Günümüzdə həyat yoldaşının xəyanət etməsi müzakirə olunan mövzülardandır. Son zamanlar qadınların ərlərinə xəyanət etməsi televiziya verilişlərinin də az qala əsas mövzularına çevrilib. Bəs, xəyanətlər niyə artır?
Psixoloq Vəfa Rəşidova bildirir ki, xəyanət bu gün çox aktual mövzudur: “Hər adam xəyanət etmir, xəyanətə cəhd etmir. Hər adam belə bir riskə getmir. Adətən xəyanət edən insanlar bunu birinci dəfə etmir. Onlarda bu alışqalıq halındadır. Həyat yoldaşına xəyanət edən insanın xarakteri tam formalaşmayıb. Xəyanət edən insan tam nə istədiyini bilmir. Belə adamın ailə bağlarının möhkəmliyi haqqında bir anlayışı yoxdur. Onlar üçün müqəddəs heç bir şey qalmayıb. Və yaxud xəyanət edən insan psixoloji problem yaşadığı üçün belə edir. Niyə psixoloji problem yaşayır? Ya evindəki xanımına cəza verir, ya özü-özünə cəza verir, ya da özünü o dərəcədə qiymətləndirmir ki, özünə “Sən belə həyata layiqsən” – deyib bu addımı atır.
Xəyanət edən insanlar stresə davamiyyətsiz insanlardır. Onlar sözünün üstündə durmur. Eyni zamanda xəyanəti öz gözlərində adiləşdirir. Bilə-bilə ki, xəyanət çox ağırdır və qarşı tərəfə öldürücü təsir edir, yenə də bu hərəkətlərini adiləşdirirlər”.
V.Rəşidova qeyd edir ki, xəyanət edən kişilərin bir qismi şüurlatı olaraq həyat yoldaşından qisas alır: “Belə adamlar ailə həyatında nədənsə narazı olur. Bu problemi, onu narahat edən məqamı evində çözməyib, bunu xanımı ilə həll etmədən, əsəbləşir, öfkəli olur, daxilində qərar verərək bunun hesabını xəyanətlə verir. İnsanın nə qədər psixoloji problemi olmalıdır ki, xəyanət kimi addımı atsın. Birinci növbədə bəy və yaxud xanım xəyanət etməzdən öncə özünün davranışlarına, ailəsinə nəzər salmalıdır. Yəqin ki, hər iki tərəfdə də səhvlər olur. Bilərəkdən, bilməyərəkdən də insan səhv edə bilər. Amma bu səhvi nə özünə, nə qarşı tərəfə bildirib çözmədən addım atırsa, xəyanətə gəlib çatır. Əgər, ailədəki problemi birlikdə çözərlərsə, birlikdə problemin kökünü taparlarsa, təbii ki, bunun sonu xəyanətlə bitməyəcək. Yox, bunun üçün tənbəllik edib “Əşşi, onsuzda o, məni başa düşməyəcək. Nə bilir mən nə istəyirəm” desə, əlbətdə ki, bunun sonu xəyanət olacaq. Bu kişiyə də, qadına da aiddir.
Əgər ər və arvad arasında istəksizlik, sevgi doyumsuzluğu varsa, eyni zamanda intim münasibətlərdə tələbatlar ödənmirsə, yenə bunu birlikdə danışıb çözməlidirlər. Xəyanət edən insan bilməlidir ki, özünə xəyanət edir. Bu psixologiyada belə başa düşülür ki, insan özü-özünü cəzalandırır. Qadının xəyanəti ilə kişinin xəyanəti eynidir. Təəssüflər olsun ki, cəmiyyətdə kişilərin xəyanət etdiyini bir “diaqnoz” kimi deyirlər. Buna adi baxanlar da olur. Yazzıq kişilərin adı çıxıb. Qadınlar da xəyanət edirlər. Sadəcə bu şeylər gizli saxlanılır. Amma dillərə düşmüş bir söz var: “Kişilər xəyanət edir”. Kişilər xəyanəti təbii ki, qadınla edir. Deməli, qadın da xəyanət edir. Qadınlar bunu incə şəkildə gizlətməyi bacara bilirlər. Kişilərsə bunu gizlətməyi bacarmır. Ola bilsin qadınlar daha çox xırdalıqlara fikir verir və kişinin xəyanət etdiyini araşdırıb öyrənirlər. Kişilərin gücləri çatmır ki, öz hisslərini gizlətsin və onların xəyanəti ifşa olunur”.
Psixoloqun dediyinə görə, qadınlar həyat yoldaşlarından narazı olduğu üçün xəyanət edir: “Qadın ərindən narazı ola bilər. Amma mükəmməl insan yoxdur. Ona narazılığını bildir. Düzəlməyə şans ver. Eləcə də, özgüvənsizliyə görə yaranan xəyanətlər daha dəhşətlidir. Evində ailə üzvünə sözünü deyə bilmir. Özündə güc tapıb əri ilə problemini çözə bilmir. Ərindən xəyanət edərək acıq çıxır. Xəyanət etməyə isə özündə güc tapır. Paradoksa baxın!
Xəyanətin səbəblərindən biri də həyat yoldaşının sağlamlığında bir problemin olmasıdır. Xanımın və ya bəyin gücü çatmır, yoldaşını təmin edə bilmirsə, bu hallarda da xəyanət baş verir. Əlbətdə ki, bu hər kəsə aid deyil. Amma xəyanətin bir növü də tərəflərdən birinin xəstə olması ilə bağlıdır”.
O, bildirir ki, insan xəyanət etməsin deyə onun üçün mənəvi dəyərlər, ailə bağları önəmli olmalıdır: “Düşünməlidir ki, həyat yoldaşının etibarını, inamını bir dəfə qırsa, həyat yoldaşı daha əvvəlki kimi ona münasibət bəsləməyəcək. Ailələri dağıla bilər. Uşaqlar varsa, ağır travma yaşayar. Xəyanətdən qorunmaq üçün düzgün ailə modelinin formalaşdırılması çox önəmlidir. Ümumiyyətlə, bir insan üçün ailəsi müqəddəsdirsə, xəyanət etmək onun üçün ölümə bərabər olur. Xəyanət ona dözülməz bir əzab, işgəncə kimi gəlir”.
Aynurə Məmmədova