SEVGI

Tələbələri ilə ailə quran azərbaycanlı məşhurlar – FOTOLAR

Baxış sayı: 972

Evlənmək, həyat yoldaşı seçməklə bağlı yüzlərlə atalar sözləri, məsəllər, miflər, aforizmlər var. Konfutsi deyirdi ki, həyat yoldaşı seçmək, kitab seçməyə bənzəyir; yaxşı hazırlanmış bir üz qabığı və cild marağınıza səbəb ola bilər, amma məzmunu sağlam deyilsə, sonunu gətirmək çətindir.

Bəzən həyat yoldaşı seçimini taleyə, qismətə, alın yazısına bağlayanlar da var. Bunun əksini düşünənlər də…

İstənilən halda sevincli-kədərli bir ömrü bərabər yaşamaq kamillik tələb edir.

Elə cütlüklər var ki, tale onları müəllim-tələbə kimi qarşılaşdırsa da, sonra bir-birlərini seviblər. Aralarındakı böyük yaş fərqi evlənmələrinə mane ola bilməyib. Baxmayaraq ki, ətrafdakılar, onları tanıyanlar, doğmaları bu evliliyi bərmənalı qarşılamayıblar. Amma əl-ələ verib bütün maneələri adlayaraq, xoşbəxt olmağı bacarıblar…

 

Rafiq və Səbinə Hüseynli cütlüyü…

Bu evlilik Rafiq Hüseynli AzTV-dən işdən çıxandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilim Akademiyası) dərs dediyi illərdə gerçəkləşib.

Səbinə xanım onun tələbəsi olub. Bütün tələbələr kimi 21 yaşlı Səbinə də Rafiq Hüseynliyə simpatiya bəsləyirdi… Amma hələlik yalnız müəllim kimi… Rafiq Hüseynli onlara “Nitq mədəniyyəti” fənnini tədris edirmiş.

“Hər kəs üçün Rafiq Hüseylinin mühazirələri çox maraqlı gəlirdi. Bəzi tələbələrimiz vardı, onlar mühazirələrdən sıxılar, dərsə girməzdilər. Amma “Nitq mədəniyyəti” fənninin mühazirələrini Rafiq Hüseynlinin oxuyacağını biləndə ilk gündən dərsi boş qoymadılar…

Rafiq Hüseynli öz şəxsiyyəti və sevgisi ilə sənətinə maraq oyadırdı. Bunu hər adam bacarmır”.

Səbinə xanım deyir ki, Rafiq müəllimlə tanışlıqdan sonra o da televizyada işləmək istəyirmiş. 3-cü kursda oxuyarkən o vaxt fəaliyyət göstərən “Sara” televiziyasına gedib. 4 nəfər qız müsabiqədən keçib. Onlara deyilib ki, sizi ya diktorlar Roza Tağıyeva (Rafiq Hüseynlinin birinci həyat yoldaşı), ya da Rafiq Hüseynli hazırlayacaq.

Səbinə xanım insitutdan tanıdığı və pərəstişkarı olduğu müəllimini – Rafiq Hüseynlini seçir.

“3-4 ay idi ki, təlimlər davam edirdi. Bu vaxtlarda Rafiq Hüseynli artıq uzun müddət idi evliliyini bitirmişdi, azad insan idi. Bir müddət sonra onun mənə sevgi etirafı oldu”.

Beləliklə, onların aralarındakı müəllim-tələbə ünsiyyati sevgi münasibətləriylə əvəzlənir…

Rafiq Hüseynli evlilik təklifi ilə Səbinə xanımı şoka salıb: “Mən onsuz da onun pərəstişkarı idim. Onun həm özünə, həm sənətinə çox böyük hörmətim var idi”.

Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Zarafat deyildi, 51 yaşlı kişi 21 yaşlı qızla ailə həyatı qurmaq istəyirdi.

Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan gənc xanım Rafiq Hüseynli ilə evliliyə razı olur. Və onlar 2000-ci ildə evlənirlər…

Tale 55 yaşı olanda Rafiq Hüseynliyə bu evliliyindən bir qız övladı nəsib edir – Leyli Hüseynli.

Tanımayanlar, bilməyənlər Leylini Rafiq müəllimin yanında görəndə elə bilirmişlər ki, nəvəsidir. Özü də bunu dəfələrlə etiraf edib.

Leyli doğulandan sonra Rafiq Hüsyenli qalan həyatını qızı üçün yaşıyıb, onunla nəfəs alıb, Leyliyə həddindən çox çox bağlı olub.

Hətta xəstələnəndə, xəstəxanaya düşəndə belə, özünü deyil, qızını düşünürmüş:

Leyli hazırda rəssamlıq üzrə ali təhsil alır.

Rafiq müəllimin həyatının son günlərindən danışan Səbinə xanım deyir ki, Almaniyada müalicə alarkən məşhur diktor artıq danışa bilmirmiş:

“Axırıncı dəfə onun səsini Türkiyədə xəstəxanada olarkən eşitmişdim. Onun son sözləri “Səbinə, özündən də, qızımdan da muğayat ol” oldu”.

Məşhur diktor, Xalq artisti, professor, Dövlət Mükafatı Laureatı Rafiq Hüseynli  26 oktyabr 2017-ci ildə ağır xəstəlikdən dünyasını dəyişib.

 

Ayaz və Nərmin Salayevlər…

Bu tanışlığa qədər Ayaz Salayev artıq bir dəfə evlənib boşanmışdı… Onların ilk dəfə rastlaşmağı Mədəniyyət və İncəsənət Universitetində olub. Nərmin xanım universitetin Ədəbi iş fakültəsində təhsil alırdı, tələbəydi, Ayaz Salayev isə bu ali təhsil ocağında kinoşünaslıqdan dərs deyirdi, müəllim idi.

Nərmin Salayeva gələcək həyat yoldaşı ilə ilk tanışılığı barədə müsahibələrinin birində söz açıb:

“Hansısa müəllimimiz işə çıxmamışdı. Ayaz müəllim onun əvəzinə bizə mühazirə oxudu. Çox xoşuma gəldi. O gündən sonra hərdən icazə alıb onun mühazirələrində otururdum. Ayaz müəllim tələbələri ilə çox səmimi münasibət saxlayır, həmişə onları harasa tədbirə – kinoya, konsertə dəvət edirdi. Mən də onlarla gedirdim. Bir dəfə Ayaz müəllim mənə yaxınlaşdı, konsertə dəvət edlədi. Elə bildim bütün tələbələri dəvət edləyib. Sonra telefonumu aldı, dedi ki, axşam sizə zəng eləyəcəm. Təəccübləndim, amma bir söz demədim. Lap sonra anladım ki, o, məni görüşə çağırırmış. Konsertdən çıxandan sonra bulvarda gəzməyi təklif elədi, razılaşdım. Sevgisini də, mənimlə ailə qurmaq istəyini də elə orda söylədi”.

Bu sevgi etirafı Nərmin xanım üçün çox gözlənilməz olduğundan, bir neçə ay fikirləşməli olub.

“Sənətkar kimi çoxdan onun heyranıydım… Amma heç zaman gözləmirdim ki, günlərin birində o, mənə evlənmək təklifi edəcək”.

Nərmin və Ayaz Salayevlər nişanlananda universitetdə hamı məəttəl qalıb, heç kim bunu gözləmirmiş.

Aralarında 17 yaş fərqi var. Bu evlilik gerçəkləşəndən sonra Nərmin xanım təhsil alıb yiyələndiyi peşəsini ailəyə qurban verib, işləməyib.

“O, çox güclü qadındır. Mən qətiyyən qurban verməzdim. Amma inanıram ki, qayıdacaq sənətə”, – deyə Ayaz Salayev xanımı haqda danışarkən bildirib.

A.Salayev 1997-ci ilin dekabrında Nərmin Salayeva ilə ailə həyatı qurub. Onların Kamilla və Sara adlı iki qızları var.

 

33 yaşında tələbəsinə vurulan Əbdül müəllim

Tanınmış aktyor və rejissor, Xalq artisti, Əməkdar incənət xadimi, Dövlət Mükafatı Laureatı Əbdül Mahmudov da tələbəsi ilə ailə qurmuş məşhur sənət adamlarındandır….

Ə.Mahmudov 1962-1966-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil aldıqdan sonra, təyinatla “Azərbaycanfilm” kinostudiyasına gəlib və ikinci rejissor kimi yaradıcılıq fəaliyyətinə başlayıb. 1973-1976-cı illərdə Moskvaya Ali Kinorejissorluq kursunda təhsilini davam etdirməyə gedib. O, Moskvada təhsil alıb, təcrübə qazanıb. Sonra doğma kinostudiyaya qayıdıb və burada yaradılan “Kino-aktyor” teatrının bədii rəhbəri olaraq fəaliyyətini davam etdirib.

Onun bədii kinoda ilk ən böyük işi “Atları yəhərləyin” (“Qaçaq Nəbi”) filmidir. Bu film üzərində o, dostu və sənət yoldaşı Həsənağa Turabovla birlikdə uğurla işləyib. Onun “Firəngiz” (1975), “Üzü küləyə”(1977), “Şəhərli biçinçilər” (1985), “İki sahil” (1989), “Gecə qatarında qətl” (1990) bədii filmləri sevilə-sevilə baxılan və tamaşaçı rəğbəti qazanan ekran əsərləri olmaqla yanaşı, həm də öz dəsti-xəttilə, peşəkarlığıyla seçilən, yaradıcılıq məhsullarıdır.

Əbdül Mahmudovun “Yeddi oğul istərəm” filmindəki Qasım və “Nəsimi”dəki Dərviş obrazları xüsusilə yaddaqalandır.

Xalq artisti gələcək həyat yoldaşı Yaqut xanımla kinostudiyada tanış olub:

“Yaqut xanım mənim tələbəm olub. Kinostudiyanın nəzdində açılan iki illik kinoaktyor kurslarına qəbul olunmağa gəlmişdi. Görən kimi öz-özümə qərar verdim ki, bu qız mənim həyat yoldaşım olacaq. Çünki ruhuma yaxın xanım idi. Kurslara qəbul olundu, sonra da mənim həyat yoldaşım oldu…

… Evlənmək təklif etdim. Utansa da, yola gətirdik. Gec evlənmişəm, 33 yaşımda. Mənim elçiliyimdə görkəmli sənətkarlar Həsənağa Turabov, Ceyhun Mirzəyev, Fərman Kərimzadə, Rasim Balayev, Kamil Rüstəmbəyov iştirak edib. Toyumda da özümüz çalıb, özümüz oynamışıq…

 

…Uzun illər keçib. Artıq nəvələrimiz var..

… Yaxşı ailə sənətdən də üstündür. 40 ildən artıqdır bir yerdəyik. İmkanımız daxilində çalışmışıq ki, ailədə mehribançılıq olsun, söz-söhbət olmasın. Nail də olmuşuq şükür Allaha, nəvələr var, qismət olsa nəticələr də olar. Hər səhər dualar edirəm ki, şükür Tanrıya ki, səhəri üzümüzə açdı, uşaqların üzünü daha bir səhər görə biləcəyik, sevimli işimizlə məşğul olacağıq. Axşam o edir bu duanı, səhər mən. Allaha şükür ki, problem olmaması üçün qadın ailəni nəzarətdə saxlayır. Arxa cəbhə qadındır, o möhkəm olanda öndə hər şey yaxşı gedəcək”.

40 ildən çoxdur evli olan cütlüyün bir qız, bir oğul övladı var…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir