Son günlər təlim avtomobillərinin çoxalmasının şahidi oluruq. Təlimlərin artması, təlim alan və təlim verən şəxslərin bu sahədə hüquqi maarifləndirilməsinə zərurət yaradır.
Təlim proseduru ilə bağlı bəzi məsələlərlə bağlı fikirlərini açıqlayan vəkil Asif Abdullayev bildirir ki, “Yol Hərəkəti haqqında” Qanuna əsasən, nəqliyyat vasitələrinin idarə edilməsi üzrə ilkin təlim bağlı meydançalarda və ya avtodromlarda keçirilməlidir: “Yollarda sürmə təliminə yalnız təlim verən şəxsin iştirakı ilə və nəqliyyat vasitəsini sürməyi öyrənən şəxsin onu idarə etməkdə ilkin vərdişi olduqda yol verilir.
Qanunun 1-ci maddəsinin 32-ci bəndinə əsasən, sürücülüyü öyrədən avtomobil təlimatçısı da sürücüyə bərabər tutulur. İkitərəfli idarə etmə qurğuları ilə təchiz olunmuş təlim avtomaşınlarının idarə edilməsi zamanı müdavim (sürməyi öyrənən) tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti bunun qarşısını almaq imkanında olmuş təlimatçı, təlimatçının göstərişlərinə əməl etmədikdə isə – avtomaşını bilavasitə idarə edən şəxs daşıyır.
Məlumat üçün onu da qeyd edim ki, “Yol Hərəkəti haqqında” Qanunun 78-ci maddəsinə əsasən, sürmə təlimi verən şəxsin üstündə həmin kateqoriyalı nəqliyyat vasitəsini sürmə təlimi vermək hüququna dair sənəd və ya azı 5 il sürücülük stajına malik olmasına, habelə müvafiq kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququna dair vəsiqə olmalıdır”.