlinlər ərləri və ərlərinin qohumları tərəfindən fiziki və psixoloji zorakılığa qalmaları və həmin ərəfədə dəstək tapmağın nə qədər çətin olduğu haqda ətraflı danışıbar. Həmin azyaşlı gəlinlərin təhsil almalarına və işləmələrinə ərləri və onların qohumları tərəfindən qadağalar qoyulub (indi də qoyulur), bu da öz növbəsində həmin qadınların iqtisadi azadlıqlarına əngəllər yaradaraq, onların bu münasibətlərdən canlarını qurtarmasına imkan verməyib. Geniş tədqiqatlar göstərir ki, ər-arvad arasında çox vaxt rast gəlinən əhəmiyyətli yaş fərqi və qarşılıqlı münasibətlərdəki bərabərsizlik və məcburiyyət erkən nikahların məişət zorakılığı ilə xarakterizə olunmasının səbəblərindədir.

Erkən nikaha, qızlara qarşı gender əsaslı zorakılığın bir forması kimi baxıla bilər. Bu, qız uşaqlarının öz bədənlərinə nəzarət etmək hüququndan, azad seçim hüququndan və sərbəst hərəkət azadlığı hüququndan məhrum edir. Erkən nikahlar evli qadınların, onları əzən seksual, fiziki, emosional, psixoloji əxlaqsız bir çevrəyə düşmələrinə səbəb olur ki, buradan da çıxış yolu tapmaq xeyli qəliz məsələdir. Üstəlik, təhsili olmayan qadınlar fiziki, psixoloji və iqtisadi zorakılığa daha həssasdırlar”.

nikah

Təhsilsizliyin fəsadları

Təhsilin yoxluğu həm sosial və iqtisadi, həm də sağlamlıq hüququndan istifadəni məhdudlaşdıra bilər. Müxtəlif xəstəliklər, ana və uşaq ölümləri kimi hallar təhsilin aşağı səviyyəsinin nəticələrindəndir. (UNİSEF-in analitik materialı–“Körpə ölümləri hallarının öyrənilməsi metodikası: xüsusiyyətlər və nəticələr”Dünya Səhiyyə Təşkilatı–“Uşaq və Yeniyetmələrin sağlamlığının və inkişafının yaxşılaşdırılması üçün strateji istiqamətlər” və digər araşdırmalar gənclərin, gələcək anaların reproduktiv maarifləndirilməsinin gücləndirilməsinin zəruriliyini göstərir)

Ona görə də təhsilin çatımlılığına və keyfiyyətinə sağlamlığın bir hissəsi kimi baxmaq tövsiyə olunur.  

Tədqiqatlarda həmçinin qeyd olunur ki, iqtisadi asılılıqla ekstremist zorakılıq arasında mümkün mövcud bağlılığı istisna etmək olmaz. Məşğulluq məsələsi zorakı-ekstremist qruplaşmalara üzv olan şəxslərin ən aktual problemlərindən biri kimi üzə çıxır. 2016-cı ildə YUNESKO-nun antiterror təşəbbüsündəki təmsilçisi və terrorizmin yayılmasına şərtlərlə çalışan işçi qrupun həmsədri təhsilin zorakı ekstremizmin qarşısını almaqda qabaqlayıcı tədbir kimi rol oynadığını, təhsilin ancaq məzmununa deyil, həmçinin onun hansı səviyyədə təmin olunmasına diqqət ayırmağın vacibliyini qeyd edir.

Erkən nikaha məcbur edilən qadınlar da təhsilsiz, işsiz olduqlarına görə ya ərləri tərəfindən məcbur edilərək, ya da ərləri öldükdən, yaxud boşandıqdan sonra özlərini və uşaqlarını dolandırmağa gücləri çatmadığından ekstremizm qurbanına çevrilə bilirlər.

ishid 1

Dini ekstremizm və Azərbaycan qadınları

“BBC.news/Azerbaijan” 2018-ci ildə xəbər verirdi ki[vi], İraqda aralarında azərbaycanlıların da olduğu yeddi xarici vətəndaşa ömürlük həbs cəzası və ölüm hökmü verilib. Üç azərbaycanlı və bir qırğızıstanlı qadın, özünü İslam Dövləti (İD) adlandıran hərbi qruplaşmanın fəaliyyətində iştirakda günahlandırılıb. BBC AFP agentliyinə əsaslanaraq, haqlarında ölüm hökmü çıxarılan azərbaycanlı qadınların sayının beş olduğunu yazırdı. O zaman Azərbaycanın XİN bu haqda rəsmi məlumatın olmadığını, lakin məsələnin araşdırıldığını demişdi. Azərbaycanın İraqdakı səfirliyi də BBC Azərbaycancaya araşdırma aparıldığını bildirmişdi. XİN-nin mətbuat xidmətinin o vaxtki rəhbəri Hikmət Hacıyev BBC-yə demişdi ki, “qeyri-qanuni hərbi qruplaşmalara qoşulanlar həm Azərbaycanın Cinayət Məcəlləsini, həm də olduqları ölkənin qanunlarını pozmuş olurlar.”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov isə BBC Azərbaycancaya müsahibəsində bildirmişdi ki, “900-ə yaxın azərbaycanlının və onların ailə üzvlərinin belə münaqişələrə qoşulması haqqında məlumat var. Bəziləri qruplaşmalara döyüşçü kimi, bəziləri onların ailə üzvü kimi qoşulub. 300-ə yaxın azərbaycanlının öldüyü məlumdur, 92 nəfər haqqında məhkəmə hökmü qüvvəyə minib, 260-a qədər adamın Azərbaycan vətəndaşlığı ləğv edilib.”

2014-cü ildə Suriyadakı hərbi əməliyyatlardan sonra məlum olub ki, döyüşmək üçün terror təşkilatlarına xeyli qadın müraciət edib. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnsitutunun Müasir fəlsəfə problemləri şöbəsinin müdiri, professor, fəlsəfə elmləri doktoru Əli Abbasov 2014-cü ildə Modern.az-a radikal terror təşkilatlarına qoşulan azərbaycanlı qadınlardan danışıb, Azərbaycanda belə təşkilatlara qoşulan kişilərlə bərabər qadınlara da qarşı məhkəmə proseslərinin olduğunu vurğulayıb. Onun sözlərinə terror təşkilatları daha çox kişilərlə işlədiyindən, qadınlara elə də üstünlük vermirlər, yalnız öz evində, öz ailəsində qadına xas olan istiqamətdə əlaqə qura bilirlər: “Əvvəla, azərbaycanlı qadınların həyat yoldaşları hansısa formada təzyiq göstərərək, onlardan qruplaşmaya üzv olmağı istəyir. İkinci tərəf odur ki, dini təşkilatlar qadınlardan orda olan insanlara kömək etmək, birlik yaratmaq və ya hansısa tədbirləri keçirtmək üçün istifadə edirlər.”. Ə. Abbasovun fikrincə, ən böyük problem, Azərbaycanda radikal terror təşkilatına qoşulan qadınlarla bağlı rəsmi sosioloji tədqiqatların aparılmamasıdır.

2019-cu ilin yayında (21 iyun) Azərbaycan Beynəlxalq Mətbuat Mərkəzində “Radikal dini cərəyanlar: qadınları təsirdən necə qorumaq olar?” mövzusunda ictimai müzakirə keçirildi. Tədbirdə DTX-nin ekspertləri, dini qurumların nümayəndələri, deputatlar, ictimai xadimlər, qeyri-hökumət sektorunun nümayəndələri və təhsil mütəxəssisləri iştirak etdilər. Deputat Fazil Mustafa tədbirdə çıxışında qadınların radikal cərəyanların təsirinə daha həssas olduğunu dedi, bildirdi ki, insanlar radikal cərəyanlara daha çox sosial şərtlərə görə qoşulurlar. “Radikalizmlə mübarizə üçün sağlam dini təhsilin verilməsi vacibdir. Qadınlar dini oxuyaraq, düşünərək yaşamalıdırlar ki, sonradan ziyanlı təsirlərə düşməsinlər. Azərbaycanda təhsilsiz qadın qalmamalıdır. Bütün hədəflər qadınların iqtisadi müstəqilliyinin təmin edilməsinə yönəldilməlidir.” Ekspertlərin çoxu problemi, cəmiyyətin qadınların təhsilinə laqeyd yanaşmasıyla bağladı, qadınlara daha çox azadlıq verilməsinin, ictimaiyyətin bu mövzuda daha çox və düzgün maarifləndirilməsinin vacibliyini qeyd etdi.

Yenə 2019-cu il, iyunun 27-də Xırdalan şəhərində “Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə təşkil edildi (“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində). Layihənin rəhbəri Ülkər Abdullayeva tədbirdə çıxışında radikal dini şəbəkələrin əməllərindən ən çox qadınların əziyyət çəkdiyini bildirdi. “Qadınlar bu cərəyanların təlqin etdiyi xurafata inanır, onların insanlığa zidd aksiyalarının icraçısına və qurbanına çevrilirlər. Son illərdə Yaxın Şərq və Cənubi Asiyada, o cümlədən, qardaş Türkiyədə beyni yuyulmuş, mövhumat və xurafatla doldurulmuş müsəlman qadınlardan canlı bomba kimi istifadə hallarının sayı artıb. Əl-Qaidə, İŞİD, Taliban və s. beynəlxalq terror şəbəkələri müxtəlif yollarla (təbliğat, maddi şirnikləndirmə, şantaj, təhdid və s.) öz sıralarına qadınları cəlb edir, onlardan öz mənfur əməllərini həyata keçirmək üçün istifadə edirlər.” Tədbir iştirakçılarına radikal dini qruplaşmalar, onların iş prinsipləri, qadınların radikal şəbəkələrə cəlb edilməsi yolları haqda məlumat verildi.

erken n3

Erkən nikahlara “yox” deyək! Dünya statistikası

Radikalizm, ekstremizm erkən nikahların nəticələrindən, əlbəttə, biridir. Uşaq yaşda evliliklər əksər hallarda erkən hamiləlik və erkən doğuşla müşayiət olunur, anaların və uşaqların xəstələnmə və ölüm riski artır. Erkən nikah bəzən qız uşaqlarını icmalardan qaçmağa və intihara sürükləyir. Ərə getməyə məcbur edilmiş qızlar çox vaxt ərləri tərəfindən cinsi, fiziki və psixoloji şiddətə məruz qalır. Erkən nikah qızları təhsil almaq və ixtisasa yiyələnmək imkanından məhrum edir, onları asılı və müdafiəsiz duruma salır…

UNİCEF-in məlumatına görə 12 Fevral 2019-cu il  ərzində dünya üzrə 650 milyondan çox qadın erkən nigaha məruz qalıb. Hər il ən az 12 milyon qız uşağı 18 yaşına çatmadan evlənir (və ya evləndirilir). Bu, hər dəqiqəyə 28 qız uşağının, ya da hər beş qızdan birinin yetkinlik yaşına çatmadan evləndirilməsi deməkdir. Az inkişaf etmiş ölkələrdə, bu göstərici iki qata çıxır.

Rəsmi rəqəmlər göstərir ki, Azərbaycanda erkən nikahların sayı azalmaqdadır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsi müdirinin müavini Aynur Veysalovanın dediyinə görə, pik hədd 2011-ci ildə qeydə alınıb, 5 min 138 qız 18 yaşına çatmamış ərə verilib.  Həmin il  Parlament Ailə və Cinayət Məcəlləsində qadınların evlənmə yaşının 18 olmasını və erkən evliliyə məcburiyyətə görə məsuliyyəti nəzərdə tutan normalar qəbul edib 2017-ci ildə həmin göstərici 317-ə düşüb.

BMT azalmanın bütün dünyada müşahidə edildiyini bildirir (son 10 ildə 15% azalma var), ancaq vurğulayır ki, erkən nikah fenomeninin kökünü tam kəsməyə hələ çox var. Təşkilatın İnsan Haqları Şurası 2017-ci ildə qəbul etdiyi qətnamədə bütün dövlətləri qadınların və qızların təhsil almaq hüquqlarına hörmət bəsləməyə, onların cinsi və reproduktiv sağlamlıqlarının qorunmasını təmin eləmyə çağırır.

 

[1] https://www.unodc.org/documents/e4j/CounterTerrorism/E4J_CT_module_2_-_final_RU.pdf

[1] https://eeca.unfpa.org/sites/default/files/pub-pdf/Child%20Marriage%20EECA%20Regional%20Overview%20RUS.pdf)),

[1] http://criminal-justice.iresearchnet.com/crime/domestic-violence/education/

[1] https://www.unicef-irc.org/publications/pdf/russianmonitor03/Chapter6.pdf

[1]https://apps.who.int/iris/bitstream/handle/10665/67710/WHO_FCH_CAH_02.21_rus.pdf;jsessionid=A1C624DE3BEB563704127A9CF6BF3D95?sequence=4

[1] https://www.unodc.org/documents/e4j/CounterTerrorism/E4J_CT_module_2_-_final_RU.pdf

[1] https://www.bbc.com/azeri/azerbaijan-43795732

[1] www.Xeber24.az

[1] Axar.az

[1] www.Modern.az

 

Rövşanə Rəhimli

Qadın hüquqları müdafiəçisi

 

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir