Müəyyən vaxtda icra edilməsi planlaşdırılmış bir işin təhvil tarixi uzandıqca, onu növbəti günə, başqa bir tarixə kimi təxirə salmağı əksəriyyətimiz sıradan, zərərsiz bir vərdiş kimi sahiblənmişik. Bu vərdiş daha çox məktəb, universitet illərində formalaşır – bir yaxın dost, həmkar görüb söhbətə girişir, ya da xəyalları sulaya-sulaya kitabları vərəqləyir, qəşəng bir qız və ya oğlan görəndə, onun diqqətini çəkmək üsulları düşünür, ya da dostlarla mesajlaşaraq, axşama əyləncə məkanı təyin edirik. Həmin gün kitabxanaya aparan səbəb isə tamamilə arxa plana düşür. Və təcrübələr göstərir ki, təxirə salındığı üçün üst-üstə yığılan işlər bir müddət sonra öhdəsindən gələ bilməyəcəyimiz qədər çoxalır. Hələ də bizim kimi “təslim tarixi” qoyulan yazılarla işləyirsinizsə…
Bu təxirəsalma problemi tarixi baxımdan heç də yeni deyil. Hamletin (Şekspirin qəhrəmanı – red.) hərəkətə keçmək üçün nə qədər gözlədiyini xatırlayın. Yaxşı ki, Hamlet XXI əsrdə yaşamırdı. Yoxsa problemlərini “facebook” və “twitter”də dostları ilə paylaşıb, şərhləri cavablandırar və onsuz da ləngiyən addımlar bir az da gec atılardı. Yəqin ki, TS Eliot Hamletin ədəbi uğursuzluq, bədii tükənmişlik nümunəsi olduğunu iddia edərkən, ən çox bu təxirəsalma xəstəliyini əsas götürüb. Eliot yazır ki, Danimarka şahzadəsinin yaşadıqları və duyğuları bir-birilə əlaqəsiz və qeyri-mütənasibdir. Müəllifin fikrincə, Hamletin davranışları duyğuları ilə üst-üstə düşmədiyindən oxucular onunla empatiya qura bilmirlər. Düzdür, mən bu fikirlərlə, ümumiyyətlə, razılaşmıram.
Məncə, “Hamlet” əsrlərdir dünyanın “izlənməyə layiq” dram əsərlərindən biridir. Çünki, tələbə, gənc olsun, ya da olmasın – hamı qərar verə bilməməyin, hərəkətə keçməklə ətaləti qorumaq arasında qalmağın, qarşıda duran vəzifənin icrasını təxirə salmaq üçün bir-birindən “əsaslı” bəhanələr uydurmağın necə bir duyğu olduğunu bilir. Yəni, oxucuların özlərini Hamletin yerinə qoyması, onu anlaması heç də çətin deyil.
Kalqeri Universitetinin sosiologiya bölməsinin professoru Piyers Stilin asistent, elmi işçi və tələbələrdən ibarət nəhəng komanda ilə apardığı araşdırma nəticəsində məlum olub ki, 95%-miz bizə sıxıcı, çətin gələn, lakin icrası məcburi olan işləri təxirə salmaq üçün hər dəfə bir çıxış yolu tapırıq. Çikaqonun DePaul universitetinin professoru Cozef Ferrarinin başçılıq etdiyi araşdırma heyəti isə dünya əhalisinin 20%-nin xroniki olaraq, hər şeyi təxirə saldığını, heç bir işi planlaşdırılan vaxtda icra etmədiyini açıqlayıb.
Bəli, rəqəmlər ürküdücüdür. Çünki hər şeyi təxirə salaraq, görülməli işləri depolamaq və bunun öhdəsindən necə gələcəyini düşünmək insana əlavə gərginlik, stress gətirir. Buna görə də, təxirəsalma xəstəliyinə tutulanlar hər işini zamanında görənlərdən daha zəif, daha ümidsiz, daha yoxsul və daha əsəbi olurlar. Elə hərə özünü nümunə götürsün – bir işin öhdəsindən gəlib, onu təhvil verərkən insan həmin işin məsuliyyətindən, məsuliyyətin gətirdiyi gərginlikdən, yükdən arınır. Buna görə də hər işi vaxtında başlayıb, vaxtında bitirənlər özünəinamlı və rahat olurlar.
İşin ən pis tərəfi isə bu təxirəsalmaların “həyati” olduğunu düşünmək üçün özümüzün-özümüzə sırıdığımız və tərixəsalmaların nəticəni dəyişmədiyini iddia etdiyimiz yalanlardır. Məsələn, hansısa bir işi son gün, son saat təzyiqinin stresi altında daha yaxşı icra etdiyini, onda nəticənin daha yaxşı olduğunu deyənlər tamamilə yalan danışırlar. İnsan tələsəndə daha çox səhv edir. Bu, yazı yazanda da belədir, oğurluq edəndə də, cinayət işləyəndə də…
Ədəbiyyat təxirəsalmalarla birlikdə müəllifdən ideyaları, ifadələri, duyğuları da alıb, aparır. Amma bəzi cəmiyyətlərdə (daha çox inkişaf etməmiş və ya inkişafda olan ölkələrdə) və peşə sahələrində (dərzilik, təmir, müəllimlik və s.) işi gecikdirmək, təxirə salmaq normal qarşılanır. Lakin, İngiltərə kimi sürətli qərarvermə və icraetmə bacarıqlarının xüsusi rəğbət gördüyü ölkələrdə təxirəsalmadan əziyyət çəkən adamın uğur qazanması, ön plana keçməsi çox çətindir. Qərar verməkdə çətinlik çəkən, düzgün zaman idarəetmə və planlaşdırma bacarıqları olmayan bu tip insanlar inkişaf etmiş cəmiyyətlərdə “enerji dinozavrları” kimi qəbul edilir və iş verənlər birmənalı şəkildə bu qrup adamlardan qaçırlar. Elə ədəbiyyat sahəsində də ingilisdilli ölkələrin yazarlarının produktivlik və mükafat toplama göstəriciləri də bunun sübutudur.
Belə çoxbilmiş kimi danışmağıma baxmayın. Mən də təxirəsalma xəstəliyindən əziyyət çəkənlərdən biriyəm. Bu problemlərin hamısı ilə qarşılaşdığım üçün əminliklə yaza bilirəm. Məni ədəbiyyata da “öz işimin ağası olmaq” fikri həvəsləndirdi. Amma indi burada zamanla ayaqlaşa bilməməkdən daha çox əziyyət çəkirəm. Heç vaxt bankdan gələn məktubları aldığım anda oxumamışam. Mövzu yerində “təcili” yazılan emaillər belə cavablanmaq üçün 3-4 saat gözləməli olur. Dörd il bundan əvvəl vergi üçün forma doldurmağa çağırılmışam. Hər il də çağırılıram, hələ də getməmişəm. Və BBC-dən “təslim tarixi” gəlməyincə, yazmağa başlamıram.
“Avtostopçunun bələdçisi”nin müəllifi Duqlas Adamsın təslim tarixləri haqqında dedikləri eynilə mənimçün də keçərlidir: “Təslim tarixlərini sevirəm. Qeyd edilən o tarixlər keçəndə komputerdən çıxan o “puff” səsini də”.
Əlbəttə ki, bu “puff” səsini sevməyənlər daha çoxdur. Hər işi vaxtında görən, həqiqətən də həyati əhəmiyyətli bir səbəb olmadıqca, heç bir tapşırığın icrasını başqa bir vaxta keçirməyən, məsuliyyətli olmaları ilə hamı tərəfindən hörmətlə qarşılanan “dəqiq” tiplər əsla bizi və xilas ola bilmədiyimiz bu xəstəlikdən yaşadığımız çətinlikləri anlaya bilməzlər. Etiraf edim ki, müsahibələrində hər gün eyni saatda durub, hər gün yazmaq vərdişinə əməl etdiyini deyən və uğurunu intizama borclu olduğunu dilləndirən yazarlara qibtə edirəm. Bəli, qibtə edirəm.
Bizim isə göz yaşlarımız axıb, sel olur, milyonlarla yalan danışırıq, işimizi itirir, kirayə evlərdən qovuluruq, amma bu xroniki xəstəlikdən xilas ola bilmirik. Sanki bu lənəti dəyişmək mümkün deyil.
Bəzi psixoloqlar isə bunu “davranış pozuntusu” adlandırır və yaşanan travmalarla əlaqələndirir. Artıq getdikcə daha çox yayılmağa başlayan bu problem üzərində ciddi-ciddi işləyən bir qrup elm adamının olması sevindiricidir.
Pyers Stil apardığı araşdırmanın sonunda ağlabatan bir məsləhət verir – tapşırıqları təxirə salmağa meyilli adamlar görülməli işləri lap xırda hissələrə ayırıb, bu xırda hissələr üzərində mütəmadi işləyərsə, zamanla problemin öhdəsindən gələ bilərlər. Onun üçün demək asandır.
Təklif edilən digər üsul isə təbiətində xəsislik olanların işinə yaraya bilər – işə başlamadan bir dostunuza “kassanızdakı pul”u verin və tapşırılan işi tamamlamayınca pulunuzu əsla qaytarmamasını tapşırın.
Məndə bunların heç biri işə yaramadı. Xəstəlikdən xilas ola bilmədiyimi şüurlu şəkildə dərk edəndə, ondan qaynaqlanan problemlərin öhdəsindən gəlmək yolunu seçdim – işi başqasına gördürdüm. Kiçik məbləğ qarşılığında vergi məsələlərimi həll etməsi üçün iqtisadiyyat fakültəsindən yeni məzun olmuş biri ilə iş müqaviləsi imzaladım. Bütün işlərin öhdəsindən layiqincə gəldi. Bu iş həll olunduğu üçün xoşbəxtəm.
İkinci üsulu isə psixoanalitik Suzi Orbak ilə tanış olandan sonra formalaşdırdım. Orbak bunun yeniyetməlikdə aldığım travmalarla bağlı olduğunu dedi. Onun səbəb kimi irəli sürdüyü şeylər həqiqətən də mənim həyatımda baş vermişdi. Artıq yetkinlik yaşıma girdiyim gündən 25 il keçir. Və 25 ildir ki, mən yetişkin insan olmaqdan, belə davranmaqdan imtina edirəm, qaçıram. Buna görə də yetkinliyin özü ilə birgə gətirdiyi məsuliyyət və vəzifələri icra etməkdən də boyun qaçırırdım. Bir sözlə, yeniyetmə dövründən qalmış çox vaxt yuxulu, uyuşuq, dərs tapşırıqlarından can qurtarmağın yollarını axtaran xarakterimi bir addım da irəliyə apara bilməmişdim.
Psixoanaliz zamanı bunu bütün aydınlığı ilə gördüm – iki övladım, müqavilə imzaladığım nəşriyyatlar, qonorarı ilə ehtiyaclarımı qarşılayacağım yazılar var idi. Bunlardan qaça bilməzdim. Məsuliyyətlərimi bir-bir icrasına başladım, ən azından bu haqda düşünməyə başladım. Bir müddət bunu düşünmək təxirəsalma xəstəliyini dözüləsi hala gətirdi.