pensiya

Təqaüd yaşımızda yetərli qədər pensiya almaq üçün nələrə diqqət etməliyik?

Baxış sayı: 991

Hər yaşın öz gözəlliyi var deyirlər. Uşaqlıq, yeniyetməlik, gənclik və qocalıq. Təhsilimizi bitirdikdən sonra iş həyatına atılırıq. Həmin vaxtın enerjisi, işləmə qabiliyyətimizin olması təəssüf ki, bəzi hallarda qocalığımızı düşünməyi bizə unutdurur. Məsələn, bu gün maaşının müəyyən miqdarını Dövlət Sosial Müdafiə Fonduna ödəmək bəzi hallarda bizi “narahat” edir. Amma pensiya aldıqda, miqdarının az olması, sözün əsl mənasında bizi narahat edəcək. Bəs nə etməli? Təqaüd yaşımızda yetərli qədər pensiya almaq üçün nələrə diqqət etməliyik?

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev deyir ki, ilk şərt şirkətlə əmək müqaviləsinin imzalanmasını tələb etməkdir: “Gələcəkdə yetərli qədər pensiya almaq üçün ilk olaraq hər hansı şirkətə, müəssisəyə işə düzələn zaman əmək müqaviləsinin bağlanmasına çalışmaq lazımdır. Artıq respublikada minimum əmək haqqı oktyabr ayından 250 manat hesablanıb. Əmək müqaviləsi bağlanan zaman mütləq diqqət etmək lazımdır ki, minimum əmək haqqı miqdarı müqavilədə və yaxud da ona bağlı digər sənədlərdə öz əksini tapsın”.

Həmsöhbətimizin sözlərinə görə, işçinin ikinci diqqət etməli olduğu məsələ əmək müqaviləsində göstərilən məbləğlə, ona verilən məbləğin eyniliyidir: “Əgər işçi hər hansı bir idarədə, müəssisədə çalışırsa və aldığı əmək haqqı, müqaviləsində göstərildiyindən daha çoxdursa, məsələn, əmək müqaviləsində 350 manat göstərilib, amma o faktiki olaraq 500 manat alır, bu zaman çalışmalıdır ki, həmin o əmək haqqı rəsmiləşdirilsin və əmək müqaviləsində təsbit olunsun. Çünki rəsmiləşdiyi halda, sosial ödəmələr həyata keçirilir. Bu ödəmələr sonradan onun pensiya fondunun formalaşmasına köməklik göstərir. İşlədiyin yerdə qazandığın miqdara görə pensiya ödənildikdə, təqaüd yaşında da öz zəhmətinin bəhrəsini alacaqsan”.

İqtisadçı ekspert VÖEN-i olan vergi ödəyicilərinin də pensiya məsələsinə toxundu. Həmsöhbətimizin sözlərinə görə, əmək müqaviləsi olmadan xidmət göstərənlər də hüquqlarını bilməlidirlər: “Növbəti hal sırf VÖEN-i olan şəxslərlə bağlıdır ki, hansı ki, hər hansı əmək müqaviləsi bağlamadan, xidmət göstərirlər. Yəni şəxs hər hansı müəssisədə rəsmi şəkildə işləmir, amma xidmət göstərir. Məsələn şüşəsilmə, bərbərlik, ofisiantlıq, yaxud dərzilik. Bu xidmətləri göstərən şəxslər də gələcəkdə pensiya ehtiyatının formalaşması üçün mütləq vergi ödəyicisi kimi qeydiyyatdan keçməli və VÖEN almalıdır. VÖEN aldığı zaman bütün gəlirlərini rəsmiləşdirsə, artıq o gəlirə görə Dövlət Sosial Müdafiə Fonduna ödəmələr həyata keçirir. Həmin bu ödəmələr onun gələcək pensiya miqdarının formalaşmasında, iş təcrübəsinin müəyyənləşməsində əhəmiyyət kəsb edir”.

Müsahibimizin vurğuladığı sonuncu məsələ isə özəl pensiya fondlarının yaradılmasıdır: “Bu, hələ Azərbaycanda inkişaf yolundadır. Özəl Pensiya Fondları yarandığı halda, şəxs işlədiyi yerdən əlavə olaraq, özəl pensiya fonduna özü müstəqil şəkildə müəyyən məbləğ köçürə bilir. Şəxs pensiya yaşı çatdıqdan sonra fonda toplanan məbləği əldə edə bilər. Belə olduğu halda şəxs həm məcburi sosial ödəmələr nəticəsində formalaşmış pensiyasını, həm də fonda köçürdüyü pulu əldə etmək imkanı qazanmış olur”.

Nəzərə almaq lazımdır ki, əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürənlər tərəfindən onlara ödənilən qeyri-leqal əmək haqları ilə razılaşmaqla, özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Əmək haqqını qeyri-leqal alan işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi ilə rastlaşır, ipoteka və digər kreditləri almaq hüququndan və ən əsası, gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. İşəgötürənlə əmək müqaviləsi bağlamaqla və yalınız rəsmi əmək haqqı ödəməyi tələb etməklə, hər bir işçi özünün firavan gələcəyini indidən düşünmüş olur. Unutmayın ki, ödənilən rəsmi əmək haqları – sabah üçün işçinin sabit sosial təminatının təməlini indidən qoymuş olur.

 

Aygün Əziz




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir