Ölkə başçısı ötən həftə tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncam verdi. Sərəncama əsasən ali məktəb tələbələrinin təqaüdü 250 manatdan 275 manata qaldırılıb.
Bəs, bu artım tələbələrin rifahına necə təsir edəcək?
Təhsil üzrə ekspert Elşən Qafarov bildirir ki, tələbə təqaüdləri ilk növbədə minimum istehlak səbətinə, minimum əmək haqqı normasına uyğunlaşdırılmalıdır:
“Real məzərəyə nəzər yetirsək görə bilərik ki, bu gün minimum istehlak səbətinin dəyəri ilə tələbələrə verilən təqaüdlər arasında ən azı 30-40 faiz fərq var. Hazırkı təqaüdlər tələbələrin sosial müdafiəsini təmin etmir. Bu səbəbdən düşünürəm ki, dövlətin imkanları artdıqca bu məsələyə yenidən baxılacaq”.
Təhsil üzrə digər ekspert Kamran Əsədov bildirib ki, ölkə prezidentinin müəyyən etdiyi yeni artım tələbələrin social rifah halının müsbət şəkildə dəyişməsinə, onlaın ailələrindən asılılığını azaltmağa ciddi təsir edəcək, daha yüksək nəticələr əldə etmək üçün motivasiyanı gücləndirəcək:
“Bu gün aldığı təqaüd ehtiyacını tam ödəməyən tələbələr var. Onlar işləyirlər ki, tam olaraq ehtiyaclarını və təhsil haqlarını ödəsinlər. Bundan başqa, obyektiv və subyektiv səbəblərdən asılı olaraq əksər ali məktəblərin yataqxanaları yoxdur, tələbələrin böyük qismi kirayədə yaşayır. Təqaüdlərin zamanla artımı, düşünürəm ki, onların yaşayış xərclərini qarşılamaq üçün də önəmli olacaq”.
O həmçinin qeyd edir ki, hazırda əyani təhsil alan 141274 tələbədən 53408-i təqaüd alır. Bu da tələbələrin ümumi sayına nisbətdə 37,8 faiz deməkdir:
“Orta ixtisas təhsili müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin sayı 41522 -dir ki, onların arasında təqaüd alan tələbələrin sayı 19322-dir. Bu da həmin tələbələrin ümumi sayına nisbətən 46,5 faizdir”.
Ekspertin sözlərinə görə, ilk peşə-ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin sayı 34658-dir:
“Peşə təhsili müəssisələrində təqaüd alan tələbələrin sayı 16 min 532-dir ki, bu da tələbələrin ümumi sayına nisbətən 54,5 faizdir”.
Digər ölkələrdə təqaüdlər nə qədərdir?
K.Əsədov qeyd edir ki, Rusiyada tələbələrin aldığı təqaüd 40, Belarusiyada 53, Ukraynada 80, Qazaxıstanda orta hesabla 184, Liviya və Səudiyyə Ərəbistanında 700, Küveytdə subay tələbələr 700, ailəlilər üçün isə 1200 dollar, Fransada 350, italiyada 840 avrodur.
Həmsöhbətimiz təklif edir ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Elm və Təhsil Nazirliyindən, bundan əlavə universitetlərin ödənişli təhsilə görə aldıqları vəsaitlər hesabına yaradılan fonddan təqaüdlər verilsin:
“Qeyd edim ki, hazırda ölkədə SABAH təqaüdü – 50 manat, “Gələcəyin müəllimi” təqaüdü – 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manatdır. Bundan başqa, özəl şirkətlərin 100-200 manat məbləğində tələbə təqaüdü var. İyirmi universitetdə tanınmış şəxslərin adına təqaüdlər var. Məsələn, Bakı Dövlət Universiteti 22 ziyalının adına təqaüd verir, Azərbaycan Universitetində “Şəhid Fəxrəddin Qurbanlı adına 500 manatlıq təqaüd var. Odlar Yurdu Universitetində isə 9 adda təqaüd sistemi mövcuddur”.
İqtisadçı Natiq Cəfərli bildirir ki, istənilən halda belə artımların olmasını müsbət hal kimi dəyərləndirmək olar. Lakin verilən təqaüdlərlə tələbləin xərcləri arasında böyük fərq var. İqtisadçının sözlərinə görə, bu məbləğ tələbələrin gündəlik xərcləri üçün yetərli deyil:
“Xüsusən də regionlardan gələn, Bakıda kirayədə qalan tələbələrin xərcləri kifayət qədərdir. Azərbaycanda tələbələrin yataqxana problemləri olduğu üçün kirayə haqqı problemi yaranır. Bundan başqa amillər də var ki, onlar tələbələrin dolanışığına daha mənfi təsir göstərir. Təqaüdlərin yetərli olmaması tələbələrin keyfiyyətli təhsil qalmasına da mənfi təsir edir. Dolanışıq, yataqxana problemi olan, yaxşı qidalanmayan, nəqliyyatla bağlı problemlər yaşayan, daha az təminatı olan tələbənin dərsə fokuslanmasında problemlər yaranır. Bu problemləri hər hansı formada aradan qaldırmaq lazımdır”.
“Ötən il ölkədə rəsmi infilyasiya 13.9 faiz idi, təqaüdlərdə 15 faiz indeksasiyanın olunması ümumiyyətlə artımın olmamasından daha yaxşıdır”, – deyə o əlavə edir.
Nələr etmək olar?
İqtisadçının sözlərinə görə, bunun üçün müxtəlif ölkələrin təcrübəsinə nəzər yetirmək kifayətdir:
“Tələbələrin xərclərinin böyük hissəsi ərzaq məhsullarının alınması təşkil edir. Ötən il Azərbaycanda ərzaq infilyasiyası 22 faiz olub. Heç olmasa, bu kateqoriyaya aid olanların təqaüdlərinin artırılması ərzaq infilyasiyasına uyğun olsa, daha yaxşı olar. Yəni, 22 faizlik ərzaq infilyasiyasına uyğun olaraq təqaüdlər 25 faiz artırılsaydı, daha yaxşı olardı”.
Ekspert bildirir ki, nəqliyyat xərcləri tələbə xərclərinin ən böyük hissəsini təşkil edir. O qeyd edir ki, nəqliyyatda gediş haqının tələbə kartları vasitəsilə edilməsi daha müsbət addım olardı:
“Çünki dünyanın hər yerində tələbələr üçün nəqliyyatda gediş haqqı digər kateqoriyalardan ciddi fərqlənir. Bu fərq hətta 2-3 dəfəyədək olur. Yəni təqaüdlərə paralel olaraq digər yardım və güzəştlərin də olması tələbələrin rifahına müsbət təsir edə bilər”.
“Lakin 25 manatlıq artım tələbələrin işlə bağlı problemi həll etmiş olmayacaq, imkansız tələbə yenə də diqqətini təhsildən daha çox işə ayıracaq, formal olaraq diplom arxasınca qaçacaq. Çünki tələbələrin dolanışığı onların təhsilinin keyfiyyətinə birbaşa təsir edir”, – deyə o əlavə edir.
Tamara Ağarızayeva Dövlət İdarəçilik Akadmeiyasının “hüquqşünaslıq” fakültəsində təhsil alır. O, 667 balla ali məktəbə qəbul olunub, prezident təaqdü ilə yanaşı “əlaçı təqaüdü” də alır:
“Əlaçı” təqaüdü olmasaydı, ailəmlə birgə yaşamasaydım, o zaman bu məbləğ mənim üçün çox aşağı olardı. Tələbə yoldaşlaırm var ki, adi təqaüd alırlar, məbləğ çox aşağıdır. Onların ailəsi rayonda yaşadığı üçün burada kirayələrdə qalırlar və məcbur olub işləyirlər də. Qeyd edim ki, prezident təqaüdü istisna olmaqla digər təqaüdlərin məbləği çox azdır, bu heç nəyə kömək etmir”.
Azərbaycan Dövlət İqtisad Universitetində “maliyyə” ixtisası üzrə təhsil alan Rəvan Namazov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, prezident təqaüdçüləri digərləri ilə müqayisədə maddi olaraq daha çox üstüünlüyə malikdir:
“Yeni Sərəncamla 25 manat daha artıq təqaüd almış olacağıq. “Əlaçı” təqaüdündəki artımla birgə bu 50 manatlıq artımdır. 25 manatlıq artım çoxları üçün böyük görünməyə bilər, amma məsələyə tələbə gözü ilə baxsaq, bu vəsaitlə biz universitet üçün lazım olan dəftərxana ləvazimatları ilə bağlı xərcləri qarşılaya bilərik. Kitab, A4, qələm və s. ilə bağlı xərclər də bura daxildir”
Tələbə bildirir ki, bir tərəfdən tə1qaüdlər artsa da, digər tərəfdən kommunal xərclər, kirayə haqları artır, ərzaqlar bahalaşır, nəqliyyatın da bahalaşacağı gözlənilir:
“Hesablayanda görürsən ki, bahalaşma, qiymət artımları təqaüdlərlə müqayisədə daha çoxdur”.
Həmsözhbətimiz indiyə qədər ixtisası üzrə təcrübə qazanmaq, həm də müəyyən xərclərini qarşılamaq üçün işlədiyini bildirir. O təxminən 300 manatadək maaş alıb, təqaüdlərlə birgə isə ümumilikdə aylıq qazancı 700 manat olub. Lakin işin onun təhsilinə, keyfiyyətlərinə təsirini nəzərə alaraq öz istəyi ilə işdən uzaqlaşıb:
“Axşam 11-dək işləyirdim, yorğun gəlib yatırdım, dərs oxumağa vaxtım da qalmırdı. Aldığım 400 manatlıq təqaüd məndə çox böyük məsuliyyət yaratmışdı”.
“Vəziyyəti məndən də ağır olanlar var. Tələbə yoldaşım rayondan gəlib, 400 manat təqaüdün 200 manatını elə kirayəyə verir. Qida və s xərcləri də nəzərə alsaq, bu vəsaitin tələbələr üçün kifayət etmədiyini görə bilərik. Məndən fərqli olaraq o gələcəyi üçün heç bir vəsait yığa bilmir”, – deyə o əlavə edir.
R.Namazov bildirir ki, tələbələr üçün nəqliyyatda, ərzaqda güzəştlərin olması müsbət addım olardı.
Ölkədə minimum əmək haqqı neçə manatdır və istehlak səbətinin dəyəri nədir?
Bu ayın əvvəlində ölkədə minimum əmək haqqının məbləği artırılaraq 345 manat olub. Yaşayış minimumunun həcmi isə 246 manatdır.
Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Fatma Yıldırım bildirib ki, təqaüdlərlə bağlı artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir:
“Azərbaycan Prezidentinin imzaladığı sərəncam gənclərin təhsilinin inkişafına növbəti töhfə, tələbələrin təhsillərinin keyfiyyətini artırmalarına, onların daha yaxşı oxumalarına yeni stimul olacaq. Təqaüdlərin artırılması ilə gənclərin elm və təhsilə marağı daha da artacaq”.
Xatırladaq ki, ötən ilin 14 fevral tarixində ölkə başçısının imzaladığı Fərmana əsasən, Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 102 tələbə üçün təsis edilmiş Prezident təqaüdünün məbləği 210 manatdan 250 manata qaldırılıb.
Nigar İsgəndərova